Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 14:25:00
Bütün məktəblər yenidən bağlanacaq? - "Buraxılış və qəbul imtahanları ərəfəsində..."
Ötən gün artıq Gürcüstanda tədris tam şəkildə bərpa olunub. Azərbaycanda isə bu istiqamətdə fikirlər haçalanıb. Xüsusilə valideynlərin bir qismi pandemiyaya rəğmən məktəblərin tam açılmasının, digərləri isə bağlanmasının tərəfdarıdır.
 
 
AzEdu.az xəbər verir ki, təhsil eksperti Nadir İsrafilov deyib ki, tədrisin təşkilinə ikili münasibət başadüşüləndir və bu, təbii hal kimi qəbul edilməlidir:
 
 
"Məlum olduğu kimi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. Buna müvafiq olaraq aşkarlıq və şəffaflığın təmin olunması baxımından  Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələrin və distant təhsilə keçirilmiş siniflərin sayı  belə açıqlanıb.  Məktəblərdə yoluxma ilə bağlı vəziyyətə dair rəsmi məlumatlar mütamadi olaraq yenilənməkdə davam edir.
 
 
Bununla belə hansısa məktəbin bağlanması və ya hansısa ölkədə tədrisin tam şəkildə bərpa olunması barədə xəbərlər cəmiyyətdə geniş ictimaiyyət tərəfindən heç də bir mənalı qarşılanmır, tərəfdarlar və əleyhdarlar arasında fikirlər haçalanaraq, əsaslı və əsassız polemikalara səbəb olur. Kimlərsə məsafədən təhsilin keyfiyyətə mənfi təsirini əsas gətirərək narazılığını ifadə edir, kimlərsə üz-üzə təhsilin yarada biləcək fəsadlarından narahatlıq keçirdiyini biruzə verir.  Kimin hansı səviyyədə münasibətindən asılı olmayaraq, reallığa söykənən sadə bir həqiqətlə hesablaşmalıyıq ki, təhsil müəssisələrinin fəaliyyətinin bərpası və ya qapanması bir çoxlarının hesab etdiyi kimi, təkcə  Təhsil Nazirliyinin öhdəliyində olmayıb, bilavasitə  səhiyyə orqanlarının təhlilləri və təklifləri əsasında Nazirlər Kabineti yanında Operativ Qərargahın elmi araşdırmalara əsasən müvafiq qərarlarından asılıdır. Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili kiminsə arzu və istəyinə əsasən deyil, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qərarın müvəqqəti Qaydalarına uyğun tənzimlənir.  Yəni, bu qərarın 1-ci hissəsində qeyd edildiyi kimi tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, hər hansı bir dəyişikliyin həyata keçiriləcəyi mümkün hesab edilə bilər".
 
 
Ekspert vurğulayıb ki, bu gün hansısa bölgədə koronavirusa görə bir neçə məktəb iki həftəlik bağlanıbsa, digər bölgədə bir neçə məktəbin fəaliyəti müəyyən fasilədən sonra yenidən bərpa olunub:
 
 
"Yəni, bütün məhdudiyyət və çətinliklərə baxmayaraq, pandemiyanın yaratdığı ağır fəsadları aradan qaldırmaq üçün dövlətimiz və əlaqədar qurumlar tərəfindən mümkün olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunur. Buna görə də yoluxma sayının artması nə qədər narahatedici olsa belə, işimizi hansısa mülahizələrə və fərziyələrə görə deyil, real vəziyyəti obyektiv qiymətləndirmək əsasında qurmalıyıq”.
 
 
Müsahibimiz qeyd edib ki, məktəblərin yenidən qapanmasını məqbul hesab etmir: 
 
 
"Lakin hadisələri qabaqlayıb, hər hansı bir proqnoz verməkdən uzağam. Hər şey yoluxmanın artım və ya azalma dinamikasından asılıdır. Başqa sözlə, hər hansı bir qərar zamana bağlıdır. Hesab edirəm ki, vəziyyət kritik hədd kimi dəyərləndirilsə belə, bu yoluxmaları bilavasitə məktəblə əlaqələndirmək yanlış mövqedir. Bir neçə məktəbin koronavirusa görə bağlanması bütövlükdə məktəblərin bağlanması üçün tutarlı əsas ola bilməz. Özü də məhz buraxılış və qəbul imtahanları ərəfəsində. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma – hələ ki, real variantı bunda görürəm”.(Sfera.az)