Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 15:24:00
Respublika birincilərini hazırlayan müəllimin uğur sirri – “Onlayn dərslər daha effektlidir” –Müsahibə

 

 

“Onlayn  hazırlıq  prosesi  ilə  ənənəvi  proses  arasında  keyfiyyat  baxımından  heç  bir  fərq  yoxdur. Əksinə,  onlayn  tədrisdə  keyfiyyət  daha  yaxşı  idi”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu  İnformatika  fənni  üzrə  müəllim  Yadigar  Əliyev  qeyd  edib:

 

“Artıq  3  ildir  ki, mənim  tələbələrim  Respublika  üzrə  birinci  yeri  əldə  edirlər. Bu  il  mənim  üçün  xüsusi  ilə  əlamətdar  oldu, çünki  həm  birinci, həm  ikinci, həm  də  üçüncü  yerə  layiq  görülən  tələbələrin  müəllimi  oldum. Tələbələrimlə  sadəcə  qürur  duydum”.

 

Əvvəlcə  müəllimi  tanıyaq...  Yadigar  Əliyev  bakalavr  təhsilini  Kompüter  mühəndisliyi  ixtisası  üzrə  Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universitetində  alıb. Daha  sonra  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  İdarəetmə Sistemləri  İnstitutunda  Kompüter  elmləri  ixtisası  üzrə  magistratura  səviyyəsində  təhsilini  davam  etdirib. 2017 – ci  ildən  həmin  institutda  böyük  laborant  kimi  fəaliyyətə  başlayıb, artıq  bir  ildir  ki, kiçik  elmi  işçi  kimi  fəaliyyət  göstərir. Həmçinin,  AMEA – nın  İdarəetmə  Sistemləri  İnstitutunda  dissertantdır. Bakı  Dövlət  Universitetində  də  bir  ildir  ki, müəllim  kimi  çalışır, kurslarda  isə  artıq  4- 5 ildir  ki, fəaliyyətini  davam  etdirir.

 

-Yadigar  müəllim, pandemiya  müddətində  imtahana  hazırlıq  prosesi  ilə  bağlı  ənənəvi  proseslə  müqayisədə  nə  kimi  dəyişikliklər, yeniliklər  oldu?

 

-Əslində,  bu ilki  imtahana  hazırlıq  prosesində  müəyyən  müddət  ənənəvi  tədris  rejimində  olduq. Sonradan  sərt  karantin  rejiminin  tətbiqi  səbəbi  ilə  onlayn  tədrisə  keçdik. Belə  desək,  keyfiyyət  baxımından  hər  hansı  bir  problem  yaşanmadı, əksinə,  müəyyən  müsbət  tərəfləri  də  oldu.  Məsələn, dərsi  izah  edib  video  formatda  qeyd  edirdik  və  beləcə  tələbələr  istədikləri  zaman  dərslərə, sualların  izahına  təkrar – təkrar  baxa  bilirdilər. Düşünürəm  ki, bu,  onlayn  tədrisin  ən  müsbət  tərəfi  idi. Ancaq  mənfi  tərəflərindən  biri  də  tələbələrin  internet  problemi  yaşaması  idi. Bu  səbəblə  biz  onlayn  dərslərdə  tələbələrdən  kameraları  açmasını  tələb  etmirdik. Nəticədə  isə  dərslərin  izahı  zamanı  tələbələrin  mimikalarını,  suala  hansı  tərzdə  reaksiya  verdiklərini  görə  bilmirdik. Belə  desək,  bir  növ  robotlaşmış, tələbə  üzərində  idarəni  itirmişdik”.

 

Onlayn  tədrisdə  keyfiyyət  daha  yaxşı  idi

 

-Onlayn  tədrislə  müqayisədə  ənənəvi  tədrisdə  ünsiyyət  zamanı  deyib – gülmək, zarafatlar, maraqlı  epizodlar  olurdu. Onlayn  tədrisdə  isə  proses  mexaniki  şəkildə  davam  edir, heç  kim  bir – birini  görmür  və  sadəcə  səsləri  eşidirik. Keyfiyyat  baxımından  isə  heç  bir  fərq  yoxdur. Əksinə,  onlayn  tədrisdə  keyfiyyət  daha  yaxşı  idi. Tələbələr  suallara  təkrar  baxa  bilir, dərslərin  izahını  istədikləri  zaman  izləyə  bilirdilər.

 

-İnformatika  fənni  üzrə  hazırlaşan  zaman  tələbələr  daha  çox  nədə  çətinlik  çəkir, yaxud  əksinə  hansı  hissələri  daha  yaxşı  mənimsəyirlər? --Ümumilikdə əzbər  və  tətbiq  məsələsi  hazırlıq  prosesində  necə  tənzimlənir?

 

-İnformatika  fənni  sırf  mənim  ixtisasım  olduğu  üçün  deyə  bilərəm  ki, tamamilə  texniki  bir  istiqamətdir. Burada  əzbərçilik  daha  az  olmalıdır. Təəssüf  ki, mövcud  sistem, keçirilən  imtahanlar  demək  olar  ki, əzbərçilik  tələb  edir. Düşünürəm  ki, tələbələri  iki  yerə  bölə  bilərik: əzbərçilikdə  problem  yaşayanlar, texniki  hissələri  çox  rahat  yazır. Yaxud  da  əksinə, rahat  şəkildə  əzbərləyə  bilir, ancaq  texniki  hissələrdə, misallarda  çətinlik  çəkir.

 

“Əksər  tələbələr  mövzunu  tətbiqi  şəkildə  öyrənmək  istəmirlər2

 

-Məsələn, informatikada  4- 5  mövzu  var  ki, bunlar  sırf  praktika  ilə  əlaqədardır : Windows  əməliyyat  sistemi, Ofis  proqramları  və  s.  Tələbələrin  əksəriyyəti  isə  yönəlir  ancaq  kitabdan  oxumağa. Onlara  bildirirəm  ki, kitabdan  oxuduqlarını  açıb  kompüterdə  tətbiq  etsinlər, bu  şəkildə  daha  yaxşı  yadda  qalır. Bu  halda  imtahanı  verdikdən  sonra  da  o  biliklər  yaddan  çıxmır. Bəziləri  tələbələr  buna  əməl  etmir, ancaq  danışıb  fikirlərini  dəyişdirdiyim  tələbələr  də  var. Düşünürəm  ki,  ən  böyük  problem  həmin  o  praktika  bölümündədir  ki, əksər  tələbələr  oxuduqlarını  kompüterə  yönəlib  tətbiq  etmək  istəmirlər. Əzbərləyim, imtahanı  verib  keçib  düşüncəsində  olurlar. Bunu  etməsələr,  onlar  üçün  daha  yaxşı  olar.

 

-Builki  imtahanda  informatika  fənni  üzrə  təqdim  edilən  sualların  çətinlik səviyyəsini  necə  dəyərləndirirsiz?

 

-Digər  fənləri  deyə  bilmərəm, ancaq  düşünürəm  ki,  informatika  fənni  üzrə  olan  suallar  tam  tədris  proqramına  uyğun  idi.Vaxt  aparan  olduğunu  düşünmürəm, kifayət  qədər  normal  suallar  idi.

 

-Magistraturaya  hazırlaşan  tələbələr  bu  fənni  daha  yaxşı  mənimsəmək  üçün  nə  kimi  tövsiyələriniz  var?

 

-Elə  məqamlar  var  ki, birbaşa  əzbərçilikdir. Məsələn, dərsdə  Proqram  təminatı  bölməsi  var. Bu  bölmədə  tələbə  hardasa  70-80  ədəd  bir – birindən fərqli  proqram  adı  öyrənməli  və  onun  hansı  təsnifata  aid  olduğunu  bilməlidir.Bu  zaman  mən  təklif  edirəm  ki, bunları  yazın, qeyd  edin. Tələbələrim  bir  dəftərə  bunları  qeyd  edir, on  dəfə  üzündən  köçürürlər. Bu  mövzuları  səsli  oxuyaraq, göz  yaddaşı  ilə  əzbərləyərək, yazıb  qeyd  edərək  yadda  saxlaya  bilərlər. Öyrənmək  üçün  bir  metod  budur. Sırf  əzbər  olan  bölmələri  yazaraq, dəfələrlə  üzündən  köçürərək. Artıq  əl  öyrəşir  və  avtomatik  beyin  də  yadda  saxlayır.

 

Elə  mövzular  var  ki, mütləq  tətbiqi  şəkildə  öyrənilməlidir

 

-Digər  tərəfdən,  praktik  şəkildə  öyrənə  biləcəyimiz  mövzuları  isə  mütləq  tətbiq  edərək  öyrənsinlər. Eyni  zamanda  bu  mövzular  gələcəkdə  də  lazım  olacaq. Məsələn, Windovs   əməliyyat  sistemi  və  Ofis  proqramları  mövzuları  mütləq  praktik  şəkildə  öyrənilməlidir. Kitabdan  oxuduğumuz  hissələri  gözümüzlə  görsək  daha  yaxşı  olar. Tədrisi  apardığımız  müddətdə  kompüteri  açırıq   və  bunların  hamısını  proyektr  vasitəsi  ilə  göstəririk. Amma  tələbə  burada  sadəcə  dinləyici  olur  və  dərs  bitdikdən  sonra  sadəcə  kitabdakı  məlumatları  oxuyur. Əslində  tələbələrə  təklif  edirəm  ki, oxuyub  dinlədikdən  sonra  özləri  birbaşa  tətbiq  edərək  öyrənsinlər. Bu  zaman  oxuduğu  hissələr  daha  yaxşı  yadında  qalacaq. Məsələn, DİM-in  kitabında  Word  mövzusu  var, təxmini  100 -  150  səhifədən  ibarətdir. Təbii  olaraq  bunu  mənimsəmək  üçün  mütləq  praktika  tələb  olunur. Çox  əzbərçilik  tələb  edən  hissələr  üzündən  köçürülməli, digər  mövzular  tətbiq  edilərək  öyrənilməlidir.

 

Tələbənin  mövzunu  necə  və  hansı  yolla  mənimsəməsində müəllimin  rolu  vacibdir

 

-Tələbələrin  əksəriyyəti  İnformatikanın  yalnız  əzbərdən  ibarət  olduğunu  düşünür. Müəyyən  mövzuların, qurğuların  əksərinin  mahiyyətini  başa  düşərək  yadda  saxlamaq  rahat  olur. Burada  artıq  tədrisi  aparının  da  rolu  vacibdir. O, tələbələrə  hansı  mövzunun  necə  öyrənilməli  olduğu  ilə  bağlı  istiqamət  verməldir. Bir  var  tələbə  mövzunu  olduğu  kimi  əzbərləyə,  bir  də  var  müəllimin  izahı  nəticəsində  tələbə  artıq  mövzunu  rahat  şəkildə  mənimsəyə. Burada  müəllimin  rolu  mühümdür.  Bir  də  misallar  bölümü  var. Burada  artıq  müxtəlif  testlər  üzərində  işləyərək   öyrənmək  olar. Əslində, bu  misallar  elə  bir  qeyri – adi  riyazi  bilik  tələb  etmir, amma  problem  yaşayan  tələbələr  üçün  müxtəlif  sual  tipləri  həll  edərək  bunun  öhdəsindən  gələ  bilərlər.

 

Son  olaraq  müəllim  bildirib  ki, əsas  olan  tələbələrin  özlərinə  olan  inamıdır:

 

“Elə  tələbələr  var  ki, misalı  ümumiyyətlə  oxumur, deyir  mənlik  deyil.Halbuki  oxusa  yaza  biləcək  vəziyyətdədir. Bu  səbəblə  psixoloji  olaraq  özlərini  yanıltmasınlar”.

 

Qeyd  edək  ki, 28  fevral  tarixində  keçirilən  magistratura  səviyyəsi  üzrə  qəbul  imatahanlarının  nəticələri  elan  edildi.Nəticələrə  əsasən  ən  yüksək  nəticə  96  baldır.