Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 14:07:00
Qarabağın qədim məktəbi  

“Məktəbimizin yaxınlaşan 140 illik yubileyini Ağdamda keçirmək həyacanını və sevincini yaşayırıq”

 

 

Zəngin tarixə malik olan Ağdam şəhər 1 nömrəli orta məktəbin inkişaf yolu olduqca maraqlıdır.

 

Hamıya yaxşı bəllidir ki, Ağdam Qarabağın bir çox sahələrində ilkə imza atıb. Onlardan biri də ilk məktəbin açılışı ilə bağlıdır. Araşdırma nəticəsində əldə etdiyimiz məlumatlardan ən önəmlisi o oldu ki, 1 nömrəli orta məktəb 1883-cü ildə indiki Füzuli rayonunun Qarğabazar kəndindən olan Əsgər bəy Eyvazov tərəfindən Muradbəylidə Əbdül Zamanovun mənzilində açılıb. Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirmiş Əsgər bəy Eyvazovun açdığı və cəmi 5 nəfər şagirdi olan bu məktəbdə dərslər rus dilində keçirilib.

 

Bu addımın atılması o zaman çarizm üçün vacib sayılırdı. Belə ki, qərarın verilməsinin əsas məqsədi idarəçiliyə yerli kadrların cəlb edilməsi, digər tərəfdən çarizm ideologiyasının təbliği, həm də XIX əsrin 60-70-ci illərindəki məktəb islahatı və dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. Məlumatlardan o da bəlli oldu ki, Əbdül Zamanovun mənzildəki qısa müddətli fəaliyyətdən sonra bu məktəb Lenin küçəsindəki (sonralar Eldar Bağırovun adını daşıyırdı) rayon Xalq maarif şöbəsinin yerləşdiyi binanın arxa tərəfindəki evə köçürülmüşdü. Həmin binanın sahibi Xurşud Banu Natəvanın knyaz X.B Usmiyevdən olan oğlu Mehdiqulu xan Vəfanın qızı Ağabikənin əri Əkbər Mirzəyə məxsus olduğu deyilir. Məktəb həmin binada yerləşərkən onun direktoru Qazax rayonundan Əhməd bəy Abbasov olub. Şagirdlərin sayı artdığından sonralar məktəb artıq bu mənzilin kiçik otaqlarına sığışmayıb.

 

1904-cü ildə həmin məktəb sonralar tədris istehsalat kombinatının yerləşdiyi binaya köçür. Bu zaman məktəbin direktoru Ağdamın Gülablı kəndindən olan Abbas İsmayılov olub. Abbas bəy maarifpərvər ziyalı, bacarıqlı təşkilatçı idi. Onun vaxtında məktəb iki sinifli, təhsil müddəti isə 4 il olub. Tədris planında Azərbaycan dili, rus dili, hesab, şəriət, hüsnxətt fənləri var idi. Rus dili fənni K.D.Uşinskinin ”Rodnaya reç” kitabı üzrə tədris edilib.

 

Abbas İsmayılov Ağdamın Abdal kəndində anadan olub. Dayısı Əlixan Tiflisdə dövlət qulluğunda, hərbi işdə çalışıb. Dövrünün tanınmış ziyalısı idi. Əlixan bacısı oğlu Abbası Tiflisə aparıb onun tərbiyəsi ilə yaxından məşğul olur və sonra Qori seminariyasına oxumaga göndərir. 1905-ci ildə Abbas bəy Qori seminariyasını bitirir və təyinatla Bərdənin Ləmbəran kəndinə göndərilir. İki ildən sonra, 1907-ci ildə o, əvvəlcə Qərvənd məktəbinə, 1909-10-cu dərs ilində 1 nömrəli məktəbə  direktor təyin edilir.

 

Əldə etdiyimiz məlumatlarda qeyd edilir ki, A.İsmayılov bütün şüurlu həyatını Qarabağda təhsilin çiçəklənməsinə, əhalinin savadlanmasına, təlim-tərbiyə işinə sərf edir. Abbas bəy 20 il (1909-1929) bu məktəbin direktoru olur. Həmin illərdə ibtidai məktəbi iki sinifli mütərəqqi məktəbə çevirir, təhsil müddətini beş il edir. Sonradan məktəbi genişləndirir, onu əvvəlcə yeddi illik, sonra isə orta məktəb səviyyəsinə çatdırır.

 

A.İsmayılovun xidmətləri həmin məktəbə direktorluq etməsi ilə bitmir. Rayon Xalq maarifi şöbəsinin çox bacarıqlı “inspektor”u olub. Onun təşəbbüsü ilə rayonun Muradbəyli kəndində qızlar məktəbi (sonralar 7 nömrəli rus orta məktəbinin yerləşdiyi bina) və II dərəcəli məktəb açılmışdı.

 

Abbas bəyin səyi, maarifpərvərliyi, böyük qayğıkeşliyi və humanizmi nəticəsində az müddətdə rayonun Seyidli, Sarıhacılı, Ətyeməzli, Qiyaslı, Muradbəyli və başqa kəndlərindən məktəbə təhsil almağa gələn uşaqlar şagird sayını xeyli artırmışdı.

 

Məktəbin o zamanki müəllimlərindən Mirzə Davud Ağamirzəyev ana dilini, Mirzə Məhəmməd şəriət dərslərini, Sonya xanım adlı rus qadını isə rus dilini tədris edirmiş. Onlar hər biri Qori seminariyasının müdavimləri olmuşlar. O zamanlar məktəbə yerli əhali “Abbas bəyin məktəbi”də deyərmiş.

 

1916-17- ci illərdə Rusiyadakı inqilab ab-havası Azərbaycana da təsirsiz ötüşmür.

 

Ölkəmizdə mütərəqqi ideyalar boğulur, xalq maarifinə və məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər sui-istifadə edərək Qarabağın ilk mütərəqqi məktəbini müvəqqəti də olsa, bağlatdırmağa nail olurlar. Nəticədə şagirdlər buradan öz sənədlərini belə ala bilmir. Onlardan bir neçəsi, o cümlədən maarifpərvər Əli İbrahimov Qori seminariyasına oxumağa gedir.

 

1918-ci ildə xalqımızın tanınmış maarifçisi və publisisti F.B.Köçərlinin təşəbbüsü ilə Qori seminariyasının Azərbaycan bölməsi Qazağa köçürülür. Qarabağ əhalisinin maariflənməsində bu nəcib təşəbbüsün böyük faydası olub. Vəli Məmmədov, Kərim Kərimov, Əli Abdullayev, Məhiş Hüseynov, Həsən Həsənov,Vəli və Nəriman Axundovlar və bir çox başqaları həmin seminariyanın yetirmələridir. Qeyd etmək yerinə düşərdi ki, Əli İbrahimov Qori seminariyasını bitirdikdən sonra Ağdama gəlib və öz evində (bir nömrəli hamamın qarşısında, Əli İbrahimov küçəsində) ilk qız məktəbi açıb. O, bununla kifayətlənməyib, məktəb bağlandıqdan sonra təhsildən kənarda qalan Y.Əhmədov, H.Hacızadə və başqalarını toplayaraq sinif təşkil edib. Həmin sinifdə Abbas bəy, Mirzə Davud Ağamirzəyev və Mirzə Məhəmməd dərs deyiblər.

 

Azərbaycan Xalq Cumhuriyyəti illərində məktəb fəaliyyətini bərpa edib, sovet hakimiyyəti qurulduqdan sonra məktəb yeni strukturla açılıb. Abbas bəy və maarifpərvər, bacarıqlı təşkilatçı Mir Kazım müəllim müxtəlif illərdə məktəbə rəhbərlik ediblər.

 

1948-49-cu dərs ilinə qədər şəhər 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasında qalır. Sonralar məktəb sonuncu fəaliyyət göstərdiyi binaya köçüb, o zamandan Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərib.

 

Yeri gəlmişkən qeyd edək ki, Ağdamın erməni işğalına məruz qaldığı illərdə məktəbdə 100 nəfərə qədər müəllim 1300 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olub. Məktəbdəki müəllimlərin hamısı ali təhsilli idi. Məktəbin müasir cihazlarla təmin olunmuş laboratoriyaları, fənn kabinetləri, zəngin kitabxanası, idman zalı və hətta hər il gəlir gətirən geniş məktəbyanı sahəsi var idi.

 

Məktəbin məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru və professor var. Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev, Azərbaycan SSR Elmlər Akademiyasının muxbir üzvü, geologiya- mineralogiya elmləri doktoru Xudu Məmmədov, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, akademik Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev, akademik Dilqəm Tağıyev və onlarla başqa elm xadimləri  məhz bu məktəbin məzunlarıdır...

 

1993-cü ilin iyul ayında Ağdam şəhərinin işğalından sonra 1 nömrəli məktəbin də qismətinə köçkünlük düşdü. Məktəbimiz 1993-94-cü tədris ilində Bərdə şəhərində öz fəaliyyətini bərpa etdi, köçkün müəllimləri işə, şagirdləri isə tədrisə cəlb edə bildik.

 

Bir pedaqoq kimi qürurluyam ona görə ki, 28 ildir, tarixi şöhrəti olan Ağdam şəhər 1 nömrəli orta məktəbə rəhbərliklə bu tədris ocağının ənənələrini davam etdirməyə çalışmışam. Bu illər ərzində ağır şəraitdə fəaliyyət göstərsək də, hər il məzunlarımızın çox hissəsi ali və orta ixtisas məktəblərinə qəbul olaraq, tələbə adını qazanıb. Artıq 8 ildir ki, dövlətimizin qayğısı hesabına məktəbimiz müasir tipli bina ilə təmin olunub. Bu, tədrisin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki, 866 yeni qəsəbənin və məktəbimizin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib...

 

2023-cü ildə məktəbimizin 140 illiyi qeyd ediləcək. Bizim üçün sevindirici haldır ki, Azərbaycan təhsilinin inkişafında öz yeri və izi olan, son 28 ildə köçkün həyatı yaşamış məktəbimizin 140 illiyini doğma Ağdam şəhərində qeyd edəcəyik. Bu bizlər üçün ikiqat bayram olacaq. Bu sevinci, bu qələbəni bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse- prezident Mehriban Əliyevaya,  Müzəffər Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk.

 

Çimnaz Kərimova,

Ağdam şəhər 1 nömrəli orta məktəbin direktoru, "Qabaqçıl maarif xadimi"