Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 15:38:00
Transfer.edu.az portalında asanlıqla universitetini dəyişmək İMKANLARI    

Tələbələr prosesin şəffaf və obyektiv keçirildiyini bildirir

 

 

Bu günlərdə Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalına köçürülmək üçün müraciət edən  tələbələrin sorğuları cavablandırılıb.

 

Qeyd edək ki, 2016-cı ildə yaradılan bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür.  Portalın yaradılmasında məqsəd tələbələrin köçürülməsi prosesini sadələşdirmək, şəffaflığı təmin etməkdir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

 

Onu da nəzərə çatdıraq ki, portala il ərzində iki dəfə-yay və qış semestləri dövrlərində müraciət etmək mümkündür.

 

Portala müraciət edən 1856 nəfərin sorğusu müsbət cavablandırılıb

 

Bu il portalda 5990 nəfər qeydiyyatdan keçib. 2721 nəfər isə köçürülmək üçün ərizə ilə müraciət edib. Onlardan 1856 nəfərin sorğusu müsbət cavablandırılıb. 865 nəfərin sorğusu isə imtina edilib. Sorğuları müsbət cavablandırılanlardan 59 nəfəri xaricdəki ali təhsil müəssisələrindən, 20 nəfəri isə magistratura pilləsindən köçürülüb.  Qəbul olunanlardan 746 nəfəri isə subbakalavrlardır.

 

Transfer.edu.az portalından istifadə edərək arzuladıqları təhsil ocağına köçürülənlərlə söhbətləşib, proses haqqında təəssüratlarını öyrəndik.

 

“Köçürülmə prosesinin  dəqiqliyinə və şəffaflığına şahid oldum”

 

Sərxan Şahvələdov portal vasitəsilə köçürülən tələbələrdəndir. O, Qərbi Kaspi Universitetindən Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) köçürüldüyünü deyir: “Qərbi Kaspi Universitetinin “Dizayn” ixtisası üzrə Magistratura pilləsində təhsil alırdım. Amma təhsilimi bakalavr pilləsi üzrə bitirdiyim Azərbaycan Dövlət İqtisad Universitetində  davam etdirmək böyük arzum idi. Bunun üçün Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.azportalının imkanlarından istifadə etmək qərarına gəldim. Köçürülmə prosesinin  dəqiqliyinə və şəffaflığına şahid oldum. UNEC, “Dizayn və texniki estetika” ixtisası üzrə Magistr pilləsində təhsilimi davam etdirmək şansı qazandım. Tələbələrə bu cür yüksək şərait yaratdığı üçün Təhsil Nazirliyinə dərin təşəkkürümü bildirirəm”.

 

“Köçürülmə prosesi çox sadə və rahat oldu”

 

Aytən Əliyeva da sorğusu müsbət cavablandırılan tələbələrdəndir. O, portal vasitəsi ilə çox rahat, heç bir maneəyə rast gəlmədən köçürüldüyünü söyləyir: “Lənkəran Dövlət Universitetində təhsil alırdım. Yoldaşım Bakıda işlədiyi üçün təhsil aldığım universiteti dəyişmək qərarına gəldim. İnternet resurslarından köçürülmək üçün hara, necə müraciət etmək lazım olduğu məlumatını aldım. Sonra asanlıqla  transfer.edu.az portalında qeydiyyatdan keçdim. Azərbaycan Dillər Universitetinə köçürülmək üçün sorğu göndərdim. Bir neçə gündən sonra telefonuma köçürülməyimlə bağlı müsbət cavab gəldi. Həqiqətən də köçürülmə prosesi çox sadə və rahat oldu. Bu rahat və şəffaf prosesə görə Təhsil Nazirliyinə minnətdarlığımı ifadə edirəm”.

 

“Bu sevinci mənə yaşatdığına görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm”

 

Xarici ali təhsil müəssisəsindən ölkəmizdəki təhsil ocağına köçürülən Naziyə Qəhrəmanova da proseslə bağlı fikirlərini bizimlə bölüşüb. O, portal vasitəsilə Türkiyənin Bolu İzzət Baysal Universitetindən Bakı Dövlət Universitetinə transfer olduğunu deyir: YÖS imtahanlarında yüksək nəticələr əldə edərək Türkiyənin Bolu şəhərində yerləşən universitetə daxil oldum. Əslində arzum Türkiyədə təhsil almaq idi. Lakin məlum pandemiya səbəbindən dərslərimiz: online keçirdik. Sonra fikrimi dəyişdim və ölkəmizdəki universitetlərin birində təhsilimi davam etdirmək qərarına gəldim. Buna görə də portalda qeydiyyatdan keçib, sorğu göndərdim. BDU-nun psixologiya fakültəsinə köçürüldüm. Əslində prosesin bu qədər asan olacağını düşünmürdüm. Şükürlər olsun ki, bu gün mən artıq BDU kimi nüfuzlu təhsil ocağının tələbəsiyəm. Bunun üçün çox sevinirəm. Bu sevinci mənə yaşatdığına görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirirəm”.

 

Niyazi RƏHİMOV/Azərbaycan müəllimi