Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-01 15:29:00
Bu kitab Azərbaycanda ilkə imza atdı – BP ilə AzEdu-nun layihəsi

 

 

 

BP şirkətinin maliyyə dəstəyi ilə AzEdu MMC tərəfindən həyata keçirilən layihə çərçivəsində çap olunan “Ömrün uğurlu bünövrəsi” kitabı ictimaiyyətə təqdim edildi.

 

 

Vəsait uşaqların düzgün tərbiyələndirilməsinə və uğurlu yetişdirilməsinə istiqamət verməklə yanaşı, ilkin məktəbəqədər tədrisin də bir çox özəlliklərini özündə cəmləyir.

 

 

AzEdu.az-a danışan kitabın müəllifləri vəsaitin əhəmiyyətindən söz açıblar:

 

 

Kitabın  həmmüəllifi və elmi redaktoru, Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova vəsaitin əhəmiyyətindən danışıb:

 

 

“Respublikamızda ilk dəfədir ki, belə formatda vəsait hazırlanır. Kitabdan həm ailə həyatı qurmağa hazırlaşan gənclər, həm də yeni ailə quran gənc ailələr, valideynlər, həmçinin məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilər bəhrələnə biləcəklər. Məlumdur ki, uğurlu gələcək möhkəm bünövrənin üzərində qurulur.

 

Bu möhkəm bünövrənin qurulması bizlərin əlindədir. Burada söhbət  təkcə tərbiyənin təşkilindən getmir. Kitabın vacib məqamlarından biri tibbi, sosioloji, psixoloji tərəflərin bərabər səviyyədə nəzərə alınmasıdır. Təqdim olunan vəsaitdə bu cəhətlər əhatə olunub. Həmçinin, məktəbəqədər təhsil üzrə  dünya təcrübəsinin öyrənilməsi də işin keyfiyyətli təşkilinə xidmət edir.

 

 

Mən bu vəsaitin hamı üçün əlçatan olmasını məqsədəuyğun hesab edir və ümid edirəm ki, vəsait yeni nəslin sağlam, hərtərəfli inkişafına töhfə verəcək”.

 

 

Təhsil İnstitutunun baş mütəxəssisi Lalə İmanova “Ömrün uğurlu bünövrəsi” kitabı haqqında fikirlərini bildirib:

 

 

“Mən də kitabda öz sahəmə uyğun olan hissələri təqdim etdim. Uşaqların bətndaxili və nitqi inkişafı zamanı hansı səhvlərin onlarda qüsurlara yol açacağı haqqında məlumat vermişəm. Bu azyaşlı uşaqlar üçün unikal bir vəsaitdir. Onların inkişafında mənəvi, fiziki, tibb və dini tərəfdən izahlar verilib. Həmçinin, kitabda hamilə qadınların qidalanması və həyat tərzi ilə əlaqədar informasiyalar əhatə olunub. Çünki uşaqların sağlam doğulması olduqca vacib məqamdır. Sonra isə azyaşlıların düzgün şəkildə böyüdülüb, inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Kitabda 6 yaşa kimi uşaqların yetişdirilməsi üçün lazımlı məqamlar diqqətə çatdırılıb. Valideyn və bağça müəllimləri bu vəsaiti stolüstü kitab edə bilərlər. Burada tibbi, psixoloji və təlim-tərbiyə aid bir çox məqamlar əksini tapıb. Bu Azərbaycanda bu tipdə olan ilk kitabdır”.

 

 

Qeyd edək ki, AzEdu.az təhsil portalı tərəfindən təklif olunan və BP şirkətinin maliyyə dəstəyi ilə çap olunan “Ömrün uğurlu bünövrəsi” kitabının ideya müəllifi sosioloq Əhməd Qəşəmoğludur. Kitab onunla yanaşı, əlavə 8 müəllif tərəfindən ərsəyə gətirilib: Laləzər Cəfərova, Lalə İmanova, Ülviyyə Mikayılova, Xalidə Musayeva, Məftunə İsmayılova, Anar Qafarov, Ramidə Məmmədova, Azadə Əhmədova.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları