Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 12:36:00
SABAH magistraturasına tələbə qəbulu başlayır

Məlum olduğu kimi, 2014-cü ildən tətbiqinə başlanan Savadlı, Bacarıqlı, Hazırlıqlı gənclərin uğur salnaməsinin əsasını  qoyan SABAH qrupları ötən müddət ərzində ölkəmizdə ali təhsil sisteminin inkişafına öz töhfələrini verib. Bu vaxta qədər SABAH qruplarının bakalavr səviyyəsini yüzlərlə gənc bitirib və onların sorağı indi ölkəmizin müxtəlif ali təhsil müəssisələrindən, eləcə də ali təhsilin növbəti pilləsini davam etdirdikləri  dünyanın nüfuzlu universitetlərindən gəlir. SABAH  öz tarixində növbəti ilkə imza atmaq  ərəfəsindədir.  Söhbət ilk dəfə olaraq SABAH qruplarının magistratura pilləsinə tələbə qəbulundan gedir.  Bu yenilik gənclərimizə hansı imkanları yaradacaq? Gözləntilər nədir?  Bu və ya digər suallara martın 5-də Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən baş tutan  canlı müzakirə gedişində cavab tapmaq mümkün oldu. 

 

Cəsarət Valehov  müzakirənin “SABAH magistraturasına hazırsanmı?”  sualı  ətrafında  davam etdiriləcəyini  bildirib və əlavə edib ki, hazırda  bizim gənclərin böyük bir hissəsi magistratura imtahanlarının birinci mərhələsini yekunlaşdırıb və onların nəticələri bəllidir. Növbəti pillədə onları maraqlandıran sual harada oxumaqdır. C.Valehova görə  bu sualın ən yaxşı cavabı  SABAH  magistraturasıdır.

 

C.Valehov müzakirənin əvvəlində  bu günlərdə ABŞ-ın nüfuzlu Stanford Universitetinin magistraturasına qəbul olan Məhəmməd Şirinovu təqdim edib və ona uğurlar arzulayıb.

 

Daha sonra  canlı müzakirədə SABAH  magistraturasına qəbul olmaq, orada oxumağın üstünlükləri kimi məsələlərə aydınlıq gətirilib.

  

Nəticə əsaslı magistr proqramları

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli SABAH qruplarının magistraturasına qəbulun təhsilimizə, gənclərə yaradacağı üstünlüklər barədə ətraflı məlumat verib.

 

N.Məmmədli qeyd edib ki, yeni magistr proqramlarının təsis edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən qərar qəbul olunub və 7 ixtisas sahəsi seçilib ki, bu ixtisaslar üzrə magistr ixtisaslaşmaları açılacaq. Bu ixtisaslaşmalar keyfiyyətcə tamamilə yeni, ümumiyyətlə, bizim  ixtisaslaşma təsnifatında olmayan, müasir dünyanın mövcud çağırışlarına, trendlərinə uyğun olan yeni ixtisaslardır. Bu ixtisasların Azərbaycan üçün hazırlanması çox vacib və əhəmiyyətlidir.  “Biz hesab etdik ki, magistratura səviyyəsinə  məhz bu yeni ixtisaslarla başlasaq daha yaxşı olar. Yeni deyəndə nə başa düşülür? Bizim buna qədər də magistr proqramlarımız var idi, bir sıra çoxlu sayda ixtisaslar  üzrə magistr hazırlığı aparılırdı. Amma bu ixtisaslarda tamamilə yeni məzmundan istifadə olunur. Bu məzmun demək olar ki, dünya universitetlərinin yazıb-yaratdığı mövcud kurikulumlara, tədris proqram və vəsaitlərinə uyğun hazırlanmış magistr proqramlarıdır”. 

 

N.Məmmədli hesab edir ki, burada söhbət təkcə bu ixtisaslar  üzrə biliyin verilməsindən getmir. Eyni zamanda verilən biliyin məhz səriştəyə dayanıqlı olmasından söhbət  gedir. “Burada verilən ixtisasların böyük əksəriyyəti xüsusilə yüksək keyfiyyətli əmək bazarı üçün mütəxəssis yetişdirməyə,  həm də növbəti mərhələdə akademik mühitə hazırlanmağa şərait və imkan yaradacaq. Yəni bu, nəticə əsaslı magistr proqramı olacaq. Eyni zamanda çox yüksək səviyyəli akademik biliklər vermiş olacaq”. 

 

“Dünyanın nüfuzlu universitetlərindən müəllimlər dəvət edəcəyik”

 

Şöbə müdiri hesab edir ki, əlbəttə, bu cür biliklərin verilməsi, səriştələrin  hazırlanması  çox sayda resurslar tələb edir.  Bu resurslardan, sözsüz ki, ən vacibi bu sahədə ixtisaslı müəllimlərin olmasıdır. “Bizim gözləntilərimiz xüsusilə ondan ibarətdir ki, biz bu müəllimləri dünyanın nüfuzlu universitetlərindən dəvət edəcəyik. Bizim universitetlərimizin müəllimləri və xarici universitetlərin müəllimləri ən müxtəlif elm sahələri üzrə gəlib burada dərs keçəcəklər”.

 

Şöbə müdiri universitetlərimizdə SABAH qruplarının magistraturasında açılacaq yeni ixtisaslar barədə qısa məlumat verib.

Onun sözlərinə görə, yeni ixtisaslar arasında Bakı Dövlət Universitetində İsrailin Texnologiya İnstitutu ilə birgə işlənib hazırlanmış kompüter elmləri və texnologiyalar ixtisası,  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elektron kommersiya, Azərbaycan Dövlət Pedaqoji Universitetində  təlim və tədrisin təşkili və metodikası, Azərbaycan Memarlıq və İnşaat Universitetində  memarlıq və dayanıqlı şəhərsalma, region planlaşdırması, Azərbaycan Texniki Universitetində  müasir dövrümüz üçün çox vacib olan  nəqliyyat və logistika ixtisaslarıdır.

“Nəzərə alsaq ki,  artıq işğaldan azad olunmuş ərazilərimiz bizim üçün tamamilə yeni imkanlar yaradır, hər iki ixtisas - həm memarlıq və inşaat,  eləcə də regionların planlaşdırılması,  nəqliyyat və logistika bizim üçün həyati əhəmiyyət kəsb edən məsələlərdir”. Bundan əlavə, Bakı  Dövlət Universitetində kibertəhlükəsizlik, eyni zamanda  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müasir dünyanın ən mühüm trendlərindən biri olan süni intellekt ixtisasının yaradılması da nəzərdə tutulub.

 

“SABAH magistraturasına qəbul olan tələbələr nə əldə edirlər?”

 

Təhsil Nazirliyinin sektor müdiri Leyla Xəlilova qeyd edir ki, bu gün tələbələrimiz üçün çox önəmli olan, yeni mərhələdə onların qarşısına çıxan yeni imkanlardan danışırıq.  Çünki bakalavrdansonrakı mərhələ elə bir mərhələdir ki, artıq tələbə harada olmasını daha yaxşı dərk edir və qarşısında açılan imkanları daha yaxşı dəyərləndirməyə başlayır. “Günümüzün reallıqlarından biri odur ki, bir çox gənclərimiz müxtəlif səbəblərdən xaricdə təhsilə üstünlük verir. Amma xaricdə təhsilin maddi və mənəvi çətinlikləri var. Qlobal pandemiya da bu çətinliklərin bəzi hallarda qaçılmaz olduğunu göstərdi. Bizim qarşımızda duran əsas məsələlərdən biri məhz Azərbaycanda xaricə getmədən beynəlxalq standartlara uyğun, qlobal keyfiyyətdə ali təhsil imkanlarını  yaratmaqdan ibarətdir, bu imkanlardan biri də məhz SABAH magistratura qruplarıdır”.

 

SABAH qruplarının kifayət qədər uzunmüddətli səmərəli fəaliyyət göstərdiyini və bir sıra uğurlar əldə etdiyini vurğulayan sektor müdiri  bu  ildən  ilk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə SABAH magistr qruplarına start verildiyini  diqqətə çatdırıb. “SABAH magistraturasına qəbul olan tələbələr nə əldə edirlər? Onlar müasir dünya trendlərində təhsilalma imkanı qazanır, innovativ ixtisaslar üzrə bilik və bacarıqlara yiyələnirlər. Eyni zamanda həm də xarici dilli mühitdə yüksək səviyyədə mənimsəmə imkanlarına sahib olurlar. Bundan əlavə, SABAH magistratura qruplarında həm xarici professor-müəllim heyəti, həm də çox güclü potensiala malik yerli  müəllimlər dərs keçirlər. İstərdim ki, SABAH və sabah tipli proqramların sayı ölkədə artsın. Elə artsın ki, tələbələrimiz xaricə üz tutmadan da yerli ali təhsil müəssisələrində təhsil alaraq zəruri imkanlara sahib ola bilsinlər”.

 

Yeni ixtisaslar gələcəyimiz üçün nələri vəd edir?

 

SABAH qruplarının İcra  Komitəsi rəhbərinin müavini Eldar Qocayev SABAH  qruplarında magistraturanın açılmasını zamanın tələbi kimi qiymətləndirir. İlk vaxtlarda SABAH qruplarının fəaliyyətə başlamasını Azərbaycan təhsili yeni bir nəfəs, yeni bir pəncərə, yeni bir yanaşma metodologiya, tədris proqramları baxımından  tələb edirdi. Bu uğurun arxasında artıq yetişmiş Azərbaycan təhsil mühiti dayanırdı. Bu gün  SABAH-da 2450-dən yuxarı tələbə var. 600-dən yuxarı professor-nüəllim heyəti çalışır. 2017-ci ildən bu yana SABAH məzunları dünyanın, demək olar ki,  bütün regionlarına yayılmışdır. Onlar təhsillərini  magistratura, doktoranturada və s. davam etdirirlər.

 

E.Qocayev qeyd edir ki, magistraturanın açılması artıq zərurətə çevrilmişdi, digər tərəfdən açılan ixtisaslara diqqət yetirsəniz, onlar müasir əmək bazarının tələblərindən doğan sahələrdir. Onlardan 5-i tamamilə yeni sahədir.  “Çox yaxşı ki, bu ixtisaslar ilkin olaraq SABAH qruplarında açılır. Bunlar  o sahələrdir ki, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata transformasiyasında, eyni zamanda əks proseslərin getməsi üçün körpü rolunu oynayacaq. Bu mənada burada yeni ixtisasların seçilməsini də çox uğurlu hesab edirəm. Bakalavr səviyyəsi açılanda da uğurlu ixtisaslar seçilmişdi, nəticədə SABAHın uğur hekayələri meydana gəlmişdi”.

 

SABAH magistratura proqramının potensialına gəlincə, E.Qocayev qeyd edir ki, Azərbaycan ali təhsil sistemində bu sahədə tədrisi yerinə yetirəcək xeyli kadr potensialı yetişib. Onlar bizim həm milli universitetlərimizdə, həm də xaricdə təhsil alıblar. Eyni zamanda xarici müəllimlərin də buraya gəlməsi, demək olar ki, çox uğurlu bir akademik mühitin yaranmasına vəsilə olacaq.