Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 17:46:00
"Söz dünyasının günəşi" onlayn yaradıcılıq müsabiqəsinə start verilib

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə 25 yanvar – 5 mart tarixlərini əhatə edən Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Söz dünyasının günəşi” adlı onlayn yaradıcılıq müsabiqəsinə start verilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd böyüməkdə olan gənc nəslə Nizami Gəncəvinin zəngin ədəbi irsini dərindən mənimsətmək, təhsilalanlara klassik şərq şeiri olan qəsidə, qəzəl və rübai şəkillərini sevdirmək, onların yaradıcılıq potensiallarını və bədii qiraət qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.          

 

Onlayn platformada təşkil olunan müsabiqə 2 yaş qrupu (10-15, 16-24) üzrə keçirilir. Müsabiqəyə dahi şairin şeir (qəzəl, qəsidə, rübai) və poemalarından seçilmiş kiçik həcmli parçalar təqdim olunmalıdır. Hazırlanan videogörüntülər aydın və keyfiyyətli olmalı, çıxışların müddəti 3-4  dəqiqədən çox olmamalıdır. Müsabiqəyə hər yaş qrupu üzrə 1 iştirakçı 1 şeir və ya parça ilə qatıla bilər. İfa zamanı iştirakçıların səhnə mədəniyyəti, aydın intonasiyası, düzgün tələffüzü, nitqin səlisliyi və ifadəliliyi, jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadəsi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı və məşğul olduğu müəssisənin adı, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları videogörüntüləri [email protected] elektron ünvanına və ya (+994) 55 539 55 22 WhatsApp telefon nömrəsinə göndərməlidir.

 

Müsabiqə qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

 

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19, (+994) 55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.