Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-03 07:08:22
Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

"Xaricdə dini təhsil alan azərbaycanlıların sayı 3 min nəfərdən çoxdur. Onların əksəriyyəti həmin ölkələrdəki dini ideologiyaların təsirinə məruz qalan və həmin ölkələrdə hazırlanan ədəbiyyatlardan istifadə etmişlər. Din amili həmin ölkələrdə dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mənəvi dəyərlərimizə ziddir".

AzEDU Modern.az-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Onun sözlərinə görə, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar.

Maraqlıdır, azərbaycanlılar dini təhsil üçün daha çox hansı ölkələr müraciət edirlər? Ümumiyyətlə xaricdə dini təhsil almağa ehtiyac varmı?

“Dini təhsil adı ilə insanlara yanlış ideologiyalar aşılayırlar”

Bununla bağlı  “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli danışıb:

“Məlum olduğu kimi indiyə qədər Azərbaycanda təhsilin formalaşma dövrü idi. Sovet dönəmində dini təhsilin hər hansı bazası mövcud deyildi. Demək olar ki, hər şeyə sıfırdan başlamalı olmuşuq. Hazırda isə dini təhsil müəssisələri tədricən lazımi  standartlara yaxınlaşır və  bu proses davam edir. Sovet İttifaqı dağıldıqdan sonra  Azərbaycanda dərhal dini təhsil almaq şəraiti olmadığından insanlar  xaricə üz tuturdular. Bunu bütün tələbələrə  şamil etmək olmaz.

Mən  xaricdə  təhsil alan, vətəninə, xalqına bağlı insanlar  tanıyıram. Amma bəzən də  xaricdə təhsil alan insanların müəyyən qərb ideologiyasının təsirinə məruz qalmasının da şahidi olmuşuq. Bəzən dini təhsil adı ilə insanlara yanlış ideologiyalar aşılayırlar. Ona görə də daha yaxşı olar ki, dini təhsil şəxslərə Azərbaycanda verilsin. Bu istiqamətdə də addımlar atılır”.

İran, Türkiyə, Misir...

Hacı Şahin Həsənli həmçinin azərbaycanlı tələbələrin dini təhsil üçün ən çox üz tutduqları ölkələrdən də söz açıb:

“Ölkədə dini təhsil müəssisələri yaradılır, artıq  bu, bir sıra bölgələrdə də reallaşdırılacaq. O cümlədən, ölkədə müəyyən dini institutlar fəaliyyət göstərir. Yəni təhsilin keyfiyyəti artdıqca azərbaycanlıların xaricə axınına da ehtiyac qalmayacaq.

Təbii ki, xaricdə təhsil qadağan deyil. Qanunvericilikdə də bu istiqamətdə müəyyən dəyişiklik edildi. Xaricdə dini təhsil alan təlbələr QMİ və müvafiq dövlət qurumları ilə razılşadırıldığı halda məscidlərdə dini ayinlər icra edə bilərlər.

Vətəndaşlarımız dini təhsil üçün daha çox İrana, Səudiyyə Ərəbistana, Türkiyəyə və Suriyaya gedirdilər. Lakin Suriyadakı münaqişələrdən sonra ora gedən  tələbələrin sayında azalma müşahidə edilir. Eyni zamanda, Misir və İraqa  üz tutanların sayı çoxdur. Özbəkistana  müraciət edənlər var, lakin həmin tələbələrin sayı çox azdır. Əsasən, qeyd etdiyim ölkələrdir”.