Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 18:03:57
Alimlərdən xərçəngin müalicəsində önəmli ADDIM    

Bir qrup danimarkalı alim tarixdə ilk dəfə süni insan yumurtalıq toxumalarını yaratmağa nail olub. 

AzEdu.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bununla xərçəng və digər doğum qabiliyyətinə təsir edə biləcək xəstəliklərdən sonra da qadınların nəsil artırma problemləri aradan qalxacaq. 

“Rigshospitalet” Danimarka Milli Hospitalının ekspertləri transplantasiya üçün süni yumurtalıq yarada biliblər.

Onlar, reagentlərin köməyi ilə birləşdirici toxuma çərçivəsini saxlamaqla yumurtalıq toxumalarını xərçəngdən zədələnmiş hüceyrələrdən təmizləyiblər. Daha sonra qadın orqanizmindən əldə edilmiş sağlam follikullar bu çərçivəyə  nəql edilib. 

Bu üsul onkoloji xəstəliklər riski olmadan təkrar implantasiya imkanı yaradır.

Laboratoriyalarda siçanlar üzərində sınaqdan keçirilmiş bu üsul yaxşı nəticələr verib. Heyvanlara iyirmi insan follikulundan ibarət xüsusi hazırlanmış yumurtalıq toxuması nəql edilib. Onların dörddə biri üç həftədən çox müddət ərzində canlı qalıb və həmin yumurtalıqların ətrafında qan damarları meydana gəlib. 

Siçanlar üzərində aparılan sınaqlar uğurlu nəticələr göstərsə də alimlər insanlar üçün bu texnologiyanın hələ tam hazır olmadığını bildirirlər. 

“Bu, bizim bu yumurtaların canlılığını təmin edə biləcəyimizi göstərən ilk sübutdur. Lakin qadın orqanizmində bunu sınaqdan keçirməyimiz üçün hələ uzun müddət lazımdır” – layihənin ekspertlərindən Syüzan Pors bildirib.

Ekspertin fikrincə hələ 5-10 il sonra bu üsulu insanlar üzərində tam əminliklə sınaqdan keçirmək mümkün olacaq. 

Əvəz ZEYNALOV