Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 12:24:03
“Hər ali məktəbin öz generator otağı var, amma…” – Mingəçevir “böhranı” təhsilimizi necə zədələyərdi?

Dünən gecə saatlarında  Mingəçevir şəhərində fəaliyyət göstərən “Azərbaycan” İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Hadisə nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb. 

Bəs sözügeden hadisə tədris ilində və səhər saatlarında baş versəydi, yəni, dərslərin davam etdiyi zamana təsadüf etsəydi, o zaman Azərbaycan məktəblərini, şagird və müəllim kontingentini  nə gözləyirdi? 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılov deyib ki, Mingeçevir  elektrik stansiyasında baş verən yanğının tədris ilində baş verməsi o qədər də böyük əhəmiyyət daşımazdı:

“Bu hadisə ilk növbədə Azərbaycanın təhlükəsizliyi ilə bağlı olan məsələdir. Biz müharibə şəraitində yaşayan ölkəyik. Bizim düşmənimiz var. Hər bir ölkənin müdafiə sistemi- ölkənin hərbi hava hücumlarından müdafiəsi və s. işıqla çox bağlıdır. Eləcə də ölkənin daxilindəki ictimai mərkəzlərdə, təhsil müəssisələrində, xəstəxanalarda baş verəcək hadisələrin işıqla birbaşa əlaqəsi var. Uzun müddətdə bütün respublikada işığın keçməsinin nə demək olduğunu bilirsiniz? Bu bizim təhlükəsizlik məsələmizdir. Qaranlıqda düşmən təyyarəsi sərhəddi keçsə, onu necə görə bilərik?!”

Ekspertin fikrincə, dünənki hadisənin  qarşını almaq üçün qabaqcadan profikaktik tədbirlər görülməli idi:

“Belə bir olayın baş vermə ehtimalı kimi məsələlər mütləq araşdırılmalı idi. Hesab edirəm, buna məsul olan qurumlar təhlükəslik və hərbi sistemdə, eləcə də enerji sahəsində müəyyən tədbirlər görməli idilər. Təəssüf ki, qabaqlayıcı tədbirlər görülməyib. Bu bizə yəqin ki, dərs olar. Alternativ enerji mənbələrimiz də var. Amma görünür onlar da kifayət qədər yaxşı deyil”.

Bakı Gəmiqayırma Zavodunun Texniki Təminat şöbəsinin rəisi Rəşid Bərgüşadlının sözlərinə görə, özünü müəssisə sayan, dəyərli bir iş gördüyünə əmin olan hər kəs fövqəladə hallarda sabit işini davam etdirmək üçün ehtiyat tədbirlər planına malik olmalıdır:

“Elektrik kəsintisinin elmi auditoriyaya nəsə ciddi təsir edə biləcəyini düşünmürəm. Hər bir ali məktəb binasının generator otağı var və belə hadisələrdə ehtiyat tədbiri kimi ən yaxşı vasitə budur”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib. Yanğın  bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması  (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları