Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-23 17:00:00
Yanlış fikirlərdən uzaq olmalıyıq – Ekspertdən tətil sonrası üçün vacib tövsiyələr

 

 

AzEdu.az TN yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilovun yazısını təqdim edir:

 

 

Son günlər COVID-19 azmış kimi,  martın ortalarından etibarən koronavirusun mutasiya olunmuş versiyasının, xüsusilə “Britaniya ştammı”nın ön plana çıxacağı, daha yüksək yayılma sürətinə malik olması və bunun uşaqlar üçün xüsusilə təhlükəli  olacağı barədə yayılan fikirlər  məktəblərin yenidən qapanması barədə dolaşan söz-söhbətləri bir az da aktuallaşdırıb. Nə yaxşı ki, 9 günlük bayram əhval-ruhiyyəsi araya girdi və bu  narahatçılıqda müəyyən səngimə yaratdı. Əlbəttə, belə bir həyacan başadüşüləndir və bu, təbii hal kimi qəbul edilməlidir. Bununla belə, məsələyə kimin hansı münasibətdə olmasından asılı olmayaraq,  bir daha xatırlatmaya ehtiyac hiss olunur ki, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qərarın müvəqqəti Qaydalarına uyğun tənzimlənir. Yəni, bu qərara əsasən tədris və təlim-tər biyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər.

 

Hələ ki, müəyyən lokal qapanmalar olsa da, təhsil müəssisələrində hazırkı yoluxma səviyyəsi faiz göstəriciləri baxımından elə də təhlükəli hədd deyil və bu istiqamətdə təhsil müəssisələri ilə lazımı işlər aparılır. Cəmi10 faiz məktəb distant tədrisə keçib, qalan 90 faizi isə fəaliyyətini davam etdirir.  Müəllim və texniki işlərdə çalışan əməkdaşların koronavirus əleyhinə vaksinasiyası davam edir. Bu gün hansısa bölgədə koronavirusa görə bir neçə məktəb iki həftəlik bağlanıbsa, digər bölgədə bir neçə məktəbin fəaliyəti müəyyən fasilədən sonra yenidən bərpa olunub. Vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirmək və məktəbləri qapatmaq yanlış mövqe olardı.

 

Qabaqlayıcı tədbir kimi sərtləşdirmə rejimi ilk növbədə kütləvi ictimai-iaşə obyektlərinə, xüsusilə də nəqliyyatın tənzimlənməsinə tətbiq edilməlidir. Bununla belə, təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı Nazirin canlı yayımdakı son açıqlamasında da xüsusi olaraq vurğulandığı kimi mart ayından sonra təhsilin hansı şəkildə davam etdiriləcəyi vətəndaşların davranışlarından aslıdır və bununla bağlı Operativ Qərargahla müzakirələr aparılır.

 

İstənilən halda tədrisin başlanılması ilə hələ ki şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma tətbiq olunacaq. Bir də ki, məktəblilərin yaz tətili də ümumi vəziyyətə müəyyən aydınlıq gətirə bilər. Nazrin son dərəcə lakonik tərzdə qeyd etdiyi kimi, Novruz bayramı günlərində 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada, vətəndaşlar vəziyyəti düzgün dərk edib daha ehtiyatlı davranmalıdırlar. Yoluxma sayının aşağı enməsi məktəbin fəaliyyətini davamlı saxlamağa imkan verəcək.