Tez-tez təhsil ictimaiyyətində müəllimlərin də dövlət qulluqçusu olmaq istəyi gündəmə gətirilir.
Müəllimlərin əksəriyyəti bunun üstünlük olduğunu qeyd edir.
Bəs dövlət qulluğu ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər nədir?
Azedu.az xəbər verir ki, dövlət qulluqçusunun dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Həmçinin dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa, dövlət qulluğuna xitam verildikdən sonra qanunvericilik ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri yaxud qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə məhdudiyət qoyulur.
Qanuna əsasən, qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getmək, qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək, tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak, dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etmək qadağandır.
Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.
Qeyd edək ki, dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.