Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 12:48:00
 “Son dərəcə ciddi, həyatı əhəmiyyətli  rəsmi sorğunu məzhəkəyə çevirmək nə deməkdir?!”  – Sədr müavini

 

 

Bu sözləri AzEdu az.-a Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov mövcud pandemiya şəraiti səbəbindən növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqinin planlaşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib:

 

Artıq, xəbər verdiyimiz kimi, pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 000- dən çox rəy qəbul edilib.

 

Təhsil Nazirliyinə istinadən verilən xəbərə əsasən sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi məqbul hesab edib. 11.3 faizi isə "Digər" bəndini seçib.

 

Sədr müavini bu kimi sorğuların keçirilməsini təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin bərqərar olması, ümumi ictimai rəyin öyrənilməsi, ictimaiyyətin fikrinin qərar qəbulunda nəzərə alınması, habelə məsuliyyətin bölüşdürülməsi baxımından da lazımlı və faydalı olmasını vacib hesab edir, məsələyə birmənalı yanaşılmamasını təbii hal kimi qiymətləndirir:

 

“Lakin məsələnin mahiyyəti heç də, təkcə bu deyil. Dəfələrlə qeyd edilsə də distant təhsil məqsəd deyil, vasitədir, bununla belə övladlarının sağlamlığından narahat olanların, həm də distant təhsilə sərt təpki göstərməsi heç cür başa düşülən deyil. Halbuki, ya keyfiyyət, ya da sağlamlıq barədə düşünülməlidir, hər ikisini birdən və bir arada həll etmək praktiki cəhətdən mümkündürmü?

 

Hələ bu hamısı deyil! Son dərəcə ciddi və həyatı əhəmiyyətə malik rəsmi sorğunu məzhəkəyə çevirmək, bir-birinə söz atmaq, öz ətrafına öz səviyyəsində olanları toplamaqla liderlik iddiasına düşmək, ucuz yolla bəyənmə qazanmaq nə deməkdir?!

 

 Utancverici haldır ki, bu tragikomediyanın oyunçuları valideynlər, sıradan olan vətəndaşlar deyil, məhz bir para dırnaqarası müəllimlər və özünü təhsil eksperti qismində təqdim edənlər, onların bəzi havadarlarıdırlar.

 

Teledərslərin, "Virtual məktəb", eləcə də digər onlayn platformaların effektivsizliyini qabartmaq, mövcud imkanlar daxilində görülən işlərə kölgə salmaq əvəzinə, xüsusi canfəşanlıq edənlər, bəlkə tədrisin təşkilinə dair daha optimal və səmərəli yol göstərələr, əlavə resuslar axtarışı ilə məşğul olalar. Yoxsa, elə təəssürat yaranmasın ki,bu problemlə üzləşən bütün dünya deyil, təkcə bizik.  

 

Hələ ki, pandemiyanın artım dinamikasi, yeni mutasiyaların yayılması, digər sanitar epidemioloji təhlillər, sorğuya əsasən çoxluğun tədrisin distant formada olmasına tərəfdar çıxması nəzərə alınaraq, növbəti həftədən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək.  Vəziyyət nəvaxtadək belə davam edəcək, bunu zaman göstərəcək.

 

Ümid edək ki, çox kecməz yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsi bəhs etdiyimiz regionlara da bütövlüklə şamil edilər, Ən pis halda belə, hər iki mövqe (distant və ənnənəvi) tərəfdarlarını təmin edə biləcək ortaq hibrid variantının tətbiqi yenidən qüvvəyə minər.

 

Hələ ki, vəziyyətdən çıxış yolunu şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşmada görürəm.Əks halda, repetitor və kurslara üz tutan şagirdlərin məktəbə çəlb edilməsi və adaptasiya olunmasnda müəyyən problemlərlə üzləşməli olacağıq...

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları