Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 14:08:00
“WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti oriyentasiya və təlim proqramında iştirak etdi

“WorldSkills International” (WSI) təşkilatına üzvlük çərçivəsində “WorldSkills Azerbaijan” platformasının nümayəndə heyəti ilə rəsmi oriyentasiya və təlim proqramına start verilib. Üç gün davam edəcək proqramda Azərbaycanın WSI təşkilatındakı rəsmi nümayəndəsi, texniki nümayəndəsi və texniki nümayəndənin köməkçisi iştirak edib.

 

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, proqram zamanı iştirakçılara WSI təşkilatının strukturu və məqsədləri, nümayəndə heyətinin rollarına görə vəzifələri və beynəlxalq bacarıq olimpiadalarının təşkil olunma prosesi haqqında məlumat verilib.

 

Qeyd edək ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli bir platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. “WorldSkills” hərəkatına qoşulmaq Azərbaycana bacarıqlı gənclərdən dünya standartlarına və əmək bazarının tələbinə uyğun peşəkarlar yetişdirməyə, eləcə də həmin standartların təhsil sisteminə tətbiqinə xidmət edir.

 

Bununla yanaşı, təşkilat bacarıqlı gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır. Növbəti bacarıq olimpiadası 2022-ci ilin oktyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək. Azərbaycanın həmin yarışlarda üç bacarıq istiqaməti üzrə təmsil olunması nəzərdə tutulub.