Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 13:47:00
Pandemiyanın bağça və azyaşlılara vurduğu ağır zərbələr – Mütəxəssis təhlilləri

 

 

“Ən güclü mənfi  təsir bağçalara oldu”

 

“Bağçalar açılsa da bir çox valideyn yoluxma təhlükəsi səbəbindən  hələ də övladlarını ora göndərmirlər. Bu da azyaşlıların  gələcək  təhsil göstəricilərinə təsirsiz ötüşməyəcək”.

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən  Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova şagirdlərin təhsil həyatında bağçaların əhəmiyyətini xüsusilə qeyd edib:

 

 

 

“Pandemiya digər sahələrdə olduğu  kimi təhsilə də təsirsiz ötüşmədi. Digər təhsil pillələrində tədris onlayn formada davam etsə də, bu qərar məktəbəqədər təhsil pilləsinə şamil olunmadı.  Ona görə də  ən güclü mənfi  təsir bağçalara oldu”.

 

“Məktəbəqədər yaşlı uşaqlarda  depressivlik, özünə qapanmaya, daha sonra isə məktəb mühitində adaptasiya problemlərinə gətirib çıxarır”

 

L.Cəfərova  bağçalardan uzaq qalmanın uşaqlar üçün yaratdığı problemlərdən də söz açıb:

 

“Hər bir təhsil pilləsinin  uşaqların gələcəyində mühüm rolu var.  Bağçadan uzaq qalmaq şagirdlərin gələcək təhsillərilə yanaşı psixologiyalarına da mənfi təsir göstərir.

 

Bəzi valideynlər  övladlarıyla bu yöndə məşğul olsalar da, bu göstərici  heç də bütün valideynlərə aid edilmir. Heç də bütün valideynlər bütün günlərini uşaqların inkişafına həsr edə bilmir. Əksərən, rastlaşdığımız mənzərə belədir ki, valideynlər uşaqların əllərinə telefon verirlər. Bu da onlarda depressivlik, özünə qapanmaya, daha sonra məktəb mühitində adaptasiya problemlərinə gətirib çıxarır”.

 

 

Bağçalardan uzaqda qalmaq uşaqların psixologiyasına artıq öz mənfi təsirini göstərir”

 

Psixoloq Ramidə Oktayqızı açıqlamasında ilk olaraq, bağçalardan uzaqda qalmanın yaratdığı fəsadlardan söz danışdı:

 

“Bağçalardan uzaqda qalmaq uşaqların psixologiyasına artıq öz mənfi təsirini göstərir.  İlk növbədə onlarda ünsiyyət azlığı, rabitəli nitqin  pozulması müşahidə edilir.  Uşaqlar fikir və hisslərini ifadə etməkdə çətinlik çəkirlər.  Digər ən aktual məsələlərdən biri isə onların sosial münasibətlərdə problemlər yaşamalarıdır.  Bu gün əksər uşaqlar sosiallaşma, insanlarla ünsiyyət, empatiya  qurmaq, bir yerdə oynamaq, paylaşmaq kimi xüsusiyyətlərdən  uzaqda qalırlar.  Bağça bildiyimiz kimi bir müddətdən sonra  məktəb dövrü ilə əvəz olunur.  Bu zaman uşaqlar məktəbə, öz həmyaşıdlarına adaptasiyası, onlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Onlarda  fikir və hisslərinin ifadə edilməsinə və daha çox da  təfəkkürdə ləngiməyə səbəb olan amillər meydana gəlir. Bütün bunlar təbii ki, gələcəkdə şəxsiyyətin inkişafına mənfi təsirləri daha çoxdur”.

 

“Problemlərin aradan qaldırımasında bir başa valideynlərə yönəlmək düzgün deyil”

 

Mövcud problemin həlli üsullarından söz açan psixoloq, bu məsələdə medianın rolunu xüsusilə vurğuladı:

 

 Problemlərin aradan qaldırımasında birbaşa valideynlərə yönəlmək düzgün deyil. Burada medianın və maariflənmənin böyük rolu var.  Hazırda bir çox valideyn özü panikaya düşərək, uşaqlarında qorxu hissi yaradır: “Gedərsən yoluxarsan, evdəkiləri də yoluxdurarsan”  və s. deyərək övladlarını bağçaya göndərmirlər.  Media  vasitəsilə  valideynlərə qorxmaq deyil, müdafiə olunmaqla uşaqlarını bağçalara göndərmələrini aşılamaq lazımdı.  Gələcəkdə onları gözləyən təhlükədən xəbərdar olmaları üçün valideynlərin maariflənməsi çox əhəmiyyətlidir”.