Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-22 15:56:00
“Ənənvi tədrisin tam bərpası getdikcə mümkünləşir” - Deputatlar

 

 

“Həyat artıq yavaş-yavaş  öz axarına qayıdır”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

 

Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada bərpası mərhələli olaraq davam  etdirilir.

 

“Xüsusilə də ibtidai siniflərdə tədrisin bərpasına ehtiyac var”

 

Açıqlaması zamanı F.Yıldırım tədrisin bərpasının əhəmiyyətini də qeyd edib:

 

“Bir neçə ay əvvəl ölkədə yoluxma sayları olduqca yüksək idi. Xəstəxanalara koronoviruslu xəstələri yerləşdirmək çox çətinləşirdi.  Bu gün artıq o çətin günlər müşahidə edilmir. Lakin hər hansı addım atarkən ölkədəki durum təhlil edilməlidir. Qarşıda duran əsas məqsəd vətəndaşların sağlamlığının qorunmasıdır.  Ölkəmizdə vaksinasiyanın başlanılması da, yoluxma saylarının azalmasında təsirli olacaq.  Gedişat onu göstərir ki, həyat artıq yavaş-yavaş  öz axarına qayıdır.

 

Gündəlik yoluxma sayları azaldıqca məktəblərdə tədrisin tam  bərpası da mümkünləşir. Lakin bu  məktəblərin tamamilə açılacağı demək deyil.

 

Aşağı siniflərdə, xüsusilə də ibtidai siniflərdə tədrisin bərpasına ehtiyac var. Bu siniflərdə tədrisə nəzarət güclü olmalıdır. Digər siniflərə gəldikdə isə, sosial məsafə gözlənilməklə və növbəli formada bərpa edilə bilər. Bu zaman sosial məsafə və gigiyenik qaydalara əməl edilməlidir”.

 

“Karantin dövründə onlayn dərslər keçirilirsə də, ənənəvi  dərsləri tam əvəz edə bilmirdi”

 

Deputat  Eldar Quliyev də açıqlaması zamanı həmkarı F.Yıldırımla oxşar fikirlər səsləndirdi:

 

“Ölkədə koronavirusa yoluxma sayları azalıb, vaksinasiya aparılır. Lakin vaksinasiya xəstəliyin birbaşa məhv edilməsi demək deyil. Bu sadəcə xəstəliyin daha yüngül keçirilməsinə şərait yaradır. 

 

Yoluxma sayı azaldıqca məktəblərin açılmasına getmək olar.

 

Karantin dövründə onlayn dərslər keçirilirsə də, ənənəvi  dərsləri tam əvəz edə bilmirdi.  Uşaqlar məktəbdə tək təhsil almır, eyni zamanda, onların dünyagörüşləri də inkişaf edir.  Sinfin, məktəbin,  kollecin, universitetin təhsilalanın fərd kimi yetişməsində əhəmiyyəti böyükdür.

 

Artıq şagirdlər də tələbələr də öz sinif, qrup yoldaşları, müəllimləri üçün darıxırdılar.  Bütün günü kompüter qarşısında dayanmaq uşaqların bədəninə, ilk növbədə, gözlərinə zərər verir.    Ekran şüası onlar üçün çox ziyanlıdır”.

 

Xatırladaq ki,  məktəblərdə I-IX siniflər üçün tədris   2021-ci il 8 fevral tarixindən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında,   2021-ci il 15 fevral tarixindən isə, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda mərhələli formada bərpa edilib.