Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-23 11:38:00
Bu il yüksək nəticə göstərən abituriyentlərin sayı az olacaq” - Ekspertdən proqnoz

DİM 11-ci siniflərin buraxılış imtahanları ilə bağlı dəqiq tarixləri açıqladı. İmtahan 6 gün ərzində müxtəlif regionlarda keçiriləcək. Apreldə baş tutacaq imtahana 1 ay qalıb. Abituriyentlər bu müddəti necə dəyərləndirməlidir? İmtahana psixoloji cəhətdən tam hazır olmaq üçün nələrə diqqət etməlidirlər? AzEdu.az təhsil eksperti Elçin Əfəndinin mövzu ilə bağlı fikirlərini təqdim edir:

 

“DİM tərəfindən Abituriyent jurnalının xüsusi buraxılışı çap olunub. Bu jurnalda imtahan mövzuları barədə məlumat verilib. Yaxşı olar ki, abituriyentlər həmin mövzularla tanış olsunlar və qarşıdakı 1 ayı təkrar üçün çalışsınlar. 1 ay ərzində hansı mövzuda zəifdirlərsə, onun üzərində işləyib mənimsəməyə səy göstərsinlər. Həmçinin qarşıdakı 1 ay ərzində DİM-in test toplularından istifadə etsinlər. Testlərlə bağlı problem yaşamamaq üçün həmin toplulardan işləməlidirlər. Qarşıdakı 1 ayı bu şəkildə dəyərləndirsələr düşünürəm ki, nəticələrinə müsbət təsiri olacaq”.

 

Ekspert builki imtahanlarla bağlı proqnozunu da səsləndirdi:

 

“Bu il də ötənilki kimi yüksək nəticə göstərən abituriyentlərin sayı az olacaq. Nəticələrin 0-100, 100-200 bal aralığında olacağını düşünürəm. 200-300 bal toplayan abituriyentlərin sayı ötənilki kimi olacaq. Baxmayaraq ki, abituriyentlər ötən ilə nisbətən bu il distant təhsilə öyrəşiblər, lakin bu o demək deyil ki, nəticələr yüksək olacaq”.

 

“Valideynlər imtahana hazırlaşan övladlarına bu kimi fikilər bildirməsinlər”

O, abituriyentlərin imtahan üçün psixoloji cəhətdən hazırlığının önəmini də vurğuladı:

 

“Abituriyentlərin imtahan prosesinə psixoloji hazırlığı üçün DİM tərəfindən videosüjetlər hazırlanıb sosial şəbəkədə yayımlanıb. Bunları izləyib müəyyən qədər psixoloji gərginliklərini azalda bilərlər. Ən vacib detallardan biri yuxu rejiminə diqqət etməkdir. Bu prosesdə abituriyentlərin valideynlərindən də çox şey asılıdır. Onlar abituriyentlərin üzərinə basqı ilə getməməli, “nəticən yaxşı olmalıdır”, “səndən gözləntimiz çoxdur” tipli cümlələr qurmamalıdırlar.

İmkan daxilində gərginliyi azaltmaq üçün psixoloqa da müraciət etmək olar”.

 

Ekspert imtahanda uğurlu nəticə əldə etmək üçün vacib məqamı da açıqladı:

 

“Abituriyentlər imtahanda sualların cavablandırılmasına ən yaxşı bildikləri fəndən başlasınlar. Bu onların nəticələrinə müsbət təsir edəcək. Həmçinin imtahan binasına vaxtında getmək, oradakı mühitlə tanış olmaq imtahan nəticəsinə təsir edən amillərdir. Abituriyent imtahanda hansısa sual qarşısında özünü aciz hiss edərsə yaxşı olar ki, həmin sualdan yan keçsin. 1 dəqiqə fikirlərini cəmləşdirdikdən sonra başqa sualı cavablasınlar”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları