Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 17:02:00
Təhsil tədqiqatçısı Pasi Sahlberq “Yeni çağırışlar”da öz təcrübələrini bölüşüb

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberq olub.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramın bu bölümündə Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəbləri müzakirə edilib.

 

Proqramda “T-NETWORK”un koordinatoru Cəfər Mənsimi Azərbaycanın 190 illik tarixi olan Şuşa Realnı Məktəbi haqqında qısa məlumat verib.

 

Pasi Sahlberq qeyd edib ki, özü bir məktəb qurarsa, o məktəbin digərlərindən fərqi təhsil prosesində kollektivçiliyə xüsusi önəm verilməsi, məktəbin əməkdaşlıq ruhu ilə seçilməsi, məktəbin fəaliyyətində və idarə olunmasında şagirdlərin cəlb edilməsi, tədris zamanı real problemlərin araşdırılması və həlli yollarının tapılması olacaq.

 

Professor Finlandiya təhsili ilə bağlı miflərdən də danışıb: “Dünyada ən yaxşı təhsil sisteminin Finlandiya olduğunu deyirlər. Bunun meyarlarını müəyyənləşdirmək çətindir. Finlandiyanın təhsil nəticələrini ölkədə havanın çox soyuq olması, bu soyuqda əsas məşğuliyyətin yalnız təhsildən ibarət olması, eləcə də balaca ölkə olması, burada mədəniyyət müxtəlifliyinin olmaması ilə əlaqələndirənlər yanılırlar. Çünki təhsil nəticələrinin ölkənin miqyası, coğrafi yerləşməsi, mədəni müxtəlifliyi ilə əlaqəsi yoxdur. Biz deyə bilmərik ki, miqyası və iqlimi Finlandiya ilə eyni olan ölkələrin təhsil nəticələri də eynidir. Digər bir mif Finlandiyada ev tapşırıqlarının olmamasıdır. Təbii ki, Finlandiyada da ev tapşırıqları var. Sadəcə, onların təyinatı fərqlidir”.

 

Pasi Sahlberq Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarındakı geriləməsinin səbəblərini də açıqlayıb: “Təhsil sistemləri tənəzzül yaşayır. Ümumi bir geriləmə var. Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarında geriləməsinin səbəbləri ilə bağlı 3 təxmin etmək olar - şagirdlərin məktəbdəki və asudə vaxtları arasındakı fərq, onların getdikcə daha az oxuması və texnologiyaya etibar etmələri, şagirdlərin yuxuya daha az vaxt ayırması”.

 

Finlandiyada müəllim seçimi meyarlarından bəhs edən Pasi Sahlberq ömürboyu şagird qalacaq tədqiqatçı ruhlu müəllimlərin seçilməsinə üstünlük verildiyini xüsusi vurğulayıb. O qeyd edib ki, müəllim olmaq istəyən şəxslər ciddi seçimdən keçir. Onlarda ixtisas fənni ilə yanaşı, çərçivədən kənar düşünmə, tənqidi düşüncə, tədqiqat və komanda ilə işləmək bacarıqları axtarılır. Humanist və mənəvi-əxlaqi şəxsi keyfiyyətləri xüsusi ilə dəyərləndirilir. Həmçinin başqasının ehtiyacını başa düşən və qarşıdakı şəxsə “bacaracaqsan” mesajını verə bilən şəxslərə üstünlük verilir. Namizədlər nə üçün müəllim olmaq istədiklərini aydın və inandırıcı şəkildə əsaslandırmalıdırlar.

 

Təhsil nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanan proqramda izləyicilərin də sualları cavablandırılıb.

 

Qeyd edək ki, Pasi Sahlberq Finlandiya təhsil sistemini dünyaya tanıdan alim kimi tanınır. Karyerasına müəllim kimi başlayan Pasi Sahlberq fəaliyyətini Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor, Harvard Universitetinin qonaq professoru, Dünya Bankının baş təhsil mütəxəssisi, Avropa Təlim Fondunun aparıcı təhsil mütəxəssisi kimi davam etdirib. Azərbaycan, Türkiyə, Orta Şərq və Rusiya Federasiyası da daxil olmaqla dünyanın bir çox təhsil liderlərinin məsləhətçisi olub. Hazırda Avstraliyanın “New South Wales” Universitetinin təhsil siyasəti üzrə professoru, Şotlandiyanın birinci naziri və Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin beynəlxalq müşaviridir. Bir çox nüfuzlu mükafatlar, eləcə də müəllifi olduğu “Fin dərsləri: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələri öyrənə bilər?” kitabı ilə dünyanı dəyişdirmə potensialı ideyasına görə “Grawemeyer” mükafatını qazanıb.

 

Pasi Sahlberq “Uşaqlar oynasın: oyunlar məktəblərimizi xilas edəcək və uşaqları inkişaf etdirəcək” və "Müəllimlərə güvənirik: dünya səviyyəli məktəblər üçün Fin yolu” kitablarının həmmüəlifidir. 2021-ci ildə “Fin dərsləri 3.0: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələr öyrənə bilər?” adlı yeni kitabı çap edilib.

 

Xatırladaq ki, “Yeni çağırışlar” “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat olub.