Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 09:13:00
“İstedadlı tələbələr təkcə Bakıda deyil, regionlarımızda daha çoxdur” - REPORTAJ

 

 

Müəllim cəmiyyətimizin güzgüsüdür. Bu güzgü nə qədər təmiz, nə qədər pak qalarsa gələcəyimiz də, bir o qədər sağlam olacaq. Ali təhsilimizdə müəllimlik ixtisasının özünəməxsus yeri var. Son illərdə dövlətimizin bu peşəyə diqqəti və qayğısı hədsiz artırılıb. İstər MİQ imtahanlarının şəffaf keçirilməsi, istər yerdəyişmələrin və yerləşdirmələrin düzgün aparılması, istərsə də "Gələcəyin müəllimi" təqaüdü buna əyani misaldır.

 

Bir admin olaraq mənim də borcumdur ki, son illərdə böyük inkişaf yolu keçən müəllimlik peşəsinə diqqətimi artırım. Elə buna görə də az tanınan region universitetlərindən birinə yollandım. Daha dəqiq desəm, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına. Hər şeyi olduğu kimi deyəcəm - mənfisi və müsbəti ilə. Filial Qubanın mərkəzi küçələrinin birində yerləşir. Ona görə də tapmaq çətin olmadı. Bizi filialın direktoru Yusif Alıyev qarşıladı. Yusif müəllim filiala il yarımdır ki, direktor təyin olunub. Mən onu daha çox illər öncə TV kanallarından birində eyni verilişdə birgə qonaq olarkən tanımışdım.

 

Filialın 2 tədris binası və 1 tələbə yataqxanası var. Binalar ötən əsrin 30-cu və 60-cı illərdə tikilib. Filial ADPU-nun tərkibində olmamışdan əvvəl ləğv edilən Azərbaycan Müəllimlər İnstitutunun balansında idi. Görünür o zamandan binalara lazımi diqqət göstərilməyib. Ancaq hiss olunurdu ki son illərdə binaların fasad hissəsində və auditoriyalarda daxili imkanlar hesabına müəyyən qədər təmir edilib. Buna akt zalını, Heydər Əliyev lektoriyasını, IT otaqlarını, tələbə yeməkxanasını misal göstərmək olar.

 

Diqqətdən kənarda qalan filialda pandemiya qaydaları gözlənilmək şərti ilə bəzi aktiv tələbələrlə görüşüm oldu. Təxminən 3 saat onlarla söhbət etdim. Öncə söhbət çox sıxıcı olsa da, sonradan tələbələr sanki açılışdılar. Akt zalında baş tutan görüşdə mən Qubada yaşayan və orada təhsil alan bir çox savadlı tələbə ilə şəxsən tanış oldum. Aralarında bu imtahan sessiyasını ortalama 100 balla bitirən Murad, təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənarda qalmaq məcburiyyəti ilə üz üzə qalan, ancaq son anda filial rəhbərliyinin güzəştli təkidlərilə təhsilə cəlb olunan istedadlı Sürahi xanım, filialın məzunu, həm də tərbiyə işləri üzrə direktor müavini və belə desəm, tələbələrin dostu olan Aysel xanım vardı. Görüş o qədər maraqli keçdi ki, tanıdığım digər kəsləri yadımdan çıxdığı üçün deyə bilmirəm. Sadəcə onu deyə bilərəm ki, filialın çox savadlı tələbələri var.

 

Direktor Yusif müəllim gələcək planlarından danışdıqca filialın parlaq gələcəyinin olması sezilir. Hər bir qərarını tələbələrlə bölüşən, universitetdə 15 tələbə klubunun tamamilə tələbələrin ixtiyarına verilməsində birbaşa rolu olan gənc Yusif Aliyevə və tələbələrə uğurlar arzulayaraq xoş duyğularla oranı tərk etdim.

 

Çox istərdim ki, Təhsil Nazirliyi Quba filialına həmçinin digər filiallara diqqətini artırsın. Bilirəm bu zamanla həll olunan məsələdir. Ancaq bu işi gecikdirmək olmaz. İstedadlı tələbələr təkcə Bakıda deyil, regionlarımızda daha çoxdur. Onları və mühitlərini inkişaf etdirmək və tanıtdırmaq lazımdır.

 

Zöhrab Süleyman