Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 10:44:00
Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan ali təhsil müəssisələrinin sayı artdı

Ölkənin ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş ali təhsil müəssisələrinin sayı artdı. Belə ki, hazırda şəbəkədə olan ali təhsil müəssisələri və onların ölkə üzrə filiallarının sayı 33-ə çatdırılıb. Vahid intranet şəbəkəsinə qoşulan bütün ali təhsil müəssisələri yüksəksürətli və filtrasiya olunmuş internet, İP telefoniya, videokonfrans və texniki dəstək kimi xidmətlərlə təmin olunublar. Bundan başqa, ən əsası bu ali təhsil müəssisələr Avropanın nəhəng beynəlxalq akademik GEANT şəbəkəsinə çıxış əldə edərək şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.

 

Hazırda elmi araşdırma və tədqiqat üzrə dünyanın ən nəhəng intranet şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat müəssisəsini və orada çalışan 50 mln.-dən çox istifadəçini, eyni zamanda elmin bütün istiqamətlərini əhatə edir. GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tətbiq etmək üçün şərait yaradır.