Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 11:40:00
Bütün müəllimlərin bilməli olduğu işə qəbul qaydaları

Xəbər verdiyimiz kimi bu gündən Təhsil Nazirliyinə tabe olan ümumitəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb. Proses iyulun 8-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

AzEdu.az müəllimlərin işə qəbulu ilə bağlı ümumi qaydaları diqqətə çatdırır:

Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.

Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi (diplom) alan, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan və ekvivalentliyi müəyyən edilən Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilərlər.

Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər və məktəbə hazırlıq qrupları üçün ayrılan saatlara işə qəbuluna icazə verilmir.

Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 238 nömrəli əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəblərində dərnəklərin təşkili qaydası”na əsasən dərnək rəhbəri yerli təhsili idarəetmə orqanı ilə razılaşdırmaqla məktəb direktorunun əmri ilə təyin və azad edilir.

Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən müddətli müqavilə ilə işə qəbul edilən müəllimlər mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar.

Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, praktik psiхоlоqlar, məktəb uşaq birliyi təşkilatı rəhbərləri, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qeyd olunan kateqoriyadan olan işçilərin çalışdıqları və yaxud digər ümumi təhsil müəssisəsinə müəllim vəzifəsinə işə qəbul edilməsi yalnız müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilən direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfındən həyata keçirilir.

Ümumi təhsil müəssisələrində işə yeni direktor müavinlərinin (təsərrüfat işləri üzrə direktor müavinləri istisna olmaqla) qəbulu ümumi təhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi, yaxud Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir, namizədin elektron ərizədə qeyd etdiyi məlumatlar yoxlanılır. Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.

Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanlarının

nəticələrinə görə keçid balını toplayan namizədlər vakant yerləri seçirlər. Namizədlər səkkiz yer seçə bilərlər. Onların vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq sayda eyni bal toplayan namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.

İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 (iki) tədris ili müddətində qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Müvafiq keçid balını toplayan namizədlər öz istəyi əsasında növbəti müsabiqənin birbaşa üçüncü mərhələsində iştirak edə bilərlər. Yerləşdirilmə zamanı namizədin ən son iştirak etdiyi test imtahanının nəticəsi əsas götürülür. Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak edən şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir. Müsahibəyə çağrılan namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. Müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan və yeni yaranan vakant yerlər üçün əlavə yerləşdirmə keçirilə bilər. Əlavə yerləşdirmədə yalnız keçid balı toplayaraq işə qəbul oluna bilməyən namizədlər, səkkiz vakant yer seçərək iştirak edə bilərlər. Vakant yerlərin seçimi üçün nəzərdə tutulan vaxt başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə aparılır.

Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra tərkibi Nazirlik tərəfindən formalaşdırılan Apellyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılır.

Müsabiqənin yekun nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdirilir, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndərilir. Nazirliyin göndərişi əsasında təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsahibə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müəllimlərin iş yerinin dəyişdirilməsi, müəllimlərin işə qəbulu üzrə müsabiqə və tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər elektron ərizədə doldurulam məlumatların, təqdim edilən sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Hər hansı mərhələdə təqdim edilən məlumatların yanlış və ya saxta olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları