Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 17:00:00
Azərbaycan dramaturgiyasının banisi Gürcüstanda anıldı – VİDEO  

Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin vəfatının 143-cü ildönümünə həsr olunan tədbir keçirilib. 

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə böyük ədibin zəngin yaradıcılığından, Gürcüstan paytaxtındakı 44 illik həyat və fəaliyyətindən bəhs edilib. 

Muzeyin direktoru Leyla Əliyeva yazıçının Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan, maarifpərvərliyindən danışıb. 

 

O, Mirzə Fətəli Axundovun Azərbaycan xalqının ictimai fikir tarixinin görkəmli nümayəndəsi olduğunu bildirib. 

Kitabxananın departament rəhbəri Levan Taktakişvili tədbirin təşkilinə məmnuniyyətlə dəstək verdiklərini bildirərək, kitabxananın fondunda azərbaycanlı yazıçılarla bağlı bir sıra tarixi sənədlər, qəzet materialları və müxtəlif nəşrlərin olduğunu deyib. 

Tədbirdə daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov M.F.Axundovun əsl mütərəqqi insan olduğundan, millətin gələcəyini təhsil və elmdə gördüyündən söz açıb. Onu da bildirək ki, tədbir çərçivəsində kitabxana və muzeyin fondlarında saxlanılan M.F.Axundzadə və ailə üzvlərinin fotoşəkilləri, dramaturqun gürcü və Azərbaycan dilində nəşr olunan əsərlərindən ibarət kitablar da sərgilənib. 

Tədbirdə iştirak edən Gürcüstan Milli Parlament Kitabxanasının əməkdaşı Nino Qedenidze Mirzə Fətəli Axundzadənin əsərləri gürcü dilinə tərcümə edilən ilk müsəlman dramaturq olduğunu bildirib. 

O bildirib ki, Mirzə Fətəli Axundzadənin əsərləri gürcü dilinə tərcümə edilməklə yanaşı, həm də Gürcü teatrlarında səhnələşdirilib:

“Onun pyeslərindən birini də elə Akaki Tsereteli tərcümə edib. Onu qeyd etmək istəyirəm ki, Mirzə Fətəli Axundov Azərbaycanla Gürcüstan dövlətləri arasında gürcü ziyalılar, Qribol Orbeliyani və başqalarıyla birlikdə mədəni sahədə dərin dostluq əlaqələri qurub. Çoxmillətli şəhər olan Tbilisidə hər dildə yazıb yaradanlar olub. Xüsusilə vurğulamaq lazımdır ki, ilk Azərbaycanlı dramaturqun burada çox böyük fəaliyyətləri var”. 

Qeyd edək ki, M.F.Axundzadə 1878-ci ilin martın 10-da 65 yaşında Tbilisidə vəfat edib. Gürcüstan paytaxtında onun adına küçə var. Tbilisidəki 73 saylı Azərbaycandilli məktəb onun adını daşıyır. Azərbaycanlı mütəfəkkirin məzarı Tbilisidə Botanika bağı ərazisindəki panteonda yerləşir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: