Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-19 14:16:00
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının (PMS) verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, DİM imtahanlara hazırlaşan namizədlərə kömək məqsədilə fevralın 21-də imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanı təşkil edəcək.

 

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan verənlər zallarda bir-birindən lazımi uzaq məsafədə əyləşdiriləcək.

 

Qeydiyyat yanvarın 22-dən fevralın 15-dək DİM-in internet səhifəsində aparılıb və sınaq imtahanda iştirak etmək üçün 80 nəfər müraciət edib. İmtahan DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binası) yerləşən binasında kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

 

Sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilir.

 

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək.

 

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından bu kitabça ilə mütləq tanış olmaları xahiş edilir. Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

 

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edilərək imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir).