Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 14:12:00
Hər bir azərbaycanlı  Lütfi Zadə ilə fəxr edir- Emin Əmrullayev

 “Lütfi Zadə Azərbaycanda elm və texnologiyaların inkişafı, gənc mühəndislərin və tədqiqatçıların formalaşması üçün müasir tədqiqat mərkəzlərinin yaradılmasını arzu edirdi”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində yazıb.

 

Nazir, görkəmli alimlə bağlı fikirlərini bildirib:

 

“Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Süni intellekt sahəsində qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi Lütfi Zadə dünyanın nüfuzlu universitetləri sayılan Masaçusets Texnologiya İnstitutu və Kolumbiya Universitetində təhsil almış, ömrünün sonuna qədər Kaliforniya Berkli Universitetinin professoru olaraq çalışmışdır. Elm və texnologiyaların inkişafına böyük töhfələr vermiş məşhur azərbaycanlı alimin elmi əsərlərinə dünya üzrə 230000-dən çox istinad edilib. Hər bir azərbaycanlı onunla fəxr edir.

 

Bəşəriyyətin gələcək inkişafının informasiya kommunikasiya texnologiyaları sahəsi ilə bağlılığına əmin olan Lütfi Zadə Azərbaycanda elm və texnologiyaların inkişafı, gənc mühəndislərin və tədqiqatçıların formalaşması üçün müasir tədqiqat mərkəzlərinin yaradılmasını arzu edirdi. O, öz müsahibələrində ölkəmizdə elm və texnologiyalarının inkişafı üçün böyük potensialın olduğunu bildirmişdi. Biz bu prosesin həqiqətən baş verməsi üçün daha kiçik yaşlardan şagirdlərimizə elmi və texnoloji yenilikləri onların asan qavradıqları praktik tapşırıqlara uyğun öyrədirik. 2017-2018-ci ildən başladığımız "Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqini uğurla davam etdiririk. Hazırda layihə 100 mindən çox şagirdi əhatə edir. 2019-2020-ci tədris ilindən başladığımız STEAM layihəsinin də geniş tətbiq olunması üçün işlər aparılır. Eyni zamanda yerli ali təhsil müəssisələri üçün yüksək elmi-tədqiqat bacarıqlarına malik milli kadrların hazırlanması məqsədilə “2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” na əsasən ikili diplom proqramları təsis olunur və dünyanın nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsi həyata keçirilir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları