Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 17:12:00
İndiyədək 7 mindən çox teledərs yayımlanıb  

Ümumtəhsil məktəblərinin şagirdləri üçün koronavirus (COVID -19) pandemiyası ilə əlaqədar 2020-ci il martın 11-dən “Dərs vaxtı” telelayihəsinə start verilib.

Təhsil Nazirliyindən  bildirilib ki, layihə çərçivəsində indiyədək ümumilikdə 7 min 600-dən çox dərs hazırlanıb. Gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır.

Nazirliyin təşkilatçılığı ilə hazırlanan teledərslər bir ildir ki, həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanır. Teledərslər həm Azərbaycan, həm də rus bölmələri üzrə bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. İbtidai siniflərdə Azərbaycan dili, rus dili, riyaziyyat, həyat bilgisi, təsviri incəsənət, xarici dil, musiqi, informatika-rəqəmsal bacarıqlar, V-XI siniflərdə isə Azərbaycan dili, rus dili, riyaziyyat, xarici dil, Azərbaycan tarixi, coğrafiya, kimya, fizika, biologiya və informatika-rəqəmsal bacarıqlar fənləri üzrə videodərslər təqdim edilir.

Həmçinin “Dərs vaxtı” çərçivəsində məktəbəhazırlıq dərsləri, məktəbdənkənar fəaliyyət, bir sıra peşə ixtisasları, müxtəlif fənlər üzrə inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, “Qüvvət elmdədir (Nizami Gəncəvi - 880)” və “Elmin möcüzələri” kimi telelayihələr, xüsusi təhsil və STEAM dərsləri də yayımlanmaqdadır.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən izləyə bilərlər.