Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-21 11:21:00
Apreldə buraxılış imtahanı verənlərə qızıl tövsiyələr – Ekspertdən ciddi xəbərdarlıq

 

 

DİM bir neçə gün əvvəl  11-ci siniflərin buraxılış imtahanları ilə bağlı dəqiq tarixləri açıqladı. İmtahan 6 gün ərzində müxtəlif regionlarda keçiriləcək. Apreldə baş tutacaq imtahana 1 ay qalıb. Abituriyentlər bu müddəti necə dəyərləndirməlidir? İmtahana psixoloji cəhətdən tam hazır olmaq üçün nələrə diqqət etməlidirlər? 

 

AzEdu.az təhsil eksperti,  Global Teacher Prize beynəlxalq  müəllim mükafatının qalibi, ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin mövzu ilə bağlı fikirlərini təqdim edir:

 

 “Bildiyimiz kimi,  DİM  aprel ayında artıq buraxılış imtahanlarının keçiriləcəyi haqda məlumat verdi. Amma imtahan iştirakçılarına -gələcəkdə mövcud olacaq sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qrafikin dəyişdirilmə ehtimalının da olacağı haqda da bildirilib. Hər halda yaxın zamanlarda imtahanların ola biləcəyini nəzərə alaraq abituriyentlər qısa zamanı daha da faydalı halda keçirməli, məhz imtahan modeli tipli sınaq testlərini həll etməli, xüsusilə dinləmə və oxu testləri ilə əlaqəli söz bazasını genişləndirməli,  intensiv olaraq təkrar testləri nəzərdən keçirməlidirlər”.

 

Ekspert buraxılış imtahanlarına salınan dinləmə və oxu mətnlərinin önəmini də vurğuladı:

 

 “Abituriyentlərlə çalışan bir müəllim kimi və buraxılış imtahanlarına hazırlaşanlar üçün yazılmış 4 kitabın həmmüəllifi olaraq bildirmək istərdim ki, şagirlərimizin imtahan nəticələri onların qrammatika ilə yanaşı, bəlkə də daha çox dinləmə və oxu mətnlərinə əlavə vaxt ayırmağına görə müsbət yöndə dəyişə bilər.

 

Çünki   xarici dil yalnız qrammatikadan ibarət deyil, burada söz bazasının müxtəlif istiqamətlərdə müntəzəm artırılması, həmin xarici dilin dil daşıyıcılarının dinlənilməsi və öyrəndiklərini danışaraq təcrübədən keçirməsi ilə paralel aparılmalıdır”.

 

O, abituriyentləri imtahan modelinə uyğun olmayan vəsaitlərdən uzaq durmağa səslədi:

 

 “Məlum olduğu kimi hər bir imtahan özü ilə fərdlərdən asılı olaraq həyəcan və stress yaşamağınıza səbəb ola bilir. Abituriyentlər gərginliyə sipər olaraq vaxtı düzgün bölməli, yuxarıda qeyd etdiyim kimi yalnız imtahan modelini özündə cəm edən test kitablarına üstünlük verməklə əlavə və imtahan modelinə cavab verməyən test nümunələrindən uzaq olmalıdırlar. Bunlarla yanaşı mümkün qədər faydasız informasiya qəbulunu (virtual oyunlar, faydasız internetlə aktivləşən sosial şəbəkələrindən istifadə və s) azaltmalıdırlar. Bütün bunlar abituriyentlərin yüksək nəticə əldə etmələrinə psixoloji cəhətdən rahatlıq verəcək amillərdəndir. Hər bir abituriyentə imtahanlarda həyacandan uzaq olmağı və hədəfində olduqları yüksək nəticələrə catmağı arzu edirəm”!

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları