Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-05 11:52:00
MDU tələbə gənclərin uğuru münasibətilə görüş keçirilib - FOTO

2021-ci ilin 4 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin Tələbə Gənclər Təşkilatının sədr əvəzi Elmira Hüseynli ilə görüşüb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülən İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəridə Rüstəmzadə də iştirak edib.

 

MDU-nun Tələbə Gənclər Təşkilatının (TGT), ilk dəfə olaraq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsini mühüm uğur kimi dəyərləndirən rektor bu münasibətlə E.Hüseynlini və universitetin bütün tələbə gənclərini təbrik edib. 2020-ci il ərzində MDU tələbələrinin universitetin və regionun ictimai həyatındakı fəal rolundan danışan Ş.Bayramov TGT-nin əldə etdiyi bu nailiyyətin regionda yerləşən universitetin nüfuzunun və cəlbediciliyinin yüksəlməsinə mühüm töhfə olduğunu bildirib.

 

Yeni dövrün layiqli gəncləri kimi yetişə bilmələri üçün tələbələrə yüksək bilik və savad əldə etməklə yanaşı, universitet həyatının bütün sahələrində fəallıq göstərməyi tövsiyə edən rektor tələbə gəncləri daha çox təşəbbüskar olmağa və müasirləşmə dövrünü yaşayan MDU-nun hərtərəfli inkişafında aktiv iştiraka dəvət edib.

 

Universitet adına qazanılan uğurdan məmnunluğunu ifadə edən E.Hüseynli pandemiya dövrünün çətinliklərinə baxmayaraq, tələbə təşkilatlarının fəaliyyətinə, müxtəlif layihələrin icrasına və tələbə gənclərə göstərilən davamlı dəstəyə görə bütün tələbələr adından təşəkkürünü bildirib.

 

Universitetin tələbələri ilə fəxr etdiyini vurğulayan rektor görüşün sonunda E.Hüseynliyə MDU-nun Fəxri Fərmanını, F.Rüstəmzadəyə isə ATİAHİ-nin təqaüdünü təqdim edib.

 

Qeyd edək ki, MDU-da tələbəyönümlü məzmunun yaradılmasına, tələbələrin universitet idarəçiliyində iştirakının artırılmasına və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsüsi diqqət yetirilir.