Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-26 13:15:00
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin rəhbərliyi “Ana fəryadı” abidəsini ziyarət ediblər.

 

AzEdu.az xəbər verir ki, daha sonra Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn anım tədbiri keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə  çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA Qafqazşünaslıq İnstitutunun direktor müavini, Tarix üzrə fəlsəfə elmləri doktoru Ramilə Dadaşova, Bakı Ali Neft Məktəbinin İngilis dili və humanitar fənnlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Xocalı soyqırımının tarixi təfərrüatları ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.

 

Rektor Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək təxminən 30 il davam edən düşmən işğalından 44 gündə ərazilərimizi azad etdi. Rektor qeyd edib ki, bununla da, Xocalı soyqırımı qurbanlarının, həmçinin də digər şəhidlərimizin qisası alınıb.

 

Tədbirdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş, Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımının antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə seçildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması  Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti daim məlumatlandırılır və müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. 

 

Tədbir iştirakçıları Ermənistan Respublikasının Xocalı soyqırımında olduğu kimi, 44 günlük Vətən Müharibəsi dövründə də insanlıq əleyhinə cinayətlərini davam etdirdiyini vurğulayıblar.

 

Ermənistanın məqsədyönlü şəkildə hərbi əməliyyatlar keçirilən ərazidən uzaqda yerləşən şəhərləri, mülki şəxsləri, infrastrukturu ballistik raketlər və kaset bombaları ilə hədəfə alması nəticəsində 100 mülki şəxsin qətlə yetirildiyi qeyd edilib.

 

Daha sonra Xocalı soyqırımını və Vətən müharibəsində düşmənin məğlubiyyətini əks etdirən video çarx nümayiş olunub.

 

Xatırladaq ki, bütövlükdə, Xocalı faciəsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib. 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirib.