Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 17:38:00
Mətbuat katiblərindən 3 yaşlı AzEdu-ya təkliflər:  “Bu  layihələri mütləq edin”

 

 

Bu  gün  AzEdu   təhsil  portalının  yaranmasından  üç  il  ötür.

 

Gözəl  təbriklər  almaqla  yanaşı  yeni  təkliflər  və  fəaliyyətimizi  daha  uğurlu  davam  etdirməyimiz  baxımından  iradları  da  öyrənmək  bizim  üçün  zəruridir.

 

Bu  münasibətlə  ali  təhsil  müəssisələrinin  AzEdu  ilə  bağlı  nə  kimi  təklif  və  iradlarının  olduğu  ilə  maraqlandıq.

 

AzEdu.az  bununla  bağlı  universitetlərin  mətbuat  katibləri  ilə  sorğunu  təqdim  edir:

 

Azərbaycan  Texniki  Universitetinin  mətbuat  katibi  Sevinc  İsgəndərova:

 

“AzEdu  təhsil  portalının  3 yaşını  təbrik edirəm. İşim  təhsil  sahəsi  ilə  bağlı olduğu  üçün  AzEdu  mənim  hər  gün  oxuduğum  saytlardan  biridir.  3  ildir ki, portal  təhsil  sahəsində  çox  maraqlı  və  faydalı  xəbərlər  yayımlamaqda davam  edir. Portal  Azərbaycan  Texniki  Universitetində  həyata  keçirilən yenilikləri  də  hər  zaman  oxuculara  dəqiq  və  operativ  çatdırır. Əlbəttə  ki, saytın  maraqlı  və  oxunaqlı  olmasında  əməkdaşların  əməyi  danılmazdır. Mən  AzEdu  portalının  gənc  və  peşəkar  komandasını  təbrik  edirəm  və  hər birinə  uğurlar  arzulayıram. Sizinlə  əməkdaşlıq  etmək  hər  zaman  xoşdur.

 

AzEdu-nun  fəaliyyəti  ilə  bağlı  iradım  yoxdur. Maraqlı  layihələrinizin, hədəfləriniz  və  məqsədlərinizin  olması  çox  gözəldir. Başda  portalın rəhbərliyi olmaqla  bütün  kollektivə  yalnız  uğurlar  arzu  edirəm!”

 

Bakı  Ali  Neft  Məkətibinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  müdiri  Zamirə  Ədilova:

 

“İlk olaraq  dəyərli  AzEdu.az  kollektivini  portalın  fəaliyyətə  başlamasının növbəti  ildönümü  münasibətilə  səmimi-qəlbdən  təbrik  edirəm. Fəaliyyət göstərdiyi  bu  3  illik  qısa  müddət  ərzində  portal  təhsil  sahəsindəki  müasir tendensiyaları  özündə  ehtiva  edən  unikal  plaforma  rolunu  oynamağı bacarıb. Həqiqətən də, spesifik  sahələr  üzrə  media  orqanlarının  mövcud olması  oluqca  müsbət  haldır. Çünki  bəzən  çoxsayalı  xəbər  emalı  prosesində  ayrı-ayrı  sahələr  üzrə  yeniliklər  diqqətdən  yayına  bilər. Bu baxımdan,  sahəvi  informasiya  resursları  bütün  zəruri  məlumatları  bir platformada  cəmləməsi  üçün  effektiv  imkana  malikdir.

 

Şöbə  müdiri  AzEdu-nun  fəaliyyəti  ilə  bağlı  vacib  məqamları  dəyərləndirib

 

AzEdu.az  portalının üstün  cəhətlərindən  biri  də  yalnız  hazır  məlumatlar,  press - relizlər, mətbuat açıqlamaları  kontekstində  fəaliyyət göstərməməsidir. Burada  çalışan  gənc jurnalistlər  həqiqətən  də  faydalı  araşdırmalar, müsahibələr,  informasiya janrının  bir  çox  növündə  eksklüziv məlumatlar  hazlayıb, oxucu  kütləsinə təqdim  edirlər. Elə  portalı  digərlərindən  fərqli  və  tələbatlı  edən  də  bu nüansdır. Şəxsi  müşahidələrim göstərir  ki, portalın  idarəetmə  sistemi də düzgün  qurulub, ən  azından  Baş  redaktor  Elmin  Nurinin  bir  çox  təhsil layihələrinin  təşəbbüskarı  kimi, eləcə  də  mühüm  məsələlərdə  ekspert rolundan  çıxış  etməsi  onun  təhsil  sahəsinəki  dərin  biliklərinə  və təcrübəsinə  dəlalət  edir.

 

O, eyni  zamanda  AzEdu-nun  gələcək  fəaliyyəti  üçün  maraqlı  təkliflər  irəli  sürüb:

 

“Əziz  həmkarlarıma  acizanə  təklifim  portalı   müasir  trendlərə  uyğun  olaraq texniki  baxımdan  daha  da  təkmilləşdirmək  olardı. Faydalı  informasiyanın estetik  çatdırılması  üçün  onun  təqdim  edildiyi  platforma  da  vizual cəlbədici  və  isifadəçiyönülmü  olmalıdır. Digər  bir  tərəfdən  mən  qabaqcıl ölkələrin  təhsil  sahəsində  apardığı  islahatları, mütərəqqi  qərarları  da AzEdu.az  vasitəsi  ilə  Ana  dilimizdə  oxumaq  istərdim. Gələcəkdə fəaliyyətinizi  onlayn  TV  formatında  daha  da  genişləndirmək  də  yəqin  ki, planlarınız  sırasındadır. Bakı  Ali  Neft  Məktəbi  ilə  səmərəli  əməkdaşlıq üçün  Ali  Məktəbimizin  rəhbərliyi  və  şəxsən  öz  adımdan  sizə  təşəkkür  edir, məqsədyönlü  fəaliyyətinizdə  yeni  nailiyyətlər  arzu  edirəm.”

 

 

  Bakı  Mühəndislik  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  müdiri  Elman  Babayev:

 

“Sayta  elə  bir  iradım  mövcud  deyil. Çünki  yarandığı  gündən  sıx  əməkdaşlıq  edirik. Elə  bir  hal  olmayıb  ki, saytın  əməkdaşları  ilə  aramızda  hansısa  anlaşılmazlıq  yaransın. Təkliflərə  gəldikdə  isə, sizdən bir  oxucunuz  kimi təhsil  sahəsi  ilə  bağlı  maarifləndirici  yeni  layihələr  gözləyirəm. Eyni zamanda  orta  məktəb  şagirdləri, institut  tələbələri  ilə bağlı  da  müəyyən  yeni layihələr  həyata  keçirib, onları  öz  daimi  oxucularınız  sırasına qatmağınızı  arzu  edirəm.

 

Şöbə  müdiri, ildönümü  münasibəti  ilə  öz  təbriklərini  də  çatdırıb:

 

AzEdu.az  saytının  fəliyyətə  başlamasının  üçüncü  ildönümü  münasibətilə  bu  media quruluşunun  əməkdaşlarının  hər  birini  ürəkdən  təbrik  edir, fəaliyyətlərində  yeni – yeni  müvəffəqiyyətlər  arzu  edirəm.  AzEdu.az  ötən  3  ildə  öz  üslubuna, dəst - xəttinə, amalına  sadiq  qalaraq  təhsil, elm  sahəsində  baş  verən  hadisələrə  nüfuz  edib  və  pedaqoji  maarifləndirmə  istiqamətində  səmərəli  fəaliyyət  göstərib. Geniş  auditoriyaya  malik  təhsil  sahəsində  çalışanların  böyük  əksəriyyəti  demək olar  ki, sizin saytın  izləyiciləri  sırasındadır. Qısa  müddətdə  oxucularla  doğmalaşan  sayt  müasir  jurnalistikanın  bütün  zəruri  tələblərinə  cavab  verməklə  öz fəaliyyətində, xüsusilə  obyektivlik, dəqiqlik, operativlik  kimi  vacib  prinsipləri  daim  qoruyub  saxlayıb.

 

Ən  əsası  isə  AzEdu.az  təhsil  siyasətinin  təbliğatçısı  kimi  məsul  və  şərəfli  funksiyanı  layiqincə  yerinə  yetirə  bilib.”

 

 

Lənkəran  Dövlət  Universitetinin  Mətbuat  və  İnformasiya  xidmətinin  rəhbəri  Esmira  İsmayılova:

 

“AzEdu-nun  öz  dəsti  xətti  var. Reklamdan  qaçınır, oxucunu  əsasən, analitik, digər  saytlarda  tapa  bilmədiyimiz  yazılarla  maraqlandırmağa  çalışır. Bu  baxımdan  fəaliyyəti  təqdirəlayiqdir.  Bağçalardan  ali  məktəblərə  qədər  təhsilin  bütün  pillələrini  əhatə  edən  daha  çox  layihə  və  məqalələr  görmək  istəyərik. Təhsil  sahəsində  kifayət  qədər  tanınmış  simalar  var, artıq  biz  yeni  simalara  ehtiyac  duyuruq. Bəlkə  bizim  kəndlərimizdə, digər  şəhərlərimizdə  elə  müəllim  və  şagirdlərimiz  var  ki, onları  tanımaq  bütün  respublika  üçün  maraqlı  olar. Onların  üzə  çıxarılması  təhsil  ilə  məşğul  olan  bir  mətbuat  nümayəndəsi  kimi  mənim  üçün  çox  maraqlı  olar. Təhsil  sahəsində  yeni  qəhrəmanlar  istəyirik.

 

O, AzEdu-nun  fəəaliyyətini  dəyərləndirərək  öz  təkliflərinə  əlavə  edib:

 

“Hazırda  bütün  saytlar  demək  olar  ki,  eyni  rəngdir. AzEdu  bu  baxımdan  fərqlənir. İstəyir  və  çalışır  ki,  mümkün  qədər  yeknəsəqlikdən  qaçsın. Hazırki  rubrikaları  çox  maraqla  izləyirəm, ancaq  yeni  rubrikaların  da  əlavə  olunması  arzuolunandır. Məsələn, yazı  müsabiqələrinin  keçirilməsini  təklif  edərdim.

 

Bütün  kollektivi  doğum  günü  münasibəti  ilə  təbrik  edirəm. Bu  təhsil  portalına  uzun  ömür  və  uğurlu  yol  arzu  edirəm.”

 

Azərbaycan  Dövlət  Memarlıq  və  İnşaat  Universitetinin  Mətbuat  və  informasiya  şöbəsinin  müdiri  Nəcibə  Mirzəyeva:

 

“AzEdu-nun  fəaliyyəti  ilə  bağlı  hər  hansı  bir  iradımız  yoxdur.  Əksinə,  universitet  olaraq  belə  təhsil  saytlarının  çox  olmasını təhsilimizin  həm  müsbət, həm  də  mənfi  tərəflərinin  orada  işıqlandırılsın. Bu  bizim  fəaliyyətimizin düzgün  irəliləməsi  üçün  də  çox  əhəmiyyətlidir. Bizim  görmədiyimiz  çətinliyi  yaxud  səhvi  təhsil  ilə  məşğul  olan  digər  şəxslər  görüb  biz  bildirə  bilər  ki, bu  problemləri  aradan  qaldırmaq  üçün  əlimizdən  gələni  edək. Bu  baxımdan  AzEdunun  fəaliyyətini  alqışlayırıq.

 

Şöbə  müdiri, AzEdu-nun  gələcək  fəaliyyəti  ilə  bağlı  maraqlı  təklif  irəli  sürüb:

 

Müəllimlik  elə  bir peşədir  ki, daim  cəmiyyətin  diqqətində  olur. Bu gün  yaşlı  nəsil  ilə  gənc  nəsil arasında  müəyyən  problemlər  olur. Hər  nə  qədər  inkişaf  etmiş  innovasiyalar  desək  də,  müəllimlik  fəaliyyətində  yaşlı  nəslin  nümayəndlərinin  təcrübələri  danılmazdır. Belə  müəllimlərin  tapılması, onların  təcrübələrin  öyrənilməsi  və  gənc  nəslə  göstərilməsi  ilə bağlı  bir  layihə  görmək  maraqlı  olardı. Belə  yaşlı  müəllimlərimiz  hiss etsinlər  ki,  onlara  dəyər  verilir, təqaüd  müddətinin  çatmasına  baxmayaraq  cəmiyyət  tərəfindən  unudulmurlar. Onlar  bütün  ömürlərini  gənc  nəslin təlim-tərbiyəsinə  həsr  ediblər.

 

Bu  gün  AzEdu-nun  ildönümüdür. Başda  Elşad  Eyvazlı  və  Elmin  Nuri  olmaqla  bütün  kollektivi  təbrik  edirik. Daima  axtarışda  olan, enerjili, gənc  kollektivə  daima  uğurlar  arzu  edirəm”.

 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  İctimaiyyətlə  əlaqələr  şöbəsinin  müdiri  Elnarə  Məmmədova :

 

“AzEdu-nun  yaranmasının 3-cü  il  dönümü  münasibəti  ilə  bütün  kollektivi  ürəkdən  təbrik  edirəm.Uğurlarının  daimi,  yeniliklərinin  davamlı  olmasını  arzu  edirəm. İradlara  gəldikdə  isə  hər  hansı  bir  narazılığımız, yaxud  iradımız  yoxdur. Gələcək  fəaliyətində  AzEduya  uğurlar  arzu  edirəm.”

 

Mingəçevir  Dövlət  Universitetinin  İctimaiyyətlə  əlaqələr şöbəsinin  nümayəndəsi  Qurban  Qurbanzadə:

 

“Bu  gün  AzEdu-nun  yaranmasında  3  il  ötür.  Bu  münasibətlə  AzEdu  kollektivini  təbrik  edir,  bol  uğur  və  nailiyyət  arzu  edirəm.

 

Portalın  fəaliyyəti  ilə  bağlı  hər  hansı  bir  narazılıq, yaxud  iradımız  yoxdur. Portal  fəaliyyətini operativ  şəkildə  davam  etdirir. Hazırki  dövrü  nəzərə  aldıqda  multimedia faylları  daha  baxımlı  olur.  Bu  baxımdan  videoreportajlar  təqdim  etmək  maraqlı  olardı”.

 

Bakı  Avrasiya  Universitetinin  Mətbuat  və  İnformasiya  xidmətinin  rəhbəri  Şəfayət  Avılbəyli:

 

“Azərbaycan  media  məkanında  təhsil  portalı  olaraq  müstəqil  informasiya siyasəti  aparan  AzEdu.az -a  birinci  növbədə  təşəkkür  edirik. İndiyə  qədər təhsilin  bütün  sferalarını  əhatə  edəcək  bir  informasiya  boşluğunu  aradan qaldırmağa  ehtiyac  var  idi  və  AzEdu.az  bu  boşluğu  aradan  qaldırmağa çalışır  və  deyərdim  ki, müvəffəq  olub. Portalla  bağlı  bir  çox  layihələri  izləyirəm.

 

O, AzEdu-nun  fəaliyyəti  ilə  bağlı  maraqlı  təklif  irəli  sürüb:

 

“Təklif  edərdim  ki, internat  və  inteqrasiya  tipli  məktəblərdə  xüsusi qayğıya  ehtiyacı  olan  uşaqların  bilik  və  bacarıqlarını  da  işıqlandırasız. Bir layihə  formasında  da  ola  bilər.Onlarında   xüsusi  qabiliyyətləri  var  və tanınsa  daha  gözəl  olar.

 

Eyni  zamanda  portal  bu  gün  3  yaşını  qeyd  edir.İnanıram  ki, bizi  uğurlara və  inkişafa  aparan  təhsilimizlə  yanaşı  AzEdu.az  da  həyatımızda  böyük səhifələr  açmağa  qərarlıdır”.