Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 11:12:00
 Müsahibə mərhələsində iştirak edəcək müəllimlər üçün QIZIL tövsiyələr- VACİB

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

 

Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

 

Müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları müvafiq komissiya tərəfindən yoxlanılır.

 

AzEdu.az prosesi ardıcıllıqla təqdim edir:

 

Namizədlərin peşəkar kompetensiyaları yoxlanılır. Yəni namizədlərin bilik və bacarıqları habelə onların müxtəlif situasiyalarda davranışları və s yoxlanılır.

 

Namizədlərin psixoloji hazırlığı yoxlanılır. Bu prosesdə namizədin psixoloji durumu, şəxsi keyfiyyətləri, pedaqoq olaraq ümumi keyfiyyətləri qiymətləndirilir.

 

Dünya görüşü yoxlanılır. Bu mərhələdə dünya görüşünüzü yoxlamaq üçün müxtəlif sahələri əhatə edən suallar verilir.

 

Namizədə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur və namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər.

 

Bu qeyd edilən proseslər müsahibənin əsasını təşkil edir. Hər 4 prosesdən uğurla keçən namizədlər sonda uğur qazanmış olurlar. 

 

Bu prosesi uğurlu keçmək üçün namizəd nə etməlidir?

 

Namizədlər müxtəlif resurslardan müsahibə materiallarını əldə etməli və daim tətbiq edilən yeniliklərdən xəbərdar olmalıdır. Müəllim olmaq istəyirsinizsə müəllimlərin işə qəbulu ilə bağlı müxtəlif resursların axtarışında olmalısınız. Bu resursları daim izləyib sizə yararlı olacaq əlumatları və materialları kompyuterinizə və ya mobil telefonunuza yükləyib oxumalısınız.

 

Müsahibə mərhələsində sualları cavablandıran namizədlər loru dildə, ləhcə ilə danışmamalıdır.

 

Müsahibə mərhələsində iştirak edəcək ekspertlər müəllim namizədlərin geyimlərinə də fikir verir. Ekspertlər üçün maraqlıdır ki, müəllim namizədləri müsahibə mərhələsinə nə dərəcədə səliqəli, zövqlü geyiniblər. Çünki şagird qarşısında dərs deyən müəllim səliqəli olmalıdır. Münsifləri heyəti "kifayətdir" deməyənə qədər müəllim namizədləri mövzu haqqında ətraflı danışmalıdırlar.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları