Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-02 10:23:00
BŞTİ ilə AzEdu.az-ın ortaq layihəsində direktor qonaq: "Koronavirus   təcrübədən keçirilməyən onlayn tədrisi bərpa etdi"

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin növbəti qonağı Bakı şəhəri 30 nömrəli tam orta məktəbin direktoru Rübabə Abdullayevadır.

 

Dövrümüz sürət dövrüdür. Sürətli öyrənmək, sürətli düşünmək, sürətli paylaşmaq və əlaqə yaratmaq. Hər işdə qarşıya qoyulan əsas məqsədimiz nəticəsini daha qısa zamanda əldə edə biləcəyimiz üsullar axtarmaqdır. Hazırki yaşadığımız dövrdə qarşılaşdığımız hadisələrdən öncə xəbərdar olmaq imkanımız olmadığı üçün hər zaman istənilən situasiyaya uyğun adekvat addım atmağı bacarmalıyıq. Necə ki, bütün dünyanı bürüyən koronavirus pademiyası heç gözləmədiyimiz anda bütün sahələrə, eləcə də təhsil sahəsinə öz təsirini göstərdi. Koronavirus pandemiyası səbəbindən məktəblərdə tədrisə fasilə verildi. Mövcud vəziyyətdə çıxış yolu kimi Azərbaycan Respublikası təhsil sistemi uzun zamandır ki, müzakirə edilən amma təcrübədən keçirilməyən onlayn tədrisi bərpa etdi. Bu mərhələdə ən uğurlu və sevindirici hal isə tədrisə verilən fasilənin qısa zamanda yenidən bərpası oldu. Mövcud vəziyyətdə Azərbaycan Respublikası Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq əmrlər hazırladı. Məktəb direktoru olaraq, bizim də vəzifəmiz rəhbəri olduğumuz təhsil müəssisəsində müvafiq əmr və təlimatların icrasını təmin etməkdən ibarətdir.

 

 

Hazırda da bu tapşırıqlara istinad edərək müəssisəmizdə bir çox qaydalar tətbiq edirik. Məlum olduğu kimi fevralın 1-dən ibtidai siniflər və məktəbəhazırlıq qrupları, fevralın 15-dən isə V-IX siniflərdə əyani tədris forması bərpa olundu. Təhsil ocaqlarında yeni dərs mühitinin yaradılması qaçılmaz idi. Ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı müvafiq qərarlara əsasən məktəbimizdə bir çox işlər görüldü. Giriş qapılarının sayı artırıldı, dərslərin başlama saatları dəyişdirildi, dərslərarası fasilə zamanı sıxlıq olmaması üçün cədvəllər tənzimləndi. Mütəmadi olaraq şagirdlər təhsil ocağına daxil olmazdan öncə, rəhbərlik tərəfindən onlarla maarifləndirici söhbətlər aparılır və gigeyenik qaydalara necə əməl etməli olduqları barədə məktəblilərə məlumatlar verilir.

 

Hər gün məktəbə daxil olan şagirdlərin əlləri dizenfeksiya edilir. Məktəbin giriş nöqtələrindən sinif otaqlarına kimi dəhlizdə 1,5 metr intervalla yerləşdirilmiş “Məsafə saxla” sözlərinə riayət etməklə şagirdlər siniflərə daxil olurlar. Sinif otaqlarında bütün qaydalara riayət olunur, müəllimlər sipər və maskalardan istifadə edir, “Təmiz əllər, sağlam beyinlər” devizi altında şagirdlərlə davamlı təmizlik barədə söhbətlər aparılır. Məktəbin dəhlizlərində, sinif otaqlarında, sanitar qovşaqların girişlərində maarifləndirici lövhələr yerləşdirilib. Dəhlizdə xüsusi karantin rejimi dövründə bilməli və əməl etməli olduğumuz qaydaların əks olunduğu guşə yaradılıb. Sinif otaqlarında xüsusi karantin rejimi ilə bağlı tələb olunan qaydaları ibtidai sinif şagirdləri üçün daha anlaşılan etmək məqsədilə elektron lövhələrdə maraqlı çarxlar hazırlanıb və şagirdlərə təqdim edilib. Bundan əlavə rəhbərlik etdiyim təhsil müəssisəsinin şagirdləri bir sıra müsabiqələrdə, o cümlədən, “Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsi, “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəsi və “Sabahın alimləri” X respublika müsabiqəsində fəal iştirak edərək bir sıra uğurlara imza atıblar. Şagirdlərin əyani dərslərə cəlb olunmasının könüllülük prinsipinə əsaslandığını nəzərə alaraq, valideynlərin imzalamağı üçün iltizam sənədləri (Forma 1 və Forma 2) hazırlanıb valideynlərə təqdim edilib. Onu da qeyd edim ki, həmin sənədlərin toplanması və təhvil alınması məsul şəxslər tərəfindən aparılır. Keçən tədris ilindən təcrübəsini qazandığımız distant təhsil əyani təhsillə bərabər aparılır. Fikrimcə distant təhsilin bizə və şagirdlərə müsbət təsirləri çoxdur. Ən əsası günün aktual tələblərindən biri olan informasiya bacarığının təkmilləşməsi üçün bizə kömək etmiş olur. Məlum olduğu kimi pandemiyanın başlandığı gündən təlim-tərbiyə prosesinin ləngiməməsi üçün yaradılmış “Virtual Məktəb” platformasından şagird və müəllimlərimizin qeydiyyat prosesi təmin edilib.

 

BŞTİ tərəfindən şagirdlərin “Virtual məktəb” platformasında iştirakı və müəllimlərin təlimlərə cəlb edilməsi, distant dərslərə xüsusi nəzarət etməsi müəllim və şagirdlərdə məsuliyyətin artmasına səbəb olub. Hazırki əyani təhsilin davam etdiyi müddətdə, “Virtual məktəb” platformasından məktəb kollektivi də səmərəli istifadə edir. Belə ki, Pedoqoji Şura iclasları, məktəb psixoloqu tərəfindən şagirdlərlə “Psixoloq saatı”, istedadlı şagirdlərin qabiliyyət və bacarıqlarının aşkar edilməsi məqsədilə təşkil olunan müsabiqələr və başqa bu kimi toplu halında olan görüşlərimiz bu platforma üzərindən həyata keçirilir. Tədris prosesi zamanı rəhbəri olduğum müəssisədə müəllimlərin təşkilatçılığı ilə keçirilən kiçik qruplu tədbirlərdə iştirak edirəm. Belə tədbirlərdən biri “Güclü imunitet üçün meyvələri tanıyaq və mütamadi qidamızda istifadə edək” devizi ilə şagirdlərin təqdimatında keçirilib. Tədbirdə uşaqlara meyvələrin faydası haqqında məlumatlar verilib. Şagirdlərlə istər onlayn, istərsə də əyani tədris prosesi zamanı çatdırmaq istədiyimiz əsas məqam ondan ibarətdir ki, məsafə bizim müəllim, şagird, valideyn münasibətlərimizə, həmçinin təhsil ocağının verdiyi bilik və şagirdin öyrənmə bacarıqlarına heç bir maneə yaratmamalıdır. İstənilən vəziyyətdə biz tədrisin davamlılığını təmin etməli və şagirdlərimizin dərsdən yayınmamasına çalışmalıyıq. Uşaqları məktəbsiz, məktəbi uşaqlarsız təsəvvür etmək mümkün deyil. Çünki müasir təhsilin ilk tələbi budur ki, məktəb təkcə bilik, yaddaş formalaşdıran məkan deyil, məktəb şagirdlərin cəmiyyətə hazırlandıqları kiçik bir dünyadır. Onlar maksimum hərəkət etməli, qaçmalı, oynamalı, gülməli, əylənməlidir. Psixoloji durumları, əhval-ruhiyələri yüksək olmalıdır. Buna görə də hər birimiz təhsil işçisi olaraq üzərimizə düşən vəzifələrin öhdəsindən layiqli şəkildə gəlməli və öncə hər kəsin sağlamlığını düşünərək əyani tədrisin davamlılığını təmin etməliyik. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi ”İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları