Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 10:56:00
Böyükağa Mikayıllının “Dünyanın təhsil mənzərəsi” kitabı - Dünya təhsilinə bir baxış

 

AzEdu.az   Əməkdar  elm xadimi, professor Fərrux Rüstəmovun tanınmış təhsil mütəxəssisi, jurnalist Böyükağa Mikayıllının “ Dünyanın təhsil mənzərəsi” adlı yazısını təqdim edir:

 

 

Azərbaycanda pedaqoji jurnalistikanın təşəkkülü və inkişafında onlarla işıqlı zəka sahiblərinin - Mahmud bəy Mahmudbəyov, Mirzə Qafur Rəşad, Əlisgəndər Cəfərzadə, Pənah Qasımov, Rüstəm Hüseynov, Mirabbas Aslanov, Şahin Səfərov, Şamxəlil Məmmədov, Məhəmməd Baharlı,  Zəhra Əliyeva  və b. adlarını çəkə bilərik ki, onlar elmi-pedaqoji və publisistik yazıları ilə millətin intellektual potensialının formalaşmasına, böyüyən nəslin təlim-tərbiyəsinə və müxtəlif vaxtlarda ölkədə aparılan təhsil quruculuğuna misilsiz xidmətlər göstəriblər. Yüz illik bir ənənə bu gün də eyni şövq və həvəslə davam etdirilir. Pedaqoji jurnalistikanın inkişafına təkan verən yeni mətbuat orqanları  yaradılır, beynəlxalq əməkdaşlıq genişlənir, pedaqoji jurnallarımızın xarici ölkələrdə tanınması, nüfuzlu elmi bazalara daxil edilməsi istiqamətində uğurlu addımlar atılır, maarifləndirici yazılar nəşr olunur. Bu möhtəşəm işlərin  reallaşdırılması şəxsi təşəbbüsdən və fədakarlıqdan  daha çox  eyni amal və məqsəd uğrunda addımlayan, düzgün hədəflər müəyyənləşdirən  komanda işidir.

 

 

 

Müasir dövr pedaqoji jurnalistikamızın dəyərli üzvlərindən biri də Azərbaycan  Jurnalistlər Birliyinin, UNESKO Beynəlxalq Mərkəzinin, UNESKO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının üzvü, “Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibi  Böyükağa Mikayıllıdır.   Mən onu öz dəsti-xətti, yaradıcılıq üslubu və kredosu olan jurnalistlərdən biri kimi tanıyıram. Onun 20 ilə yaxın bir zaman ərzində “Təhsil və zaman”  qəzetinin  nəşrində,  Respublika Təhsil Şurasının fəaliyyətində mühüm xidmətləri olmuşdur. O, yalnız pedaqoji səciyyəli publisistik yazıların deyil, həm də təhsilin tarixi və nəzəri problemləri ilə bağlı ciddi elmi araşdırmaların müəllifidir. Yazıçı, jurnalist, publisist, tədqiqatçı kimi çoxşaxəli yaradıcılığa malik olan Böyükağa Mikayıllı  “İşıq”, “Yaradıcılıq axtarışları”, “Müasir dərs, yeni yanaşmalar”, “Azərbaycanın təbiət abidələri”, “Bir səma altında”, “Bir ömrün simfoniyası”, “Dünyanın Kıbrısı,  Kıbrısın dünyası”, “Yanuş Korçak”, “Sinqapur təhsilinin fəlsəfəsi”  kitablarının və silsilə elmi-publisistik məqalələrin müəllifidir. “Bir səma altında” kitabı UNESKO-nun Beynəlxalq Mərkəzi tərəfindən xüsusi mükafata layiq görülüb. Jurnalistin məqalələri və kitabları ingilis, türk, Ukrayna, rus dillərinə tərcümə olunub. Kitablarının Azərbaycanla yanaşı, Ukraynada, Quzey Kıbrısda təqdimatları keçirilib.

 

 

Böyükağa Mikayıllının Qarabağın erməni işğalından azad edilməsi uğrunda döyüşən, şəhid olan qəhrəman əsgərlərimizə ithaf etdiyi “Dünyanın təhsil mənzərəsi” kitabı təhsil və pedaqoji fikir tarixinə, təhsilşünaslığa dəyərli töhfədir. Kitab sivilizasiyaların yaradıcısı və hərəkətverici qüvvəsi olan məktəblərə - işıq, nur yayan müqəddəs məbədgaha həsr olunub. Fikrimizcə, bəşəriyyətin ən böyük kəşfi yazı və məktəbdir. Yeni tip təhsil ocağının (ibtidai, orta və ya ali) yaranması cəmiyyətin iqtisadi-siyasi və mədəni inkişafının məhsuludur. Cəmiyyətin inkişafının müəyyən mərhələsində meydana gələn məktəb sonrakı dövrlərdə nisbi müstəqillik kəsb etməklə yanaşı, həm də cəmiyyətin tərəqqisinin başlıca amilinə, mədəni yüksəlişin əsas şərtinə, hərəkətverici qüvvəsinə çevrildi. Təhsil mədəniyyəti tarixi inkişafın məhsuludur. Qərinələr bir-birini əvəz edir, dünya insan nəsilləri ilə bir yandan dolur, bir yandan boşalır, ancaq təhsillə bağlı faktlar, nəzəriyyələr, ciddi ümumiləşdirmələr qalır və mənəvi abidələrə çevrilir. Sistemə salınaraq saxlanılan bu ideyalar öz tarixi, sosial və pedaqoji  dəyərini heç vaxt itirmir: ya təhsil tarixini zənginləşdirən elmi faktlar kimi çıxış edir, dövrün xarakterik pedaqoji ruhuna çevrilir, ya da hər zaman müraciət edilə biləcək dəyərli mənbələr kimi istifadə məqamını gözləyir.

Böyükağa Mikayıllının böyük həvəslə tədqiq edib qələmə aldığı dünya təhsilinin ən maraqlı məqamları onun yeni kitabında orijinal şərh üslubu ilə oxuculara təqdim olunur. Dünya təhsilindəki işıqlı cəhətləri görmək, onu təhlil edərək ümumiləşdirmək, Azərbaycanda təhsil quruculuğunda onlardan istifadənin imkan və yollarını müəyyənləşdirmək kitabın əsas qayəsini təşkil edir. Kitab maraqlı struktura malikdir. Öncə, müəllif məktəbləri haqqında məlumat verilir. Bu yanaşma, həm tarixilik, həm də müasirlik baxımından diqqəti cəlb edir. Təhsil tarixinin ön səhifələrinə baxsaq, aydın olar ki, dünyada yaranan ilk məktəblər də ayrı-ayrı müdriklər tərəfindən təşkil olunub: Konfutsi məktəbi, Sokrat məktəbi, Platon Akademiyası, Aristotel məktəbi və s. Kütləvi məktəblərdən fərqli olaraq müəllif məktəblərində müəllim-şagird münasibətləri fərqli müstəvidə qurulur, burada müəllimin fəaliyyəti Günəş işığını xatırladır, hamıya eyni diqqət, eyni münasibət, eyni sevgi. Bu məktəblərdə müəllimlər də şagirdlərlə birlikdə sevinir, birlikdə əylənir, birlikdə “öyrənir”, birlikdə “boy atır”. Müəllim şagirdlərinə gizlədilməsi mümkün olmayan elə bir gözəllik aşılayır ki, uşaqlar bunun nəticəsində həyat həqiqətlərini öyrənir. Bu baxımdan kitabda verilən Berlinin “Mozaika”məktəbinin, Suqata Mitranın “Bulud məktəbi”nin təcrübəsi maraq doğurur. Sonra müəllif xarici ölkələrdə olarkən ziyarət etdiyi, fəaliyyətini tədqiq etdiyi orta məktəblərin təcrübəsini ümumiləşdirir.

 

 

Dünyada qurulan yaradıcılıq akademiyalarında təlimin təşkilinin  orijinallığını “Gələcəyin məktəbini quranlardan biri - Salman Xan”, “Lviv Kiçik Elmlər Akademiyasında”, “İT STEP Akademiyada”, “Əl işi olan Valdorf oyuncaqları”, “Harkness metodu”, “Sokratın yenidən düşünülmüş dialoqu” məqalələrində şərh edən müəllif, həm də  maraqlı nəticələrə gəlmişdir.

 

 

Kitabda dünyanın ən yaxşı, lakin mübahisəli təhsil modeli olan Sinqapur modelinə 14 məqalə (“Sinqapur təhsilinin fəlsəfəsi”, “Sinqapur məktəblərində riyaziyyat necə tədris olunur?”, “Lev Vıqotski ideyaları Sinqapur təlim metodları konsepsiyasında”, “Biliyin dialoq zamanı əldə olunması-Riçard Skempin nəzəriyyəsi”, “Cerom Brunerin üçmərhələli təlim metodu”, “Dyeneşin altımərhələli metodikası”, “Sinqapur məktəblərində qiymətləndirmə necə aparılır?”, “Sinqapur Milli Universiteti”, “Sinqapurda ali təhsilin aynası: Nanyanq Texnologiya Universiteti”, “Nanyanq Texnologiya Universitetinin prezidenti, professor Subra Sureş kimdir?”, “Sinqapurlu gənc necə olmalıdır?”, “Sinqapur təlim metodu, təcrübənin qısa xarakteristikası”, “Unutma, düşün...” “Sinqapur təlim texnologiyaları Rusiya məktəblərində”, “Şagirdlər və müəllimlər “Sinqapur təlim metodu” haqqında nə düşünürlər?”) həsr olunmuşdur. Məqalələr müxtəlif cür adlandırılsa da məqsəd və məram eynidir: Sinqapur təhsilinin fəlsəfəsini, özəlliklərini, fərqliliklərini Azərbaycan oxucusuna çatdırmaq.

 

 

Kitabda dünya universitetləri ilə bağlı verilən araşdırmalar da yeniliyi və müasirliyi ilə seçilir. XII əsrdə universitetlərin yaranması ictimai həyatın canlanmasına, ticarətin və əlaqələrin genişlənməsinə səbəb olduğu halda, müasir universitetlər öz yenilikləri, bəşəriyyəti heyrətə salan elmi kəşfləri ilə “yeni dünya” yaratmağa nail oldular. Bu gün universitetlər dünyadakı inkişafın ən mühüm şərtidir. Hansı ölkənin universitetləri güclüdürsə, həmin ölkənin iqtisadiyyatı, insan kapitalı, elmi və mədəniyyəti də güclüdür. Kitabda ABŞ, Misir, Böyük Britaniya, Almaniya, Çexiya, Rusiya, Quzey Kıbrıs və Ukraynanın son illərdə elmi və təhsil uğurları ilə seçilən universitetləri haqqında verilən yazılar sanki oxucu ilə həmin təhsil ocaqları arasında virtual əlaqə yaradır. Bu yazıların əhəmiyyətli cəhəti odur ki, onlar müəllifin universitetlərdə apardığı tədqiqatların nəticəsi kimi ərsəyə gətirilmişdir.

 

 

Son illərdə azərbaycanlı gənclər öz təhsillərini xarici ölkələrdə davam etdirməyə üstünlük verirlər. Bu baxımdan da xarici ölkələrdə təhsilin təşkili xüsusiyyətlərinin araşdırılması, özəlliklərinin təhlil edilməsi və Azərbaycan təhsili ilə müqayisəli şəkildə təqdim edilməsi çox vacib bir məsələdir.  Müəllifin Amerika, Almaniya, Yaponiya, Cənubi Koreya, Çin, Kuba  və  Əfqanıstan təhsili ilə bağlı yazıları, daha çox bu məqsədə xidmət edir. Kitabda Oksford Universitetinin məzunu kimi tədqim edilən dünya şöhrətli astro-fizik Stiven Hokinq haqqında məqalə də böyük maraq doğurur.

 

 

Dünyanın müasir təhsilinə Böyükağa Mikayıllının baxışı kimi dəyərləndirdiyim “Dünyanın təhsil mənzərəsi” kitabı xarici ölkələrdə orta və ali təhsilin müasir dövrdə inkişafına həsr olunmuş dəyərli bir əsər, xarici ölkələrin təhsil sistemi, universitet tədqiqatçılığı sahəsində orijinal istiqamətdir. Əsərin elmi-pedaqoji üslubda qələmə alınması onun təhsil ictimaiyyəti ilə bərabər, geniş oxucu kütləsi üçün də əlçatanlığını təmin edir. Böyükağa Mikayıllını növbəti əsəri münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.