Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 14:36:00
Avropanın bəzi ölkələrində məktəblər bağlanır

Avropada peyvəndləmə kampaniyasının gecikməsi fonunda bir çox ölkələrdə yoluxmaların sayı artır.

 

AzEdu.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında deyilir. Buna görə də mümkün üçüncü dalğanın qarşısını almaq məqsədilə hökumətlər sərt qapanmaları yenidən geri qaytarırlar.

 

Fransa ən azı aprelin sonunadək məsafədən təhsilə keçir

 

Avropanın ən böyük üçüncü ölkəsi olan Fransada sayca üçüncü qapanma qüvvəyə minir və bununla da məktəblər bağlanır. Ölkədə yeni məhdudiyyətlər tətbiq olunur. Gələn həftədən etibarən məktəblər bağlanır və ən azı aprelin 26-dək məsafədən təhsilə keçirilməsi planlaşdırılıb. Bütün ölkə ərazisində saat 19:00 – 06:00 aralığında komendant saatı tətbiq olunduğu üçün vətəndaşlara yaşadıqları ərazini tərk edərək uzaq məsafəyə getmək qadağan olunur.

 

İtaliya növbəti dəfə məktəbləri bağlayır

İtaliyada da eyni vəziyyət yaşanmaqdadır. Belə ki, Pasxa ərəfəsində ölkə tamamilə qapanmaya gedir. Roma və Milan şəhərləri də daxil olmaqla, ölkənin çox böyük bir hissəsində mağaza, restoran və məktəblər bir daha bağlanır və 3 gün (3-5 aprel tarixlərində) ölkə ərazisinin hər yerində tamamilə qapanma qüvvəyə minir. İnsanlardan işə getmək, səhhətlərində yaranmış problemlər və çox vacib hallardan başqa evdən çıxmamaq ciddi şəkildə tələb edilir.

 

Sloveniyada məktəblər 10 gün bağlı olacaq.

Sloveniyada 1 apreldən 11 aprelə qədər bütün uşaq bağçaları, məktəblər və universitetlər fəaliyyət göstərməyəcək. Xidmət sektoru müəssisələrindən ərzaq dükanları, apteklər, banklar, poçt şöbələri, yanacaqdoldurma məntəqələri və avtomobil xidmətləri fəaliyyətinə davam edə biləcək. Eyni ailənin üzvü olmayan insanların hər hansı yığıncaq və görüş keçirməsi qadağandır. Ölkədə saat 22: 00-dan 05:00-dək tətbiq olunan komendant saatı da qüvvədə qalır.

 

Ukraynanın paytaxtı Kievdə aprelin 5-dən yeni məhdudiyyətlər qüvvəyə minir. 

Kiyev meri Vitali Kliçko, aprelin 5-dən etibarən paytaxtda məktəblərin, uşaq bağçalarının bağlanması və ictimai nəqliyyata çıxışı məhdudlaşdırılması ilə sərt məhdudiyyətlərin tətbiq olunacağını açıqlayıb. Məhdudiyyətlərin ən az 16 aprelə qədər davam edəcəyi planlaşdırılır. Bütün ictimai nəqliyyat - həm yerüstü, həm də metro həyati əhəmiyyətli müəssisələrin işçiləri üçün xüsusi icazə sistemi ilə işləyəcək.(Qafqazinfo)