Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 15:12:00
Sənətkarlıq sahəsində yaradıcı təlim modulu hazırlandı

Peşə Təhsili üzrə Dövlət Agentliyinin benefisiar olduğu “British Council” təşkilatının təşəbbüsü və Plimut İncəsənət Kollecinin tərəfdaşlığı ilə icra edilən “Crafting Futures” layihəsi çərçivəsində pilot olaraq yaradıcı təlim modulunun təqdim edilməsi nəzərdə tutulur.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, fevral-mart aylarında təqdim ediləcək yeni yaradıcı təlim modulunun tədrisi üzrə sənətkarlıq sahəsinə həvəsi olan müəllim və tələbələrin seçiminə başlanılır.

 

Qeyd edək ki, Azərbaycan üçün nəzərdə tutulan yeni yaradıcı təlim modulunu Plimut İncəsənət Kolleci və “Asmart Creative Hub” hazırlayıb. Təlim incəsənət üzrə ixtisaslaşmış kollec və ya peşə təhsili müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulur. Pilot olaraq həyata keçirilən layihədən peşə təhsili müəssisələrinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin müəllimləri və sonuncu kurs tələbələri yararlana biləcəklər.

 

Pilot təşəbbüs çərçivəsində bir həftəlik onlayn intensiv təlim təşkil olunacaq. Təlimlər Azərbaycan dilində təşkil ediləcək və təlimə Azərbaycanın istənilən bölgəsindən qatılmaq imkanı təmin ediləcək. Qeydiyyat onlayn formada, fevralın 8-dək aparılacaq. Seçilmiş namizədlərin fevralın 15-dək təlimlərə dəvət olunması nəzərdə tutulur.