Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 15:00:00
UNEC tələbələri şəhid Eldar Əliyevin ailəsini ziyarət ediblər - FOTO

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəalları Vətən müharibəsində qəhrəmancasına şəhid olan UNEC-in məzunu Eldar Əliyevin məzarını və ailəsini ziyarət ediblər.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, tələbələr şəhidin ailəsinə başsağlığı verərək, onunla qürur duyduqlarının bildiriblər, Eldar kimi qəhrəman oğulların ruhu qarşısında baş əydiklərini deyiblər.

 

Eldarın atası Süleyman Əliyev tələbələrə oğlunun qısa, lakin şərəfli ömür yolundan danışıb. Eldar orta məktəbi əla qiymətlərlə bitirərək, 2011-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinə qəbul olur. İntellektul yarışlara maraq göstərən Eldar 2012-ci ildə UNEC-də fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutur. “Breyn rinq” intellektual oyununda, “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nda da uğur qazanır. Eldarın şahmat oyunlarına, eləcə də riyazıyyata böyük marağı var idi. Napoleon haqqında araşdırmağı, oxumağı çox sevdiyi üçün dostları arasında “Napo”, deyə çağırılırdı.

 

2015-ci ildə universiteti bitirib Naxçıvan MR-nın Şahbuz rayonunda N saylı hərbi hissədə xidmət edir. 2016-cı il hərbi xidmətdən qayıdan Eldar Əliyev, özəl şirkətlərin birində işə başlayır. Çalışmaqla yanaşı, özünü inkişaf etdirmək üçün xarici universitetlərin təşkil etdiyi kurslarda iştirak edir, beynəlxalq sertifikatlar qazanırdı. İngilis, rus və türk dillərini mükəmməl bilirdi.

 

2020-ci il 27 sentyabr İkinci Qarabağ müharibəsi başlayanda Eldar könüllü olaraq cəbhəyə olaraq yollanır. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir. Cəbhədə olanda mütəmadi olaraq ailəsi ilə danışır, böyük ruh yüksəkliyi ilə torpaqların azad olunduğu xəbərini verirdi. Sonuncu dəfə oktyabrın 12-də  ailəsi ilə danışıb, Füzulidə olanda isə “Anamın Vətənindəyəm” deyib çox sevinirdi.

 

Eldar oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olur. 18 oktyabrda Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunur. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

 

İş yoldaşı isə Eldarın işinə həmişə məsuliyyətlə yanaşdığından, çalışmaqla yanaşı, həm də özünüinkişaf kurslarına qatıldığından və hər zaman yeni fikirlərin, ideyaların axtarışında olduğundan danışıb.

 

Görüşdə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı THİK-in Fəxri Fərmanını şəhidin ailəsinə təqdim edib. Bildirib ki, Eldar Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi olaraq yaşayacaqdır.