Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 17:30:00
Xarici ölkələrdə yay məktəbləri - Necə seçim etməli?

AzEdu.az yay məktəbləri haqda ətraflı məlumatı təqdim edir:

Yay məktəbləri əsasən yay tətili zamanı dünya universitetləri, kolleclər və özəl məktəblər tərəfindən təklif olunur. İki həftədən oniki həftəyə qədər davam edə bilər. Yay məktəblərində iştirak edəcəyiniz kursun məzmunu da istəyə görə dəyişir. Bəzi proqramlarda seçdiyiniz bir mövzu ilə əlaqəli dərslər olur, digərləri isə İngilis dili biliklərinin inkişaf etdirilməsinə yönəldilir. Yay məktəblərinin ziyarət etdiyiniz ölkənin məşhur yerlərini görməyə, digər tələbələrlə dostlaşmağa və ən əsası isə əylənməyə imkan verən standartlardan kənar proqramı var.

Yay məktəblərində təklif olunan kurslar və proqramlar yaş qruplarına görə dəyişir. 10-16 yaş arası olan gənclər üçün təklif olunan proqramlar adətən universitet kampuslarında təşkil olunur. Proqramda iştirak edən tələbə universitet yataqxanasında qalır, dəsrlər universitetlərin tərkibində, qidalanma və sosial əyləncələr isə universitet kampusunda həyata keçirilir. Tələbələr 18 yaşını tamamlamamış olduğu üçün bütün proqram, sosial əyləncələr və gəzintilər məktəbin nəzarəti altında olur.

Bu yaş qrupunda olan tələbələr üçün təklif olunan kurslar da müxtəlif olur:
• Ümumi İngilis dili (həftəlik 15 saat dil kursu)
• Ümumi İngilis dili + idman proqramları (futbol, basketbol, üzgüçülük və s.)
• Ümumi İngilis dili + incəsənət proqramları (rəssamlıq, rejissorluq, aktyorluq və s.)

Yaşı 16 və ya daha yuxarı olan iştirakçılar üçün təklif olunan proqramlar isə daha sərbəst seçimlidir. Bu proqramlarda il boyu istənilən vaxt iştirak etmək mümkündür. Tələbə yaşayış yerini öz istəyinə görə seçir. O, otel, universitet yataqxanası və ya hansısa ailə ilə qala bilər.

Kurs növləri:

Ümumi İngilis dili (həftəlik 15 saat dil kursu)
İngilis dili (həftəlik 20+ saat dil kursu)
Akademik İngilis dili
İntensiv IELTSTOEFL İmtahan hazırlıqları
Biznes İngilis dili
Müxtəlif sahələrə aid ixtisasartırma kurslar

İştirakçılar sonda beynəlxalq səviyyəli sertifikat əldə edirlər ki, bu da proqramın üstünlüklərindən biridir. Bundan əlavə yay məktəbində iştirak etməyin bir çox sosial, mədəni və akademik faydaları var.
Yay məktəblərində iştirak ingilis dili biliklərinin inkişafına da kömək edir. Bu, gələcəkdə beynəlxalq universitetlərə qəbul olunma şansınızı daha da artırır.

Yay məktəbi xüsusi təhsil mühiti təklif edir. Burada əylənərək öyrənmək istəyən insanlarla əhatə olunursuz. Yay məktəbinin əsas sosial faydalardan biri də yeni dostlar qazanmaqdır. Kiçik tədris qrupları ilə dərs və ya sosial əyləncələr müxtəlif ölkələrdən yeni dostlar qazanmaq şansı verir. Yay məktəbləri dünyanın müxtəlif yerlərindən olan tələbələrin arasında dostluqlara səbəb olur.
Bu proqramlar adətən kiçik qruplarla təhsil təklif etdiyi üçün, hətta daha utancaq tələbələrin danışa biləcəyi və fikirlərini qrup müzakirəsi zamanı təqdim edə biləcəyi bir mühitə malikdir. Bununla dil öyrənən əksər tələbələrə İngiliscə danışma kmpleksindən azad olmaq imkanı verir.

Yay məktəbi necə tapmaq və seçim etmək olar?

Dünyanın ən yaxşı qurumları tərəfindən təqdim olunan yay məktəblərinin sayı sürətlə artır. Onların hər biri müxtəlif növ kurslar təşkil edir. Seçim edərkən sizə ən çox lazım olan və CV-nizdə yer almasını istədiyiniz kurs növünü və mədəniyyəti, təhsil mühiti ilə tanış olmaq istədiyiniz ölkəni və gəzmək, görmək istədiyiniz şəhəri seçə bilərsiniz.
Son illərdə tələbələrin ən çox maraq göstədiyi şəhərlər isə London, Oxford, Mançester, Nyu York, Los Anceles, Boston, Miami və Praqadır.
Yay məktəbləri üçün ödənişin miqdarı kursun növü, müddəti, yaşayış yeri və şəhərə əsasən dəyişir.Bu proqramlara müraciət müddəti, adətən, hər il mart və aprel ayları arasında başlayır və kurs başlayana qədər davam edir. Amma viza proseduru müəyyən vaxt tələb etdiyi üçün mütəxəssislər proqrama qatılmaq istədiyiniz tarixdən minimum 1 ay əvvəl müraciət etməyiniz məsləhət görürlər.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları