Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 16:31:00
Xüsusi hallarda təhsil işçilərinin hər zaman ehtiyat planı olmalıdır – Direktordan ÇAĞIRIŞ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin növbəti qonağı Bakı şəhəri 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynlidir.

 

 Rəhbərlik etdiyim məktəbdə hər zaman önəm verdiyim məsələ hesabatlılıq, məsuliyyət və şagirdlərin təhsildən yayınmaması prinsipləri əsasında qurulub. Son zamanlar bütün dünyaya yayılmış koronavirus pandemiyası bir daha öz işimə məsuliyyətlə yanaşmağı və təhsilin davamlı təşkili üçün qəbul edilmiş müvafiq qərarlara, verilən tapşırıqlara maksimum əməl etməyin vacibliyini bir daha sübut etdi. Pandemiya dövründə dövlətin verdiyi qərarlar sayəsində təhsilalanların təhsildən geri qalmaması, təhsilin əlçatanlığının, fasiləsizliyinin təmin olunması kimi çox ciddi sınaqlardan ölkəmiz üzüağ çıxdı. Hər kəsin təhlükəsizliyini təmin etmək üçün tədris prosesi onlayn qaydada davam etdi. Belə ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin ən peşəkar müəllimlərinin təqdimatında “Mədəniyyət” və "ARB Günəş" telekanallarında teledərslər yayımlanmağa başladı. Müəllim və şagirdlər ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”də tədrisin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən imkanlardan faydalanmaq şansı əldə etdilər. Məktəb rəhbəri olaraq mövcud vəziyyətdə keyfiyyətli tədrisin təşkili üçün kollektivlə birgə müvafiq işlər gördük. Şagirdlərin maxsimum sayda distant təhsilə cəlb edilməsi, xüsusi ilə internetə çıxış imkanı olmayan məktəblilər üçün təhsilin əlçatanlığını təmin etmək hər zaman əsas hədəflərimizdən olub. Fədakar müəllimlərimiz ailələrlə əlaqələr quraraq, valideyn dəstəyindən istifadə etməklə uşaqların teledərsləri izləməsini təmin ediblər. Sinif rəhbərləri tərəfindən şagird və valideynlərə müvafiq psixoloji dəstək də verilib. Bu işdə əlbəttəki Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanan videoçarxların da böyük rolu olub. Həmin videoçarxların sosial şəbəkələr (teleqram, whatsapp və s.) üzərindən şagird və valideynlərə göndərilməsi, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət veriməsində və qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığın artırılmasında mühüm rol oynayıb. Artıq 2021- ci ilin fevralın 1-dən ibtidai və məktəbəhazırlıq qruplarında, fevralın 15-dən isə ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədris prosesi bərpa olunub. Şagirləri təhsil müəssisəsində qarşılamazdan öncə müvafiq hazırlıq işləri gördük. Məktəb dizenfeksiyaedici məhsullarla təmin edildi. Bir sözlə şagird və müəllimlərimizin sağlamlığı üçün lazım olan bütün qabaqlayıcı tədbirlər həyata keçirildi. Hazırda da təhsil iştirakçılarının sağlamlığının və təhlükəsizliyinin qorunması əsas məsələ kimi diqqət mərkəzində saxlanılır. Koronavirus infeksiyasından qorunmaq üçün profilaktika və ehtiyat tədbirləri barədə məktəblilərə mütəmadi olaraq məlumatlar verilir. Məktəbin şagird, müəllim və valideyn heyəti xüsusi karantin rejimi dövründə təhsil müəssisəsində davranış qaydaları ilə tanış edilir. Məktəbin dəhlizlərində pandemiya qaydalarını əks etdirən bülletenlər asılır, sinif otaqlarında, dəhlizlərdə, sanitar qovşaqlarda tez-tez dezinfeksiya və təmizlik işləri aparılır. Təhsil müəssisəsinə daxil olan hər kəsin tempuraturu ölçülür. Bədən hərarəti 37.1 dərcə olan təhsil iştirakçısının müvəqqəti olaraq karantin otağında saxlanılması təmin edilir və tibbi personalın rəyindən asılı olaraq tədrisə buraxılıb buraxılmaması barədə müvafiq qərar verilir. Növbətçi müəllimlər tərəfindən təhsilalanlar müəssisəyə daxil olarkən və məktəbi tərk edən zaman sosial məsafə gözlənilir, şəxsi gigiyena qaydalarına əməl etməsinə nəzarət edilir. Fənn müəllimləri dərs müddətində şagirdlərin onlar üçün müəyyənləşdirilmiş yerdə oturmasına və digər şagirdlərin şəxsi əşyalarına toxunmamasına, sinif otaqlarının havasının tez-tez dəyişdirilməsinə ciddi nəzarət edir. Məktəbin işçi heyəti tibbi maskadan və üz sipərindən təlimata uyğun istifadə edirlər.

 

Mövcud vəziyyətlə əlaqədar məktəbin Fəaliyyət Planına uyğun distant formada dərslər, görüşlər və tədbirlər təşkil edilir. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq qabiliyyətlərinin aşkar olunması məqsədi ilə fənn müsabiqələri, məktəbdaxili olimpiadalar, xüsusilə vətənpərvərlik mövzularına həsr olunan inşa və rəsm müsabiqələri keçirilir, əlamətdar günlərə və Vətən yolunda canını qurban verən şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx müsabiqələri təşkil edir. Həmçinin ən yaxşı işlər məktəb saytında və “Youtube” kanalında işıqlandırılır. Rəhbərlik etdiyim məktəbdə pandemiya dövründə şagirdlərin onlayn dərslərə adaptasiyası məqsədi ilə müstəqil öyrənmə, internet üzərindən lazımi informasiyaların tapılması və yaradıcılıq bacarıqlarını formalaşdırılması əsas hədəflərimizdən olub. O cümlədən sinif təşkilat saatlarında internet asılılığının qarşısının alınması məqsədi ilə “İnternet təhlükəsizliyi”, “İnternet asılılığının fəsadları”, “Zərərli informasiyalar”, “Zərərli vərdişlər” və digər başlıqlarla əlavə distant dərslər də təşkil edilib. Artıq qısa müddət ərzində Təhsil Nazirliyinin yaratdığı onlayn dərs bazası, “Virtual məktəb” kimi layihələr imkan verəcək ki, şagirdlər məktəbə müəllimi dinləmək üçün yox nəyisə müzakirə etmək üçün gələcək. İnanırıq ki, bu layihələr müxtəlif səbəblərdən dərsdə olmayan şagirdlərin fənn proqramlarından geri qalmasının qarşısını müəyyən qədər alacaq. Qeyd etməliyəm ki, Təhsil Nazirliyin təşəbbüsü ilə hazırlanan “Virtual məktəb” platforması distant dərslərin təşkili və digər fəaliyyətlər üçün həqiqətən də mükəmməldir.

 

Düşünürəm ki, “Virtual məktəb” layihəsi pandemiyadan sonra da davamlığını qoruyub saxlamalıdır. Bir məktəb rəhbəri olaraq “Microsoft Teams” platformasının imkanlarının daha da artırılmasını təklif edərdim. Çünki pandemiyadan sonra da şagirdlərin əyani təhsil ala bilmədiyi istənilən xüsusi və fövqəlada hallarda (infrasturukturun korlanması, təmir-tikinti, təbiət hadisələri və s.) bu platformanın imkanlarından istifadə edilməlidir. Bundan başqa İKT və internetə çıxış imkanları tam təmin olunmuş məktəblərin yuxarı siniflərində bütün qiymətləndirmələrin, məktəbdaxili monitorinq və sınaqların tamamilə “Microsoft Teams” platforması üzərindən təşkil olunmasını yüksək qiymətləndirirəm. Bu halda məktəb idarəçiləri, təhsilverənlər və valideynlər övladlarının təlim nəticələri barədə daha doğun və çevik məlumat almaqla yanaşı, təhsilin inkişafı üçün vaxt itirmədən qərarlar qəbul edə biləcəklər. Koronavirus pandemiyası dövründə təhsil sistemi bir sıra ciddi sınaqlarla üz-üzə qaldı. Xüsusi hallarda təhsilin davamlılığı, fasiləsizliyi və əlçatanlığını təmin etmək üçün bizlərin, yəni təhsil işçilərinin hər zaman ehtiyat planının olması zəruridir. Lakin bütün bunlarla yanaşı unutmamalıyıq ki, əyani tədrisin mərhələli təşkili prosesində bizim öhdəmizə böyük məsuliyyət düşür. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində həyata keçirilən çevik və sistemli tədbirlərə bir rəhbər olaraq öncə özümüz əməl etməli, daha sonra isə bunu bütün kollektivimizə ötürməliyik. Belə birlik olan təqdirdə istənilən çətin vəziyyətdən çıxış yolu tapmaq daha asandır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları