Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 17:17:00
“Pulun yarısını ailəmə, qalanını  isə təhsilim üçün dəyərləndirəcəm”-Lütfi Zadə  təqaüdçüləri 

Lütfi  Zadə  irsi  və  Süni  İntellekt  Assosiasiyası  ilə AzEdu  Academy-nin ortaq layihəsi  olan  Lütfi  Zadə  adına  təqaüdü  alacaq  tələbələr  məlum oldu.

 

Tələb  olunan  bütün  şərtlərə  cavab  verən  iki  tələbə  bu  təqaüdə  layiq  görülüb.

 

AzEdu.az  xəbər  verir  ki,  onlardan  biri  Bakı  Dövlət  Universitetinin  tələbəsi  Məmmədova  Aygün, digəri  isə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  tələbəsi  Vəlizadə  Fidandır.

 

Məmmədova  Aygün  İlkin  qızı  Bakı  Dövlət  Universitetinin  Tətbiqi  riyaziyyat  və  kibernetika  fakültəsinin (komputer  elmləri  ixtisası  üzrə) III  kurs  tələbəsidir:

 

“Hazırda  Quba  rayonunda  yaşayıram. Atam  Birinci  Qarabağ  müharibəsinin  iştirakçısı  olub, II qrup  əlildir. Müharibə  zamanı  ayağından  güllə  yarası  alıb, ürək  əməliyyatı  keçirib, hazırda  işləmir.”

 

Təqaüdü  təhsilim  üçün  dəyərləndirəcəm

 

“Diqqətimi  əsasən  təhsilimə  yönəltməyə, özümü  inkişaf  etdirməyə çalışıram. İxtisasım  üzrə  müxtəlif  dillər  öyrənirəm. Universitetlərdə  ənənəvi  tədris  bərpa  olunduqdan  sonra  ixtisasım  üzrə  kursa  getmək  istəyirdim. Mənə  təyin  edilən  təqaüdü  əsasən  bu  istiqamətdə  dəyərləndirəcəm.

 

Mənəvi  dəstək  önəmlidir

 

“Düşünürəm  ki, qazi  və  şəhid  övladlarına  istər  təhsil  istiqamətində, istərsə  də  həyatlarının  digər  sahələrində  maddi  dəstəklə  yanaşı  mənəvi  dəstək  verilməldir. Mənəvi  dəstək  daha  önəmlidir.”

 

Aygün, universiteti  bitirdikdən  sonra  əvvəlcə  magistratura  üzrə  təhsilini  davam  etdirmək, daha  sonra  isə  işləmək  istədiyi  bildirib.

 

“Təqaüdün  yarısını  ailəmə dəstək  üçün, digər  yarısını  isə  təhsilimi   təkmilləşdirmək  üçün  dəyərləndirəcəm”.

 

Digər  tələbə  Vəlizadə  Fidan  Aqşin  qızı  isə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  Rəqəmsal  İqtisadiyyat  fakültəsinin (kompüter  elmləri  ixtisası  üzrə) I kurs  tələbəsidir:

 

“Təhsil  almağım  və bu  günlərə  gəlməyim  üçün  valideynlərim  çox  əziyyət  çəkiblər. Onların  üzərimdə  əməyi çoxdur. Bizim  öz  evimiz  olmadığına  görə illərdi  kirayədə yaşayırıq. Ona  görə  bu  təqaüdün  yarısını  ailəmə dəstək  üçün, digər  yarısını  isə  təhsilimi   təkmilləşdirmək  üçün  dəyərləndirəcəm.”

 

Seçilməyim  gözlənilmədən  oldu, tam  yerinə  düşdü, çox  sevindim

 

“Təhsilimi  daha  da  təkmilləşdirmək  üçün  kurslara  getmək  istəyirəm. Mənə  təyin  edilən  təqaüd  bu  səbəblə  tam  yerinə  düşdü. Təqaüd  vasitəsi  ilə  ixtisasım  üzrə  kurslara  yazılıb  biliyimi  artıra, özümü  daha  da  inkişaf  etdirə  bilərəm. Təqaüdün  veriləcəyi  tələbələrdən  biri  olaraq  seçilməyin  gözlənilmədən  oldu, bunun  üçün  çox  sevindim.”

 

Atam  Vətən  müharibəsində  də  iştirak  etmək  istəyirdi, gedə  bilmədi

 

“O dövrdə atam  müharibədə  babamın  əmisi  nəvəsi  ilə birlikdə  iştirak edib. O itkin düşüb və hələ  də  heç  bir  xəbər  yoxdur. Müharibədən  hadisələri, yaralıları  xatırlamaq, eyni zamanda  bu  itki ona  çox  pis  təsir  edir. Atam  İkinci  Qarabağ  Müharibəsində də iştirak etmək  istəyirdi, amma  yaş  məhdudiyyəti  səbəbi  ilə  gedə  bilmədi. O, Vətən müharibəsi  ərəfəsində televizor  qarşısından  çəkilmirdi. Bizə  deyirdi  ki, mən o anları  yaşamış, şahid  olmuş  biri olaraq  necə çətin olduğunu  anlayıram. Atam  müharibədə  aldığı  psixoloji  travmalar səbəbi  ilə  aylarla  müalicə  alıb.”

 

Fidan  qeyd  edib  ki, qazi  və  şəhid  övladlarının  əsasən  təhsili  ilə  maraqlanılmalıdır. Bu  baxımdan  onlara  maddi  və  mənəvi  dəstəyin  göstərilməsi  arzuolunandır.

 

Qeyd  edək  ki, seçilən  tələbələrin  hər  ikisi  Birinci  Qarabağ  müharibəsində  iştirak  etmiş  qazilərin  övladlarıdır, eyni  zaman  komputer  elmləri  ixtisası  üzrə  təhsil  alırlar.