Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-26 15:11:00
ADNSU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Oflayn qaydada Xocalıdan olan tələbələrin və onların valideynlərinin iştirak etdiyi tədbirə onlayn qaydada universitetin onlarla professor-müəllimi də qatılıb.

 

AzEdu.az xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlər haqda danışaraq Xocalı soyqırımını müstəqil Azərbaycanın tarixində ən dəhşətli faciələrdən biri kimi dəyərləndirib. Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi səciyyələndirən rektor M.Babanlı həmin qətliyamın Azərbaycan tarixinin ən kədərli hadisəsi kimi daim yaddaşlarda qalacağını qeyd edib. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun qəhrəmanlığı və bütövlükdə Azərbaycanın dəmir yumruğu sayəsində 30 ildir ki, düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən professor Mustafa Babanlı Xocalıda şəhid olanların ruhunun bu qələbə ilə şad olduğunu diqqətə çatdırıb.

 

Daha sonra Xocalı soyqırımının şahidləri başlarına gələn qanlı hadisələrdən, yaxınlarına, ailə üzvlərinə qarşı törədilən dəhşətlərdən söz açaraq  29 il öncəki acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. İllərdir gözlədikləri arzunun həyata keçdiyini, bu qanlı faciədən 28 il sonra - 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasının onlar üçün əvəzsiz təsilli olduğunu dilə gətiriblər.

 

Xocalıdan olan ADNSU-nun tələbəsi Aytac Quliyeva çıxış zamanı soyqırımı haqqında valideynlərindən, müəllimlərindən eşitdiyi dəhşətlərdən danışıb. Ötən il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğurnda başlanan müharibəni sakitcə seyr etmədiyini qeyd edən Aytac Quliyeva bildirib ki, bir gənc kimi informasiya müharibəsində tələbə yoldaşları, dostları ilə birlikdə ermənilərə tutarlı cavablar verib, Vətənə, Azərbaycan əsgərinə dəstək olmağa çalışıb. Aytac Quliyeva ali təhsilli mütəxəssis kimi gələcək fəaliyyətini Xocalıda davam etdirəcəyini, orada yaşayıb-yaradacağını deyib.