Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 15:56:00
Azərbaycandan olan tələbənin qətli ilə bağlı təhqiqat başa çatıb  

Volqoqradda Azərbaycandan olan 17 yaşlı Tibb Universitetinin tələbəsi Timur Qavrilovun öldürülməsinin təhqiqatı başa çatdırılıb.

 

AzEdu.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Volqoqrad regionu üzrə İstintaq İdarəsi bildirib.

 

Xatırladaq ki, 2020-ci il iyunun 12-də Volqoqradda Tibb Universitetinin 17 yaşlı tələbəsi, əslən Azərbaycandan olan Timur Qavrilov vəhşicəsinə qətlə yetirilib. İstintaqın versiyasına görə volqoqradlı Vitali Vasilyev T.Qavrilovu bıçaqla yaralayıb və bundan sonra Volqoqrad vilayətindən Smolenskə qaçıb.

 

Vitali Vasilyev milli nifrət motivləri əsasında adam öldürmək, odlu silahda qeyri-qanuni şəkildə dəyişiklik edilməsi, həmçinin odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi, saxlanması və daşınması maddələri üzrə ittiham edilib. Hazırda cinayət işi üzrə təhqiqat başa çatıb. Təqsirləndirilən şəxs 12 cilddən ibarət sübutlar bazası ilə tanış olduqdan sonra əlavə istintaq aparılması barədə vəsatət verib, əlavə istintaqın gedişində həmin əməlin törədilməsində təqsirkar olmasını etiraf edib.

 

İstintaq materialları və ittihamnamə yaxın vaxtda Volqoqrad vilayəti prokurorluğuna göndəriləcək.(Azərtac)