Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 11:49:00
Rəhbərlik etdiyin məktəbi öz övladlarını etibar edə biləcəyin məkana çevirmək lazımdır – Direktordan ÇAĞIRIŞ

“Rəhbərlik etdiyin məktəbi öz övladlarını etibar edə biləcəyin məktəbə çevir”

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” layihəsinin növbəti qonağı Bakı şəhəri 247 nömrəli tam orta məktəbin direktoru Nihal Hacıyevadır. Oxuduğum bir kitabda “... məktəbin, tədrisin və yaradıcılığın nə məna daşıdığı barədə yenidən düşünməyə vadar edir” sözləri bir məktəb rəhbəri olaraq məni də düşündürmüşdü. Müəllimsinizsə şagirdlər üçün sistem sizsiniz. Məktəb direktorusunuzsa, cəmiyyət sizi sistem kimi qəbul edir. Sistemlərin isə bütövlükdə dəyişmək potensialı var və onlar dəyişir. Təhsildə dəyişikliklər daim baş verir. Çünki şagirdlərin ehtiyac duyduğu fərdiləşdirilmiş, şəfqətli və cəmiyyətə yönəlmiş təhsil növlərini yaradıcı şəkildə təmin etməyə çalışan böyük məktəblər, gözəl müəllimlər və ilhamlandıran liderlər dünyanın hər yerində mövcuddur.Təhsil sisteminin xarakterinə görə yeniliklər etmək hər zaman mümkündür. Rəhbərlik etdiyim təhsil müəssisəsi də məhz yeniliklər, layihələr, yeni ideyalar, fərdi yanaşma metodları əsasında fəaliyyət göstərən yaradıcı məktəblər sırasındadır. Yaradıcı məktəblər isə təhsilin hansı yöndə dəyişməli olduğuna parlaq və maraqlı bir baxış təklif edir. Bu işə “rəhbərlik etdiyin məktəbi öz övladlarını etibar edə biləcəyin məktəbə çevir” prinsipi ilə başlamışam. Bunu da əlavə edim ki, övladlarım da məhz bu məktəbdə təhsil alır. Bu gün dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyası bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Lakin Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihələr və tədbirlər nəticəsində yaranan problemlərin həllinə müvəffəq olundu. Belə ki, məktəblər bağlandığı zaman Təhsil Nazirliyi tərəfindən 2 telekanalda dərslərə start verilməsi, “Virtual məktəb” layihəsinin həyata keçirilməsi, bunlarla yanaşı, müəllimlərin şagirdlərə onlayn dərslər keçməsi təhsilin davamlılığında, təhsilalanların təhsildən kənar düşməsinin qarşısının alınmasında mühüm rol oynadı. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrlərinin icrası çərçivəsində ümumi təhsil müəssisəsində həyata keçirilən tədbirlər məktəbimizdə uğurlu nəticəsini göstərdi. Belə ki, verilən əmrlərə, göndərilən təlimatlara vaxtında və düzgün əməl olunması məktəbdə sağlam mühit formalaşdırdı. Təbii ki, mövcud vəziyyətlə əlaqədar tədris prosesində bir sıra dəyişikliklər baş verdi. Məktəb olaraq şagirdlərin prosesə uyğunlaşmaları üçün uğurlu addımlar atmalı idik. Bu işdə bizə “Məktəblinin Dostu” layihəsinin əməkdaşları da dəstək oldular. Birgə qurulmuş fəaliyyət hazırda da uğurla davam edir. “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən mövcud şəraitə uyğun olaraq şagird qəbulu sisteminin işlənib hazırlanması, tədris korpusunun hazırlıq vəziyyəti, məktəb binası daxilində şagirdlərin və müəllimlərin davranış qaydaları, məktəbdə müvafiq sanitar-gigiyena qaydalarına əməl olunması, valideynlərlə işin səmərəli təşkili hədəf olaraq qarşıya qoyulmuşdu. İlk öncə təsdiq olunmuş qaydalara əsasən Fəaliyyət Planı hazırlandı. Dərs ili başlanmazdan öncə məktəb kollektivi müxtəlif təyinatlar üzrə kurasiyalara ayrıldı. Hər bir məktəbin daxildəki iş prinsipi ilk öncə şagirdlərin dərsə gələn zaman onların qarşılanması prosesi ilə tənzimlənir. Şagird qəbulu əyani olaraq məktəb daxilində olan nizam-intizamı əks etdirir. Bunu əsas tutaraq ilk öncə, məktəbin həyətində 1,5 metr sosial məsafə saxlanılan zolaqlar və işarələr hazırlanıb. Daha sonra məktəb binasının böyüklüyü və giriş-çıxış sektorlarının çoxluğunu avantaj olaraq hesaba alıb, qapılar hərflərlə işarələnib. Valideynlərə və şagirdlərə müvafiq siniflərin hansı girişdən daxil olacağı barədə öncədən məlumat verilib. Sıxlığı minimuma endirmək üçün valideynlərin məktəbə girişi məhdudlaşdırılıb. Şagirdlərin qəbulu üçün xüsusi olaraq müəllimlərə kurasiya həvalə edilib. Səhər şagird qəbulu zamanı 30 dəqiqəyə yaxın müddətdə səslənilən milli, xalq və uşaq mahnıları, dahi sənətkarların ifa etdikləri əsərlər həm şagirdləri, həm müəllimləri, həm də valideynləri günə daha həvəslə və pozitiv başlamağa sövq edir. Belə ki, məktəbimizdə Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, Emin Sabitoğlu və digər bu kimi həftələr təşkil olunur. Burada əsas məqsədimiz uzun fasilədən sonra əyani tədrisə yenidən qayıdan şagirdlərin məktəbə daha tez adaptasiya olmasını təmin etməkdən ibarətdir. Düşünürəm ki, məktəbin sanitar-gigiyena işlərinin təşkili təkcə pandemiya dönəmində deyil, hər zaman diqqətdə olmalıdır. Mövcud şəraitdə, xəstəliyin yayılmasının qarşısını almaq, şagirdlərin təhlükəsiz ortamda təhsil alması üçün bu işə ikiqat məsuliyyətlə yanaşmaq lazımdır. Belə ki, məktəbin texniki işçi heyəti tərəfindən müntəzəm şəkildə təmizlik və dezinfeksiya işləri aparılır. Dərsarası sinif otaqlarının havalandırılması təmin edilir, növbələrarası təkrar dezinfeksiya işləri həyata keçirilir. Təlim və tərbiyə işinin tənzimlənməsində bünövrə daşı sayılan işlərdən biri də valideynlərlə məktəb arasında düzgün, şəffaf münasibətlərin formalaşdırılmasıdır. Bu münasibətlərə hər zaman xüsusi həssaslıqla yanaşmışıq. Pandemiya şəraitində valideyn-məktəb münasibətlərinin düzgün qurulması, valideynlərlə məktəbin daha da sıx informasiya təmasında olması labüddür. Məktəbə müxtəlif məsələlər üzrə kömək və məlumat üçün müraciət etmiş valideynlərin heç biri diqqətdən kənarda qalmamışdır. Yazılı iltizamı alındıqdan sonra övladını əyani deyil, distant təhsilə cəlb etmək istəyən valideynlərə şərait yaradılmış, mövcud vəziyyətlə əlaqədar olaraq, yuxarıda da qeyd edildiyi kimi, distant təhsil vasitələri, o cümlədən “Dərs vaxtı” layihəsinin gündəlik cədvəli ilə hər gün tanış edilmişdir. Hələ xüsusi karantin rejiminin başladığı ilk günlərdə, dərslərin istər distant, istərsə də əyani şəkildə təşkil olunduğu dövrlərdə mövcud vəziyyətə uyğun olaraq şagirdlər maraqlı layihələr, yerli və beynəlxalq tədbir və sərgilərə cəlb olunublar. Belə ki, siniflərarası “Breyn-rinq” intellektual bilik yarışları, onlayn şahmat çempionatı, rəsm və şeir müsabiqələri, ”Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq edilən siniflərdə elan olunan müsabiqələr şagirdlərin asudə vaxtlarından səmərəli istifadəsi və kompüter vərdişlərinin düzgün formalaşdırılması məqsədi üçün atılmış uğurlu addımlardan olub. Həftə sonları yaş kateqoriyasına uyğun olaraq nəzərdə tutulmuş milli filmlərin nümayişi valideyn nəzarətindən kənarda qalmış şagirdlər üçün həm maraq, həm əyləncə xarakteri daşıyır. Nümayişlərdən sonra təşkil olunan müzakirələr isə şagirdlərdə layihəyə olan marağı daha da artırır. Layihənin icrasında digər məqsəd şagirdlərdə milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir. Digər layihəmiz Firudin bəy Köçərli adına virtual kitabxanaya səyahətdir. Hər iki dildə kitab ehtiyatı olan bu kitabxanadan şagirdlərimiz səmərəli istifadə edirlər. Məqsədimiz şagirdlərdə mütaliə bacarıqlarını formalaşdırmaq, kompüter və digər texniki vasitələrdən asılı hala gəlmiş şagirdləri bədii qiraətə cəlb etməkdən ibarət olub. Vətən müharibəsi dövründə və daha sonra işğaldan azad olunan torpaqlarla bağlı təşkil olunan dərslər bütün şagirdlərin diqqətini cəlb edib. Böyük auditoriyanı özündə cəmləşdirən bu dərslər azad olmuş torpaqların məktəbləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Dərslərdə həmin torpaqların tanınmış şəxsləri, muğam ustadları o yerlərin tarixi-dini abidələrindən, adət-ənənələrindən dahi şəxsiyyətlərindən, ədiblərindən söhbət açıblar. Məqsədimiz şagirdlərə vətənpərərlik hissini aşılamaq, onları əsl, mübariz vətəndaş kimi formalaşdırmaqdan ibarətdir. Mütəmadi olaraq valideyn iclasları təşkil olunaraq onların rəy və təklifləri öyrənilir, övladlarının təlim nəticələri müzakirə olunur. Xüsusi karantin rejimi başlayan ilk gündən şagirdlər arasında inkişaf dinamikasını izləmək məqsədilə “Google Forms” və “Microsoft Teams” platforması üzərində monitorinq xarakterli yazı işləri aparılır. Bu həm müəllimlərin İKT bacarıqlarının daha da təkmilləşməsinə, həm də şagirdlərdə onlayn imtahandan sərbəst və uğurla keçmək qabiliyyətinin formalaşmasına xidmət edirdi.

 

Yekun olaraq bildirirəm ki, uğurlu təhsil müəssisəsi modeli yaratmaq üçün məktəb rəhbəri davamlı olaraq öz rəhbərlik etdiyi doğma kollektivi, sözün həqiqi mənasında komandası ilə birgə pedaqoji prosesi izləməli, işi düzgün bölüşdürməli, müvəffəqiyyət göstəricilərini müşahidə etməli, sistemli tədbirlər görməlidir. Xüsusilə mövcud vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün əlindən gələni etmək, dövlət tərəfindən təhsilin təşkili üçün qəbul edilmiş müvafiq qərarların, verilən tapşırıqların icrasını yerinə yetirmək də qarşıda duran ümdə vəzifələrdəndir.

 

Belə bir məktəb mühiti və komanda olan yerdə bütün vəzifələrin, qarşıya çıxan bütün problemlərin öhdəsindən gəlmək asan olur.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları