Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 15:49:00
“Şagirdləri məktəbə alışdıra bilmirik” – Psixoloqların ciddi narahatlığı  

 

 

Şagirdlərin inkişafında onların psixoloji vəziyyəti olduqca mühüm rol oynayır. Bu baxımdan da əsas yük məktəb psixoloqlarının üzərinə düşür.

 

Azedu.az-a danışan məktəb psixoloqları onlara olunan müraciətlərin daha çox hansı məsələləri əhatə etdiyini  və bunların qarşısını almaq üçün nə kimi tədbirlərin görüldüyündən söz açıblar.

 

Neftçala rayon Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev son zamanlar şagirlərdə nə kimi psixoloji halların müşahidə edildiyindən söz açıb:

 

“Şagirdlərə ən çox təsir edən məsələlərdən biri də pandemiya ilə bağlıdır. Məktəblərin açılıb-bağlanması onların psixoloji vəziyyətinə ciddi şəkildə  təsir edib və uşaqlar məktəbə adaptasiya olunmaqda xeyli çətinlik çəkirlər. Lakin müəyyən psixoloji testlər və onlayn təlimlərə qoşulmaqla  biz bu problemləri aradan qaldırmağa çalışırıq. Təhsildə olan natamamlıq stress və sarsıntı yaradır. Hər sinifdə şagird kontingenti fərqli olur. Elələri olur ki, dərslərinə maraq göstərir, bəziləri isə tədrisə normal şəkildə yanaşa bilmirlər. Pandemiya ilə əlaqədar oxumaq istəyən şagirdlər öz gələcəkləri ilə bağlı narahatlıq hissi keçirirlər. Bu da uşaqlar arasında təşviş halları yaradır ki, biz də bunun qarşısını almaq üçün  testlər aparırıq.

 

Psixoloq kimi mənə  bir çox məsələlərlə bağlı müraciətlər olur. Məsələn, valideynlər arasında yaranan intriqa şagirdlərin psixoloji durumuna təsir edir. Bu da onların ailədaxili  problemlərin içərisində yer almasına səbəb olur. Müraciətlər bizə onlayn qaydada olur. Biz onları anonim saxlayırıq və bundan nə müəllim, nə də şagirdlərin xəbəri olur. Valideynlərin də bu məsələlərdən xəbərdar olmasına şərait yaratmırıq. Bəzən psixoloji vəziyyət  uşaqlarda ruh düşkünlüyünə gətirib çıxarır.  Bu da onların təlim və təhsildən kənarlaşmasına, həvəslərinin ölməsinə gətirir. Biz çalışırıq ki,  şagirdlərin yaşadığı problemləri  onlar üçün bəsit və önəmsiz hala gəlsin. Bundan sonra həmin şəxslər normal hallarına qayıda bilirlər. Bunu isə məktəb psixoloqlarından əlavə , klinik psixoloqlar daha yaxşı bilirlər.

 

Misal olaraq deyə bilərəm ki, valideynlərini itirən övladlar  ən çox psixoloji travmaya məruz qalanlardır. Bu elə bir travmadır ki, ömür boyu insanla bərabər addımlayır. Biz məktəb psixoloqları bu məsələnin üzərində daha çox dayanırıq. Çalışırıq ki,məktəbi bitirənə kimi depresiya halları yaşanmasın”.

 

Neftçala rayon Boyat kənd tam orta məktəbini  psixoloqu  Nərmin Zeynalzadə şagirdlərin nə kimi problemlərlə qarşılaşdığından danışıb:

 

“Şagirdlərlə danışıq prosesi aparır və onlarla müxtəlif testlər edirəm. Testlər zamanı müəyyən prblemlərin qarşıya çıxdığnı müşahidə edirəm. Mənə olunan müraciətlər zamanı daha çox  valideynlərlə bağlı problemlərdən dolayı məsələlər qaldırılır. Belə olduqda şagirdlər valideynləri  ilə danışa bilmədiyi mövzuları gəlib mənimlə bölüşürlər. Bəzən də ailədaxili problemlərlə bağlı məsələlər olur. Bundan başqa sinif yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkənlər də mənə dərdlərini danışırlar. Belə uşaqlarla fərdi şəkildə söhbətlər həyata keçirirəm. Onları həmçinin, nəzarət altında  saxlayır, tez-tez müşahidə edir və məsləhət və tövsiyələrimi verirəm. Bizim məktəbimiz kiçik olduğu üçün burada risq qrupuna daxil olan şagirdlərimiz çox olmur. Bəzən olur ki, şagirdlərin daxili aləmin tam mənada bilmək çətin olur, lakin onlarla çalışdığım qədəri ilə söhbət aparır və onları başa düşməyə çalışıram”.

 

Biləsuvar rayon  Xırmandalı kənd tam orta məktəbinin psixoloqu Cahangir Kazımov müəllim və valideynlərin ona olan müraciətləri haqqında məlumat verib:

 

“Hazırda ən çox müraciətlər  valideynlərin övladlarını daha çox dərs oxumağa təşviq etməsi ilə bağlı olur. Şagirdlər müəyyən yaş qruplarına daxil olduğu üçün onların qavrama qabiliyyəti də fərqli olur. Onların övladlarından öz potensiallarından artıq nəsə gözləntiləri olmamamlıdır. Hazırkı dövrdə uşaqlar ən çox telefon və texnoloji avadanlıqlara bağlanırlar. Bu da onlarda yaddaş zəifliyi yaradır və dərslərinə yönəlməsində problem törədir.

 

Elə uşaqlar var ki,  onlar aralarınakı münasibətləri düzgün şəkildə qura bilmirlər. Bununla bağlı bir çox testlər  və sorğular keçirmişəm. Valideynlər də bu tip məsələlərin həllində də maraqlı olmalıdır. Mən  IV qrant müsabiqənin qalibi olmuşam. Təqdim etdiyim iş isə “Deviantlığa gedən yolun qarşısı necə alınmalıdır”. Burada əsasən, risk qrupuna daxil olan şagirdlərin problemlərini necə həll edə biləcəyindən söz açılır. Bu istiqamətdə vasait hazırlayıram ki, məktəb psixoloqları bundan yararlanıb işlərini düzgün qura bilsinlər.

 

Valideynlər də məktəb psixoloqlarına müraciət edirlər. Bu müraciətlər ən çox  övladlarının telefon ilə daha çox vaxt keçirmələri ilə bağlıdır. Bəzən şagirdlər telefona o qədər çox bağlı olurlar ki, valideynləri ilə vaxt keçirməyi unudurlar. Mən məsləhət görərdim ki, işləyən valideynlərdə evdə olan zaman övladları ilə vaxt keçirsinlər.

 

Hazırda ən çox yük sinif rəhbərlərinin üzərinə düşür. Mənim işlədiyim məktəbdə 1000 nəfərə yaxın şagird kontingenti var. Mən isə bir psixoloqam və iki növbə işləyirəm. Əgər sinif rəhbərləri işlərində güclü olsalar və şagirdləri barəsində məlumatları tam və dolğun şəkildə  məktəb psixoloqlarına çatdırsalar, bizim işimiz də asan olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları