Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-27 13:56:00
Elmi kəşf və nəzəriyyələri avropalılar tərəfindən oğurlanan Azərbaycan alimləri – “Elm günü”    

Bu gün Azərbaycanda ilk dəfə olaraq, “Elm günü” keçirilir.

AzEdu.az bu münasibətlə, Azərbaycan elminə aid araşdırma xarakterli yazını təqdim edir. Burada Orta əsrlər Azərbaycan elminin gücünü görmək mümkündür:

 

Orta əsr Azərbaycan elmi və mədəniyyətinin bir sıra yetirmələri var ki, onlar Şərq intibahını yaratmaqla yanaşı, Qərb dünyasını da elmi tənəzzüldən xilas ediblər. Doğrudur, sonradan ildırım sürətilə irəli gedən Avropa hazırda bu alimləri bəyənməsə də, öz elmi bünövrəsini məhz Şərq, əsasən də Azərbaycan dühalarının hesabına qurdu.

 

Təqdim edəcəyimiz yazıda elmi yaradıcılıqları ilə Şərqlə kifayətlənməyib, Qərb dünyasına da töhfə verən Azərbaycan alimlərinin bir neçəsi haqqında danışacağıq. Əsas məqsəd isə onların kimliklərini tanıtdırmaq yox, bu dahilərin Qərb tərəfindən mənimsənilən elmi ixtira və kəşflərinə, nəzəriyyələrinə işıq tutmaqdır.

 

Bəhmənyar - “Azərbaycani” imzası ilə yazıb-yaradan ilk alimdir. Şərq elminin bayraqdarı sayılan İbn Sinanın ən üstün tələbələrindən olan Bəhmənyarın fəlsəfəyə gətirdiyi yeni yanaşmalar, idrak metodları və dialektika formaları uzun müddət Qərb nəzəriyyəçiləri və fəlsəfə tarixçiləri tərəfindən tədris obyekti olub. İbn Sina onun barəsində deyirdi: “O, mənə oğuldan artıqdır. Mən ona təlim-tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam. Bəhmənyarın dialektikanın səbəb- nəticə, təsadüf-zərurət, materiya – forma əlaqələri zəminində etdiyi yeniliklər, hətta orta çağın Avropasına da gedib çıxa bilmişdi. Çox təəssüf ki, Bəhmənyarın ilk dəfə elmə gətirdiyi dialektika qanunları Avropa filosofları tərəfindən mənimsənildi.

 

Bəhmənyarın əsas əsərləri “Təhsil”, “Məntiq”, “Metafizikanın mövzusu”dur. Azərbaycanın tanınmış şərqşünas alimi Zakir Məmmədov Bəhmənyarın Azərbaycanda tanıdılmasında önəmli iş görən alimlərdən birincisidir.

 

Ağ Şəmsəddin - çox az mənbələrdə təsəvvüf şeyxi Hacı Bayram Vəlinin tələbəsi kimi göstərilir. “Ağ” təxəllüsünü ondan alsa da, Şəmsəddin əslən Azərbaycan alimi olub. Şəmsəddin haqqında danışılarkən təkrarlanan səhvlərdən biri də onun daha çox şagirdi hesab olunan Fateh Sultan Məhmədin sayəsində tarixdə iz qoyması faktıdır. Amma əslində elə deyil. XV əsr Osmanlı imperiyasının mənəvi atası hesab olunan alim tibb və astronomiya sahəsində ən çətin kəşfləri ilə onsuz da tarixə düşəcəkdi. Şəmsəddin dünya tibb elmində mikrobu ilk dəfə çap edən alim kimi xatırlanır. Mikrob onun ixtirasından illər sonra XIX əsrdə Avropada Lui Paster tərəfindən “icad edildi”.


Nəsirəddin Tusi -
 XIII əsrin dahi zəkası və Azərbaycan elminin bayraqdarı kimi Avropanı indi də elmi nəzəriyyələrlə “təmin edir”. Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi kəşflər Qərb elminin inkişafına səbəb olub. Ən böyük kəşfi isə triqonometriya nəzəriyyəsidir.

 

Qeyd etmək yerinə düşər ki, Nəsirəddin Tusinin əsərlərində də Amerikanın müasir koordinatına uyğun quru hissəsinin olması ilə bağlı qeydlər var. Azərbaycan astronomu Həbib Məmmədbəylinin yazdığına görə, XristoforKolumbun və AmeriqoVespuçininNəsirəddin Tusinin bu əsərlərindən xəbəri olub. Avropa alimləri bunu gizlətməyə çalışsalar da, həmin səyyahların özləri tərəfindən yazılan gündəliklər bunu deməyə əsas verir.

 

Bundan əlavə “Qeyri-Evklid” həndəsəsinin banisi də Nəsirəddin Tusidir. Amma həmyerlimiz Mirzə Kazım bəyin yanlışlığı nəticəsində rus riyaziyyatçılarından biri Evklidə alternativ olan həndəsənin yaradıcısı kimi tarixə düşdü. Belə ki, böyük alimimiz Mirzə Kazım bəy Sankt-Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim Nəsirəddin Tusinin əsərlərini ona verməsini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır.

 

Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq, o əsərdəki ideyaları öz adına çıxmış və riyaziyyatda Qeyri-Evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”.

 

Başqa bir fərziyyə də Tusinin böyüklüyünü əks etdirir. İlk dəfə X-XI əsrin böyük alimi Əl Biruni tərəfindən hazırlanan qlobus, çox təəssüf ki, sonradan avropalı Martin Behaymın adına çıxarıldı. Doğrudur, onun icadını daha təkmilləşmiş, daha peşəkar iş hesab edənlər də yanılmırdılar. Amma Behaymın hazırladığı qlobusdan heç də fərqlənməyən qlobusu Nəsirəddin Tusi, məsləkdaşı ilə birgə əsasını qoyduğu və rəhbərlik etdiyi Marağa rəsədxanasında hazırlamışdı. Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də olub. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov, elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib edir.

 

Mir Mövsüm Nəvvab - XIX əsrdə yaşayan alim-mütəfəkkir, şair-filosof astronomiyanın bilicisi kimi Saturn planetinin həlqəsi ilə birlikdə maketini hazırlayan ilk alimlərdən hesab olunur. Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O, öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cismlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdi. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı.

İndi isə Azərbaycan alimləri ilə yanaşı, Qərb elmini qidalandıran və Avropa alimləri tərəfindən plagiatlığın qurbanı olan Şərq alimləri haqqında da qısa məlumat verək:

 

Fəxrəddin Razi - XII əsrin görkəmli fars filosofu tibb elminin dühalarından biri olub. O, məntiq, riyaziyyat, astronomiya sahəsində bir sıra kəşflər edib. Əsas və oğurlanmış kəşfləri isə bunlardır: cazibə qanunu (Sonradan İsaak Nyutonun adı ilə bağlanıb) insan orqanizmində qızılca və çiçək xəstəlikləri. Təəssüflər olsun ki, bu gün cazibə qanunu deyəndə ancaq Nyuton yada düşür.

 

Qütbəddin Şirazi - XII əsrin böyük filosof, təbib və diplomatı olan Qütbəddin Şirazi 1263-cü ildə İranın Şiraz şəhərində anadan olub. Nəsirəddin Tusinin ən yaxın silahdaşlarından və tələbələrindən sayılan Qütbəddin Şirazinin Qərb elminə təkan vermiş ixtirası göy qurşağının varlığı və onun elmi yöndən təsnifatıdır. Sonradan onun əsas əsərləri Şam, Bağdad kimi Şərq şəhərləri ilə yanaşı, Roma, Florensiya, London kimi Avropanın mərkəzi şəhərlərinə gedib çıxdı. Həmin nadir əsərlərdən istifadə edən İtaliya alimləri çox təəssüf ki, Tusinin bu tələbəsini xatırlamadılar.