Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 11:14:00
Qubadlının ən yaxşı məktəbləri – RTŞ rəhbərinin dili ilə - Rubrika

 

 

Təhsil sahəsindəki islahatlar, həyata keçirilən tədbirlər həm tədrisin yenilənməsinə, həm də keyfiyyətinin yüksəlməsinə şərait yaradıb.

 

Bu isə, ilk növbədə ali məktəblərə qəbul imtahanlarının nəticələrində özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşır.

 

Bu ilin qəbul prosesində də ciddi nəticələrə imza atan məktəblər olub. Onların bir qisminin tarixində isə bir ilk qeydə alınıb-həmin məktəblərin bir sinfinin bütün məzunları tələbə adını qazanıblar. Bu qəbildən olan orta məktəblər sırasında paytaxt məktəbləri ilə yanaşı, bölgə məktəbləri də var.

 

 

Bu məqsədlə Rayon təhsil şöbələri ilə əlaqə saxlayaraq bölgə məktəblərinin ən fərqlənənlərini öyrənib ictimaiyyətə çatdıracağıq.

 

Təqdim edəcəyimiz bölgə Qubadlı rayonudur. Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov AzEdu.az-a verdiyi açıqlamaya əsasən, aşağıdakı məktəblər rayon üzrə müvafiq göstəricilərinə görə fərqlənir. Həmin siyahını təqdim edirik:

 

 

 

“Qubadlı işğal edilməzdən əvvəl rayonda 61 ümumi təhsil müəssisəsi vardı. Onların 33-ü tam orta, 16-sı ümumi orta, 12-si ibtidai məktəb idi. Hal-hazırda isə rayonda 31 tam orta və 1 ümumi orta məktəb fəaliyyət göstərir ki, onlardan biri də H. Quliyev adına Çay Tumas məktəb-liseyidir”.

 

RTŞ rəhbəri məktəbin son illərdə göstərdiyi uğurları da açıqladı:

 “İstər ali məktəblərə qəbulun nəticələrinə, istərsə də IX və XI sinif buraxılış imtahanlarının nəticələrinə görə respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. Belə ki, 2017-2018-ci tədris ilində məktəb - liseyi bitirən və ali məktəbə sənəd verən məzunların 93%-i (sənəd verən məzunların 28 nəfərindən 26-sı qəbul olub), 2018-2019-cu tədris ilində 100%-i (34 məzunun hamısı qəbul olub) 2019-2020-ci tədris ilində isə 98%-i(sənəd verən məzunların 41-dən 40-ı qəbul olub) respublikanın müxtəlif ali məktəblərinə qəbul olublar. Eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə əsasən həm IX, həm də XI sinif üzrə respublikada ilk 10 məktəb içərisində öz yerini qoruyub saxlayıb. Həmçinin təhsil müəssisəsinin müxtəlif illərdə respublikanın ictimai-siyasi həyatında, eləcə də elm sahəsində, əmək cəbhəsində çalışaraq yüksək səviyyəli orden və medallarla təltif olunan məzunları var”.

 

O, müəllimləri ilə məşhur olan məktəbləri də qeyd etdi:

 

“Qubadlı rayonunun ümumi təhsil müəssisələrində təhsilverənlər içərisində öz istedadı, fəaliyyəti, uğurları ilə fərqlənən müəllimlər də az deyil. Xüsusilə H. Quliyev adına Çaytumas, S. Rəhimov adına Mahruzlu, B. Məmmədov adına Fərcan, Q. İlyasov adına Şəhər 1 nömrəli, B. Hüseynov adına Dəmirçilər, F. Mehdiyev adına Qaralar, N. Ərşadoğlu adına Dondarlı, Ş. Kərimov adına Çərəli, Ə. Əliyev adına Qəziyan, B. Mehdiyev adına Şəhər 2 nömrəli tam orta məktəblərində bu qəbildən olan müəllimlər üstünlük təşkil edir”.

 

 

RTŞ rəhbəri vurğulayıb ki,  Qubadlı rayonunun ümumi təhsil müəssisələrində məcburi köçkün uşaqlarının normal təhsil almaları üçün hər cür şərait yaradılıb, təhsilin maddi - texniki bazası möhkəmləndirilib, informasiya kommunikasiya texnologiyaları, yeni məktəb avadanlıqları ilə təchiz olunub, tədrisin yüksək səviyyədə təşkili üçün bu gün də müvafiq tədbirlər həyata keçirilir.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları