Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 17:24:00
Nəhəng Standford  Univeristetinə qəbul olan Məhəmməd: “Bu amillər xüsusi rol oynadı”

 

 

Respublika və Beynəlxalq Riyaziyyat olimpiadalarının dəfələrlə qızıl, gümüş, bürünc medalçısı, bir neçə dəfə milli komandamıza beynəlxalq olimpiadalarda rəhbərlik etmiş azərbaycanlı tələbə Məhəmməd Şirinov dünyanın ən güclü ali təhsil müəssisələrindən olan  Standford  Universitetinə qəbul olunub:

 

 

 AzEdu.az Məhəmməd  Şirinovla baş tutan müsahibəni təqdim edir:

 

-Standford Universitetinə qəbul prosesi necə həyata keçirilir?

 

-Qəbul prosesinin necə olduğu tam açıq deyil. Müraciət üçün sizdən yaxşı qiymətlərinizin, yaxşı tövsiyyə  məktublarınızın və güclü “statement of purpose”-nüzün (izah:niyyət məktubu) olmasını istəyirlər. Qəbul şərtlərilə bağlı tək dedikləri şey isə, prosesin çox rəqabətli olmasıdır. Mən də tələb olunan bütün sənədləri yanvar ayında göndərdim və martda qəbul məktubu aldım.

 

-Hansı ixtisas üzrə təhsil alacaqsınız?

 

-“İdarəetmə elmi və mühəndisliyi” magistr proqramına qəbul olmuşam. Bu, bir neçə sahənin əsas prinsiplərini özündə birləşdirən proqramdır. Əhatəsində şirkət idarəetməsi, maliyyə, proseslərin optimizasiyası, sosial şəbəkələrin təhlili kimi bir çox mövzu yer alır.

 

-Standfordla yanaşı başqa hansı xarici universitetlərdən qəbulla bağlı təklif gəldi?

 

 -Daha əvvəl UC Santa Barbara, Virginia Tech və Purdue universitetlərindən təkliflər gəlib. Ancaq ən səbirsizliklə gözlədiyim və ən çox sevindiyim məhz Stanford oldu. Hazırda bakalavr təhsilimi Ankarada Bilkent Universitetində, Kompüter Mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə davam etdirirəm.

 

-Universitet sizi hansı göstəricilərə əsasən seçdi? Xarici ölkələrdəki ali məktəblərə qəbul prosesinin nə kimi çətinlikləri var?

 

-Qəbul şərtləri kifayət qədər şəffaf deyil. Nəzərə alsaq ki, Stanford Universitetinə hər il dünyanın bütün ölkələrindən ən yaxşı tələbələr baş vurur, burada yaxşı qiymətlər avantaj yox, zərurətdir.

 

Buna görə də universitetə, digər başvuranlardan necə  fərqləndiyinizi göstərəcək bir profiliniz olmalıdır.

 

Tövsiyə məktubları böyük rol oynayır. Məhz bunu bilərək, universitetdə yaxşı qiymətlərlə yanaşı araşdırma işlərilə məşğul olmağa çalışmışam və 2 ay Amerikada araşdırma ağırlıqlı təcrübə proqramında iştirak etmişəm. Təxmin edirəm ki, mənim qəbulumda ən böyük rolu oynayan göstəricilər bu araşdırma fəaliyyəti, onun nəticəsində aldığım tövsiyə məktubları və sözsüz ki, “statement of purpose”(niyyət məktubu) olub.

 

-Gələcəkdə fəaliyyətinizi harada davam etdirməyi düşünürsünüz?

 

-Bir müddət xaricdə təhsil almağı və təcrübə qazanmağı davam etdirməyi planlayıram. Müəyyən vaxtdan sonra isə, ölkəmizə qayıdıb öyrəndiklərimi tətbiq etməyi hədəfləyirəm.

 

 

-Xarici universitetlərə hazırlaşan tələbələrə tövsiyələriniz:

 

-Harada, hansı ixtisasda və niyə oxumaq istədikləri haqda əvvəlcədən düşünməyə başlayıb müəyyən bir universitet profili və siyahısı çıxarsalar çox yaxşı olar. Daha sonra bu universitetlərin tələblərini araşdırmaq, web-saytlarında yazılanları oxumaq, eyni zamanda Linkedində universitet məzunlarının profillərini incələmək və forumlarda (Quora və s.) xarici tələbələrin bu universitetlərə qəbul prosesi haqqında oxumaq lazımdır.

 

Oxumaq istədiyiniz universitet profili əvvəldən beyninizdə canlansa, ora qəbul olmaq üçün şərtləri də yavaş yavaş tamamlamağa başlayacaqsınız. Ən sonda isə, güclü bir “statement of purpose” (niyyət  məktubu) hazırlamaq vacibdir. Ancaq bunların hamısından ən vacibi, fikrimcə, kömək almaqdır. Tanışlardan, bilənlərdən və gedənlərdən proses haqda sual soruşmaq, yazdığınız məktubları oxutmaq, seçimlərinizin düzgün olub olmadığını dəyərləndirmələrini istəmək. Bir neçə il ərzində onlarla insandan kömək və məsləhət almasaydım, əminəm ki, Stanford Universitetinə qəbul ola bilməzdim.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları