Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 14:17:00
“Burada direktorlar məmur sayılır, yüksək əməkhaqqı alırlar” – Türkiyədə məktəb rəhbəri

“Türkiyədə  məktəb  direktorlarını  Milli  Eğitim  Bakanlığı (Təhsil  Nazirliyi)  təyin edir. 4  il sonra isə bir məktəbdə  fəaliyyət  göstərən direktorun  işi  bitir  və  onun  təyinatı  başqa  məktəbə  verilir.”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Türkiyədə  fəaliyyət  göstərən  Mübariz  İbrahimov  adına  Azərbaycan  məktəbinin  direktoru  Məshəti  Şərif  Özyürek  bildirib.

 

O, Bakı  Dövlət  Universitetinin  Hüquq  fakültəsinin  məzunudur, eyni  zamanda  jurnalist  kimi  də  fəaliyyət göstərib. 2020-ci ildən isə Azərbaycan  Eğitim və  Kültür  Derneği  nəzdində  fəaliyyət  göstərən  Mübariz  İbrahimov  adına  Azərbaycan  məktəbinin  direktoru  olaraq  fəaliyyətinə  davam  edir.

 

“Bizdə  təhsil  alan  şagirdlər  bir  müddət  sonra  Azərbaycana  qayıdır”

 

Bizim  məktəbimiz  Dərnək  nəzdində  fəaliyyət  göstərdiyi  və  Azərbaycan  təhsil  sistemi  ilə  işlədiyi  üçün  bizdə  bəzi  meyarlar  fərqlidir. Əsas  olan, məktəbin  düzgün  idarə  olunması, sənədlərin  hazırlanmasıdır. Biz  də  Təhsil  Nazirliyimizin  açıqladığı  qərarları  həyata  keçiririk. Çünki burada   təhsil  alan  şagirdlər  bir  neçə  il sonra  Azərbaycana  qayıdır.

 

Müəllimlər  və  direktorlar  dövlət  məmuru  sayılır

“Türkiyə və Azərbaycanda  direktorlarının   fəaliyyəti  əsasən  eynidir. Sadəcə  burada  direktorlar  və müəllimlər  məmur  sayılır  və  yüksək  əmək haqqı  alır. Bu  müqavilə  ilə işləyən  müəllimlərə  aid  deyil. Həmçinin  müəllimlər  və  direktorlar  iş  yerlərini  seçə  bilmir. Onlar  polis  və  əsgər  kimi  öz  təyinatlarını  gözləyirlər. İstənilən  bölgəyə  təyinləri  çıxır  və  buna  əsasən  ora  gedirlər”.

 

Pandemiya  dövründə  şagirdlər  üçün  əlavə  dərs  kitabları  paylanıldı

 

“Burada  dərslər  Milli  Eğitim  Bakanlığı'nın  EBA  tətbiqi  vasitəsi  ilə  keçirilir. Nazirlik  şagirdlər  üçün  əlavə  dərs  kitabları  çıxardı  və  o  kitabları  məktəblərə  payladı.  Direktorlar  müəllimlərlə  işləyir  və  yeni  qaydalar  üçün  təlimatı  müəllimlər  ondan  alır. Amma  şagirdlərlə  işləmək  birbaşa  müəllimlərin  işidir. Dərslər  hər  gün  mütəmadi  olaraq  EBA  vasitəsi  ilə  keçirilir”.

 

 

 

Rəhbər  müəllimlər  uşaqlara  pandemiya  dövründə  psixoloji  dəstək verir. Onlarla  Zoom  proqramı vasitəsi  ilə  ayda  bir  dəfə  fərqli  mövzuda  söhbət  edir. Eyni  zamanda  rəhbər  müəllimlər  hər  ay  valideynlər  üçün  də  zoom  konfranslar  təşkil  edirlər. Hər dəfə bu  görüşlərə  fərqli  mütəxəssilər  qatılır. Uşaqlarla  davranış, uşaq  istismarı, pandemiya  dövründə  şagirdlərin  dərsə maraq  göstərməsinin  yolları  və  s.  mövzuda  valideynlərlə  də  görüşür.

 

Qeyd  edək  ki, Azərbaycanda  fevral  ayının  19 – da  direktorların  işə  qəbulu üzrə  ilk  onlayn  sınaq  imtahanı  keçiriləcək.