Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 14:20:00
Yeni imtahan qaydaları, ənənəvi tədrisin bərpası-Təhsil İcmalı

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 25-31 yanvar tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Müəllimlər məcburi vaksinasiya olunmayacaq:

 

“İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir”.

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

“Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır. Heç bir məcburetmə halı burada qeyd olunmayıb”.

 

Ənənəvi tədris yenidən dayandırılacaq?

 

“Hər açılmadan 14 gün sonra onun  hansı nəticə verəcəyini bilmək olar”.

 

Bunu Təhsil nazirliyinin şöbə müdiri Vəfa Yaqublu nazirliyin media nümayəndələri üçün təşkil etdiyi onlayn seminarda səsləndirib.

 

“14 gün müdddətində yoluxma kritik həddə çatsa, V və IX  siniflərin ənənəvi tədrisə qayıtması ləngiyəcək. Lakin bu vəziyyət baş verməsə, dərslər davam edəcək. Həmçinin,digər təhsil pillərinin açılması də yoluxmanın hədinindən aslıdır”.

 

Yaşı 65-dən yuxarı müəllimlərin əməkhaqqı saxlanılacaq

 

 

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı təhsilverənlər cəlb olunacaq. Təhsil müəssisəsinin qərarı ilə tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı müəllimlərdə yaranan fasilələr onların iş vaxtına daxil ediləcək və əməkhaqqı saxlanılacaq.

 

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

 

Növbəti tədris ili üçün MİQ müsabiqəsi nə zaman keçiriləcək?

 

Müəllimlərin işə qəbulu üzrə növbəti müsabiqənin keçiriləcəyi tarix və format barədə məlumat cari tədris ilinin sonunda ictimaiyyətə açıqlanacaq.

 

Bu barədə Təhsil Nazirliyindən cavab olaraq bildirilib.

 

Növbəti tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçiriləcəyi tarix və format barədə hazırda dəqiq məlumat yoxdur. Bu barədə məlumat cari tədris ilinin sonunda ictimaiyyətə açıqlanacaq.

 

Direktorların İşə Qəbulu nə zaman keçiriləcək?

 

Təhsil ictimaiyyətini maraqlandıran məsələlərdən biri də direktorların işə qəbulu müsabiqəsinin bu il nə vaxt və hansı formatda keçirilməsi ilə bağlıdır.

 

Təhsil Nazirliyi bildirib ki, direktorların işə qəbulu müsabiqəsinin keçirilməsi ilə əlaqədar hazırlıq işləri həyata keçirilir.

 

Müsabiqənin əvvəlki illərdə olduğu kimi mərkəzləşdirilmiş 4 mərhələdən ibarət müsabiqə yolu ilə keçirilməsi nəzərdə tutulub. Müsabiqənin keçirilmə tarixləri barədə ictimaiyyətə öncədən məlumat verilib.

 

Magistraturaya qəbulda 2 dəfə şans veriləcək

 

“Magistraturaya qəbul imtahanları  28 fevral tarixində keçirilməsi nəzərdə tutulur” 

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə DİM-in onlayn mətbuat konfransı zamanı səsləndirib.

 

O, magistraturanın ən kütləvi imtahan olduğunu qeyd edib:

 

“Magistratura ilə bağlı məsələlər növbəti həftədən DİM-in 1 nömrəli abituryent jurnaalında dərc olunacaq. 9 fevraldan isə sənəd qəbulu başlayacaq. Bu ildən etibarən isə tələbələrə ikinci dəfə magistratura imtahanında iştirak etmək şansı veriləcək”.

 

9-cu sinif üzrə  buraxılış imtahanı 1 mərhələdə keçiriləcək 

 

"9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”.

 

Bunu DİM sədri M.Abbaszadə mətbuat konfransında səsləndirib.

 

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri hazırda Nazirlər Kabinetində baxılmaqdadır”.

 

 

Azərbaycan dili fənnindən imtahanın keçirilmə qaydası dəyişdirildi:

 

“Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən  Azərbaycan dili (dövlət dili kimi) fənni  imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır”.

 

Bu fikirləri DİM sədri Məleykə Abbaszadə mətbuat konfransı zamanı deyib.

 

“Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”.

 

Gənc müəllimlərə verilən kompensasiya artırıldı:

 

Nazirlər Kabineti “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edib.

 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 manat (əvvəl 60 manat idi) məbləğində kompensasiya verilir.

 


Bakı Dövlət Universitetinin yeni yataqxanasının açılışı olub  

 

Yanvarın 29-da Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılışı olub. Təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 5 min 100 m2 olan beş mərtəbəli yataqxana 220 tələbə üçün nəzərdə tutulub. Müasir standartlara cavab verən yataqxanada 104 standart yataq otağı ilə yanaşı, 2 qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdırılmış sahə var.

Qabiliyyət imtahanları keçiriləcək? 

 

“Ötən ildən fərqli olaraq bu il qabiliyyət imtahanlarının  keçirilməsi  nəzərdə tutulub”.

 

Bu barədə Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə məlumat verib:

 

“İmtahanların məzmunu barəsində dəyişiklik xüsusi jurnalda  nəşr olunacaq.

 

Əgər epidemioloji vəziyyət dəyişərsə qabiliyyət imtahanları olmayacaq. Qəbul imtahanları ötən ilki kimi keçiriləcək.  Bu bizim “B” planımızdır, “A” planımız isə qabiliyyət imtahanların keçirilməsidir”.

 

İmtahanda iştirak edəcək şəxslərdən vaksin tələb olunmayacaq:

 


“İmtahana gələn hər bir şəxsin hərarəti ölçüləcək”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə DİM-in onlayn mətbuat konfransı zamanı səsləndirib.

 

O, imtahanda iştira edəcək şəxslərdən vaksin tələb olunamayacağını qeyd edib:

 

“Ötən il olduğu kimi bu il də imtahan iştirakçıları və abituriyentlərdən  sağlamlıq haqqında bəyəmnamə tələb olunacaq. Burada həmin şəxs hazırda COVİD-19-a yoluxub-yoluxmadığı haqqında məlumat verəcək”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları