Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 15:20:00
MİQ-lə bağlı verilən ən son qərarlar-TƏHLİL

Ötən il müəllimlərin işə qəbul müsabiqəsində əsaslı dəyişiklər oldu.

Belə ki, məntiq imtahan suallarından çıxarıldı, namizədlərin nəticələri yalnız bir il üçün qüvvədə qaldı, pandemiya dövründə sıxlığın qarşısını almaq üçün ilk dəfə imtahanlar bölgələrdə keçirildi, müsahibələr isə onlayn təşkil olundu və s.

 

Bütün bu qərarların hansı indiyə qədər yaranmış problem kökündən həll etdi? Hansı qərar gələcəkdə də tətbiq oluna bilər?

Müsahibimiz  Aytən Əfəndi MİQ-lə bağlı dəyişikləri belə əsaslanıdırıb:

 

“Əslində, imtahanların rayonlarda keçirilməsi pandemiyasız şəraitdə də baş tutsa daha gözəl olar.Bütün rayonlardan olan müəllimlər imtahan günü mütləq Bakıya çatmalıdır.Nəzərə alaq ki, hər kəsin  Bakı şəhərində yaşayan qohum-əqrəbası yoxdur ki, bir günlük burada  gecələyə bilsin və səhər imtahana daxil olsun. Bəzən bu, müəllimlər  üçün böyük problem yaradır.

Məntiq suallarının çıxarılması elə də böyük əhəmiyyət kəsb etmir.O zaman əhəmiyyətli olardı ki,orta məktəblərdə məntiq dərsləri keçirilərdi və bütün müəllimlər üçün məntiqi bilmək  vacib amil olardı. Yalnız belə olduqda müəllim məntiqi bilməlidir ki, şagird də ondan bəhrələnsin.

 

 

MİQ-in nəticələri əslində 1 illik qüvvədə qalmalıdır. Belə düşünək, hər il fərqli suallar düşür və əvvəlki ildə yüksək bal yığıb işləyən müəllim həmin balı saxlayaraq yeni ildə başqa müəllimin yerini tutur. Bu ədalətli deyil.  Bəli,  çox müəllimə sərf edə bilər. Məncə,  ədalətli qərar isə  il dəyişdikcə balların da qüvvədən düşməyidir. İşlədiyi məktəbi dəyişmək istəyən müəllim imtahanda yenidən iştirak etməlidir.Bir sözlə, könlü balıq istəyənin  ayağı suda gərək .

 

 

Müəllimlik elə peşədir ki ,bütün yeniliklərdən gərək xəbərdar olasan.Müəllim həmişə öyrənməli və öyrətməlidir.İmtahan verməkdən çəkinməməlidir.Ancaq pandemiya ilə əlaqədar işləyən müəllimlər imtahan verə bilmədi. Fikrimcə,  bu,  doğru qərar deyildi. Sıxlıqla əlaqədar bölgələrdə imtahanlar onsuz da keçirildi,imtahanın təşkil olunması üçün yetərli sayda məktəb də var.

 

Mən düşünürəm ki,imtahan təchizatı və imtahanı keçirən komanda üzvlərinin say hesabını yaxşılaşdırmaq şərti ilə imtahan vermək istəyən bütün müəllimləri prosessə cəlb etmək olardı.

 

Müsahibə mərhələsinin online keçirilməsini  isə normal hesab edirəm.İndiki dövrdə müəllim olmaq istəyən bütün şəxslər istənilən mühitdə öz bilik və bacarıqlarını nümayiş etdirməlidir.Mənim şəxsən cavan kadrlara bu cəhətdən inamım böyükdür.Məncə, müsahibənin onlayn  keçirilməsi şəffaflığa  xələl gətirmir”.

 

Mövzu ilə bağlı Azedu.az-a danışan kurikulum-təlimçisi Mahir Əhədov  bəzi qərarların hələ də qaranlıq məqamları qaldığını bildirib:

 

“Ötən il yanvar ayında məntiq imtahan suallarından çıxarılıdı, test tapşırıqları 20 metodika, 40 ixtisas olmaqla müəyyənləşdirildi. Fevral ayında isə Nazirlik bütün ixtisaslar, həmçinin metodika üzrə konkret çərçivə sənəd təqdim etdi, mövzuların və bölmələrin adı qeyd olundu. 

 

Keçən il əvvəlki illərdə imtahan vermiş müəllimlərin nəticələri qüvvədə qalmadı.  2019-cu ildə MİQ-də iştirak edib müəyyən bal toplamış şəxslər həmin nəticələrindən istifadə edə bilmədilər. Nazirlik bunu belə əsaslandırdı ki, 2019-cu ilin proqramında məntiq də var idi.  Həmin illərin proqramı bir-birindən fərqli olduğu üçün nəticələr də qüvvədə qala bilməzdi.

 

Lakin maraqlıdır ki,  2020-ci il proqramı ilə yəni 40 ixtisas, 20 metodikadan imtahan verən müəllimlər həmin baldan bu il istifadə edə biləcəklərmi? Bu məsələ bir az qaranlıq qalıb.

 Ötən il işə qəbulun regionlarda keçirilməsi uğurlu idi. Təhsil naziri brifinqdə də qeyd etdi ki, bu təcrübə gələcək illərdə də tətbiq ediləcək”.

 

İngilis dili müəllimi Babək Rza pandemiya dövründə Nazirliyin və İnsan Resursları şöbəsinin MİQ-lə bağlı uğurlu qərarlar verdiyini bildirib.

 

“ İmtahanın bölgələrdə keçirilməsi uğurlu addım idi. Müəllimlər hamılıqla paytaxta yollanmadılar. İmtahan yaşayış yerlərində və ya ən yaxın rayonlarda təşkil olundu.  Bu da məüllimlər üçün həm fiziki, həm də psixoloji rahatlıq deməkdir.  Düşünürəm ki, bu, onların  nəticələrinə də müsbət təsir etdi. Gələcəkdə də bölgələrdə imtahan təşkil olunmasının tərəfdarıyam.   Giriş və çıxışda sıxlıq olmur.

 

Lakin  gələcək də müsahibə mərhələsinin onlayn keçirilməsini məqsədəuyğun saymıram.  Müəllimin görünüşü, geyimi çox vacibdir.  Pandemiyaya görə bu il müsahibə mərhələsi çox gec keçirildi.  Bu da yaxşı hal deyil. Çünki artıq müəllim məktəbdə işləyir, şagirdlərə təqdim olunur, müsahibə isə sadəcə bu adı rəsmilləşdirmək məqsədilə keçirilir.  Bundan başqa müəllimlərin əksəriyyəti gənc və pedaqoji stajı  olmadığına görə maaşları az, ehtiyacları çox olur.  Qayda belədir ki, müsahibədən uğur qazanılmasa, əlavə H1, H2 həvəsləndirmə tədbirləri tətbiq olunmur  və müəllim müqavilə əsasında maaş alır.  Bu da ucqar yerlərdəki məktəblərə qəbul olan müəllimlərə çətinlik yaratdı.  Ötən illərdə tətbiq olunan ikiqat maaş da bu il verilmədi.

 

Bütün bunlar pandemiya səbəbindən yaranan problemlərdir. Ümumilikdə Nazirliyin imtahanı təşkilatçılığı ilə bağlı verdiyi qərarları uğurlu hesab edirəm”.

 

Azərbaycan dili və ədəbiyyat müəllimi Orxan Əhmədov qeyd edir ki, müəllimlərin işə qəbulunda ən önəmli qərarlardan biri məntiqin  çıxarılmasıdır:

 

“40 ixtisas və 20 kurikulum olmaqla  60 sual namizədlərə təqdimi oldu. Yəni məntiqin çıxarılması yaxşı haldır. Bundan əlavə imtahanların bölgələrdə təşkili də təqdirəlayiqdir. Əvvəlki dönəmlərdə imtahanlar yalnız Bakı şəhərində olurdusa, indi hər bir namizəd öz yaşadığı əraziyə yaxın bölgələrdə imtahan verir.

 

Təbii ki müsbət hallarla yanaşı mənfi halları da vurğulamaq lazımdır. İmtahanda  60 sual təqdim olunur, amma vaxt azlığı bu sualların  oxunması və həll edilməsi üçün yetərli deyil. Humanitar fənlər üçün bir o qədər də sıxıntı olmasa da, texniki fənlər üçün müəyyən problemlər yaradır.

 

Onlayn müsahibələrin pandemiya dövründən sonra olması da arzulanandır.

 

Yerdəyişmə müsabiqəsində müəyyən dəyişiklik olsa, daha yaxşı olar. Belə ki, 100 nəfər yerdəyişmə etmək üçün müraciət edirsə, həmin namizədlərdən 30-40 nəfər namizəd uğur qazanır. Bu sayı çoxaltmaq  üçün vakansiyanı artırmaq məsləhətdir”.