Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 09:41:00
Leznik & Co. və LANDAU layihələri: Təhsilə prinsipial cəhətdən yeni yanaşma - Emil Leznik ilə müsahibə  

Keyfiyyətli təhsil gələcəyə sərmayə deməkdir, bir növ həyata vəsiqədir. Azərbaycan məktəbliləri və onların valideynləri bunu çox gözəl anlayırlar. 

 

Uşaqlardan kimsə hər hansı bir fənn üzrə biliklərini artırmalı, kimsə ali məktəb imtahanlarına hazırlaşmalı, kimsə də məktəbi dəyişmək haqqında düşünməlidir. Tədris prosesinə yeni yanaşma tətbiq edən Leznik & Co. tədris kursları və LANDAU School uşaqlara məhz bu işlərin öhdəsindən gəlməyə kömək edir. 

 

Bakıda təklif olunan yeni təhsil imkanları barədə daha ətraflı məlumat almaq üçün Oxu.Az təcrübəli təhsil eksperti, riyaziyyat müəllimi, Leznik & Co. və LANDAU School-un həmtəsisçisi Emil Leznik ilə söhbət edib.

 

- Söhbətimizə lap əvvəldən başlamaq istərdik. Sizdə riyaziyyata, sonradan da pedaqoqikaya həvəs haradan yaranıb?

 

- Məktəb illərində məni həmişə riyaziyyat və kompüterlər maraqlandırırdı. Mən informasiya texnologiyaları ilə maraqlanır, proqramlaşdırmanı öyrənirdim. 7-8-ci siniflərdən başlayaraq, bu istiqamətdə daha böyük səylə çalışmağa başladım. 

 

11-ci sinifdə bu sahədə artıq ciddi biliklərə sahib idim. Bir gün dayım məndən xahiş etdi ki, onun müdirinin oğlu üçün kompüter seçməyə kömək edim. İlk baxışdan adi görünən bu xahiş mənim bütün sonrakı həyatımı müəyyənləşdirdi. Mən əlbəttə ki, həmin kompüteri bütün əlavə aksesuarları ilə birlikdə seçməkdə  kömək etdim. Lakin müdirin oğlu bununla kifayətlənməyib, məndən bu sahədəki bütün bildiklərimi ona öyrətməyi xahiş etdi. Mən bu işi boynumdan atmağa çalışdım, amma sonda razı oldum. Elə o vaxtdan mənim pedoqoji fəaliyyətim artıq 24 ildir ki, davam edir. 

 

23 yaşım olanda mən kompüterlərdən daha çox onların əsasında duran riyaziyyat elmi ilə maraqlanmağa başladım. Ötən illər ərzində təxminən 4500 abituriyenti yerli və xarici ali məktəblərə hazırladığımla fəxr edirəm.

 

- Bəs tədris kursları açmaq ideyası haradan yarandı?

 

- 2017-ci ildə mən gələcək biznes tərəfdaşım gənc həkim Rahul D’Mello ilə tanış oldum. Onun ambisiyası və yüksək motivasiyası diqqətimi cəlb etdi. Yeri gəlmişkən, hazırda o, Almaniyada doktorluq dərəcəsi alır. Mən həmişə demişəm ki, müəllim və həkim müqəddəs peşələrdir. Tale elə gətirib ki, bizim təhsil layihələrimiz də məhz həkim və müəllim tərəfindən yaradılıb. 

 

Leznik & Co. şirkətinin yaradılması da bizim ortaq ideyamızdır. Məqsədimiz riyaziyyat, fizika, kimya və biologiya kimi təbiət elmlərini ingilis dilində tədris etməkdir. Başlıca hədəfimiz abituriyentləri ən çox tələb olunan ixtisaslar üzrə yerli və ali məktəblərə hazırlamaqdır. Məhz elə buna görə şagirdlərimiz daha çox riyaziyyat və ingilis dili üzrə hazırlaşırlar.  

 

- Tədris kursları açdıqdan bir qədər sonra siz daha irəli gedib, şəxsi məktəb yaratmaq qərarına gəldiniz...

 

- Bəli, lakin bu elə də xoş olmayan bir əhvalat nəticəsində baş verdi. Hər şey Bakının məşhur biznes-mərkəzlərindən birində Leznik & Co. ofisinin açılışından 40 gün sonra baş vermiş yanğın hadisəsi ilə əlaqədar idi. Adi günlərin birində səhər saat 11.00 radələrində ofisimizi tüstü bürüdü. Şükür Allaha ki, kabinetlərdə olan 50-60 nəfərdən heç kim xəsarət almadı. Lakin bir saat ərzində biz hər şeyi itirdik. Böyük həvəs və ümidlə yaratdığımız bir layihə puç oldu. Bu, bizim üçün böyük zərbə idi. Lakin həyat göstədi ki, qara zolaq əslində uçuş zolağı da ola bilər. 

 

Həmin anda bizim şirkətimiz, müəllimlərimiz və şagirdlərimiz var idi, lakin ofisimiz, mebel və texnikamız yox idi. Hamısı yanmışdı. Biz Rahulla ruhdan düşmədik və nə etməli olduğumuz barədə düşünməyə başladıq. Artıq ertəsi gün biz yeni ofisimizdə idik və hazırda bu ofis LANDAU School-un korpuslarından biridir. Belə qərara gəldik ki, təkcə riyaziyyat yox, xarici dillər, humanitar fənlərin tədrisi ilə də məşğul olaq. Beləcə, hazırlıq kursumuz tam bir məktəb layihəsinə çevrildi. Hazırda LANDAU School azərbaycanın ən nüfuzlu özəl orta məktəblərindən biridir. 

 

- İstərdik ki, LANDAU School haqqında hərtərəfli məlumat verəsiniz.

 

- Çalışaram ətraflı danışım. LANDAU Education Group layihəsi bir neçə bölmədən ibarətdir. Bölmələrdən birini Leznik & Co. tədris kursları təşkil edir. Həmçinin rus, ingilis və Azərbaycan dilli tədris bölmələrinin fəaliyyət göstərdiyi LANDAU School da bu layihənin tərkib hissəsidir. LANDAU School British Curriculum və LANDAU School National Curriculum belə yaranıb. 

 

Bizim əsas prinsipimiz şagirdlərimizin əlavə olaraq repetitorlarla tədris prosesindən azad etməkdir. Hər halda biz bunun üçün hər şeyi edirik. Buna baxmayaraq, elə valideynlər var ki, onlar övladlarının məktəblə paralel repetitor yanına getmələrini də istəyirlər. 

 

Qeyd edək ki, məktəbimizdə gənc müəllimlərin peşə hazırlığının artırılması üçün LANDAU Academy adlı kurslarımız da var.

 

- Yeri gəlmişkən, pedaqoq heyəti barədə. Bakının digər özəl ingilisdilli məktəblərilə müqayisədə sizin məktəbinizdə əcnəbi müəllimlərin sayı elə də çox deyil.

 

- Mənim bu məsələ ilə bağlı prinsipial mövqeyim var. Mən çox vətənpərvər adamam və müasir Azərbaycan gənclərinə inanıram. Biz iddialı və gənc yerli müəllimləri toplayıb LANDAU Academy-də onların peşə hazırlığını yüksəldərək lazımi səviyyəyə çatdırmaq, keyfiyyətli kadrlar hazırlamaq yolunu seçmişik. Sonrada həmin kadrlar bizim məktəbdə dərs deyirlər. Təcrübəli əcnəbi və yerli müəllimlərimiz də var, amma daha çox diqqəti LANDAU Academy-də tədris alan gənclərə veririk. Qeyd edim ki, akademiya layihəmiz tamamilə sosial xarakter daşıyır. Belə ki, burada tədris pulsuzdur. Akademiyada təhsil almaq üçün yalnız şirkətimizin HR departamentinin rəhbəri ilə müsahibədən uğurla keçmək kifayətdir. Əgər namizəd uyğun hesab edilərsə, o kurslara yazılır və bir il ərzində öz peşə vərdişlərini daha təcrübəli müəllimlərlə birlikdə təkmilləşdirir. Kurslar başa çatdıqdan sonra bütün iştirakçılar imtahan verir və ən yaxşılarına məktəbimizdə iş təklif olunur.

 

Kadrların hazırlanması üzrə ciddi təcrübəmiz var. Hələ LANDAU Academy-nin təsis olunmasından əvvəl mən təqribən 30 riyaziyyatçı hazırlamışam. Hazırda onlar bizim strukturlarımızda çalışırlar. 

 

- LANDAU School-da neçə tələbə var?

 

- Düzünü desəm, biz məktəbi açanda onu, elə hazırda olduğu kimi, iri miqyaslı bir layihə şəklində təsəvvür etmirdik. Bizim birinci korpusumuz Zabitlər Parkında yerləşirdi. Ora 123 şagird qəbul etmişdik. Elə o zaman valideynlər tərəfindən böyük maraq hiss etdik. İlk ilimizdə onların gözləntilərini doğruldaraq, növbəti il üçün çox sayda qəbul sorğusu aldıq. 2019/2020 təhsil ilində şağirdlərimiz sayı 700-ə çatdı. Fəaliyyətimizin üçüncü ilində isə artıq 2000 şagirdimiz var. Onlar məktəbimizin 4 korpusunda təhsil alırlar. Hazırda beşinci korpus da inşa mərhələsindədir. 

 

Əlbəttə ki, nəinki Azərbaycnada, həm də bütövlükdə Cənubi Qafqazda ən böyük özəl orta məktəb olmağımız bizdə arxayınlıq yaratmır. Əksinə hər il işimizi daha da yaxşılaşdırmağa, tədris prosesini təkmilləşdirməyə çalışırıq. Əgər dayansaq, bu fasilə deyil, geriləmə olacaq. Odur ki, biz həmkarlarımızla birlikdə hər həftə yeniliklər hazırlayaraq tətbiq etməyə çalışırıq. Məqsədimiz isə yalnız birdir – daha yaxşı olmaq.

 

- Layihənizi bu qədər uğurla tanıtmağa necə nail olmusunuz?

 

- Məndən tez-tez soruşurlar ki, biz necə populyar olmuşuq və reklama nə qədər pul xərcləmişik. Böyük məmnuniyyətlə cavab verirəm – cəmi 10 manat. Bu məbləği köməkçimin telefonunun balansına yüklədim və ondan xahiş etdim ki, kurslarımızda təhsil alan uşaqların valideynlərinə zəng etsin. Onlara bildirsin ki, biz iki illik fəaliyyətimizin ardından kurslarla yanaşı həm də məktəb açırıq. 

 

Hər şey buradan başladı. Artıq ilk ilimizdə 123 yerə 400 namizəd var idi. Əlbəttə ki, valideynlərin mənə inamı təsadüfi deyildi. Mənim əvvəlki təcrübəm və şagirdlərimin nəticələri öz sözünü deyirdi. Söhbət 10 manatdan getmir. Sizə zəng edib nəyi istəsəniz reklam edə bilərlər. Lakin əsas məsələ sizin etibarınızı qazanmaqdır. Onlar mənə etibar etdilər, inandılar. Buna  görə də mən onlara minnətdaram və düşünürəm ki, onlardan heç biri buna görə təəssüf etmir, peşman deyillər.

 

- LANDAU School-un şagirdi olmaq üçün nə etmək lazımdır?

 

- Bizim qəbul tələblərimiz kifayət qədər yüksəkdir. Lakin uşaqların işini asanlaşdırmaq üçün PreLANDAU hazırlıq kurslarımız var. İlk qəbul ilində uşaqların xeyli hissəsi imtahanlardan keçə bilmədi. Valideynlər isə onların məhz bizim məktəbimizdə təhsil almaları üçün yardım etməyimizi istəyirdilər. Məhz bu tələblər üzərində də PreLANDAU layihəmiz yarandı. Həftədə 2-3 dəfə uşaqlar əlavə məşğələlərə gəlirlər. Məşğələlərin proqramı isə onların yaşıdlarının bilik səviyyəsini bir neçə il qabaqlayır.

 

PreLANDAU – xüsusi bir platformadır. Biz burada şagirdin təhsili, intizamı və inkişafını izləyirik. Kursun sonunda şagird imtahan verir və sadaladığım bütün parametrləri nəzərə alaraq onun LANDAU School-a qəbulu haqqında qərar veririk.

 

Bununla yanaşı bizim LANDAU PreSchool layihəmiz də var.

 

Onun PreLANDAU-dan başlıca fərqi ondan ibarətdir ki, burada şagirdlərin hazırlığı deyil, şagird olmağa hazırlaşan 4-6 yaşlı uşaqların məktəbəqədər hazırlığı həyata keçirilir. PreSchool-da oxuyan uşaqlar hər gün bura gəlirlər. Bu bizim məktəbin sanki mənfi 1 və 0 sinifləridir. Düzünü desəm, mən həmişə belə azyaşlı uşaqlarla işləməkdən yayınmışam. Amma bu layihəmiz də məhz valideynlərin tələbi əsasında ərsəyə gəlib. Belə görünür ki, tezliklə LANDAU School-un nəzrində uşaq bağçası açmalı olacayıq.

 

- Bakıda özəl məktəblər çoxdur. Sizin məktəbinizdə artıq 2000 uşaq təhsil alır. LANDAU School-un uğurunun sirri nədədir?

 

- Bizim məktəbimiz həqiqətən də seçilir. Onun artıq fəaliyyət göstərən Leznik & Co. tədris kursları əsasında açılması populyarlığımızda böyük rol oynayıb. Bizim kadr çətinliyimiz olmayıb.

 

Məktəbimizin ilk müəllimləri Leznik & Co. tədris kurslarında çalışan peşəkarlar idi. Onlar LANDAU School-un bugünlərə gəlib çatması üçün əllərindən gələni etdilər və etməyə davam edirlər. Bu gün LANDAU Azərbaycanda keyfiyyətli təhsilin brendinə çevrilib. Öz komandamı Dream Team adlandırıram. Onlar sözün əsl mənasında peşəkardırlar. Bizim hər birimiz üçün gördüyümüz işlər çox vacib və dəyərlidir. Hər zaman deyirəm ki, biz birlikdə bütöv bir vahidik. Biz birlikdə şagirlərimizin təhsili yolunda uğur qazanmağa davam edəcəyik. Məqsədimiz nə qədər əlçatmaz görünsə də, biz birlikdə bu hədəflərə çatacayıq.

 

- Leznik & Co. tədris kursları məktəblə birlikdə fəaliyyətini davam etdirir?

 

- Bəli. Bu kurslar azərbaycanlı şagirdlərin aldıqları keyfiyyətli özəl təhsil zəncirinin vacib halqasıdır. Belə ki, bu kurslar həm yerli, həm də xarici ali məktəblərə açılan qapıdır. Yeri gəlmişkən, əcnəbi ali məktəblərə qəbul olan şagirdlərimizə hər zaman vətənə qayıtmağı məsləhət görürəm. Çünki, ölkəmizin gənc və savadlı kadrlara, öz işinin peşəkarları olanlara ehtiyacı var.

 

Onu da qeyd edim ki, şirkətimizdə ali məktəblərə qəbul üçün lazımi xidmətlər göstərən konsaltinq departamenti də var. Biz təkcə öz şağirdlərimizə deyil, bütün məktəblərdən olan abituriyentlərə də yardım edirik. Ali məktəbə daxil olmaq üçün imtahandan yüksək nəticə əldə etmək kifayət etmir. Lazımi sənədləri vaxtında toplamaq və düzgün ünvanlara göndərmək vacibdir. Bu çox önəmli bir məsələ ilə Leznik & Co. şirkətinin Education Abroad departamenti məşğul olur.  Məcazi mənada desək, əgər LANDAU School və Leznik & Co. tədris kursları uşaqları ali məktəblərə hazırlayırsa, Education Abroad həmin məktəblərin qapılarını onların üzünə açır. 

 

- Gələcək planlarınızı bizimlə bölüşə bilərsiniz?

 

- Əlbəttə ki, sentyabrda LANDAU School Bayıldakı yeni korpusu istifadəyə verildi. Bizim Emin Ağalarov ilə birlikdə LANDAU Sea Breeze layihəmiz var. Layihəyə əsasən Sea Breeze kompleksində bir neçə korpusumuz fəaliyyət göstərəcək. Yaxın zamanlarda burada ilk korpusumuzun inşası yekunlaşacaq. Həmin korpusda PreSchool və ingilis bölməsinin bütün sinifləri yerləşəcək.

 

Bu layihə unikaldır. Belə ki, Sea Breeze kompleksində həm gözəl təbiət, həm də inkişaf etmiş infrastruktur və rahatlıq vəhdət təşkil edir. Əminəm ki, bu layihə şagirdlərimizin və onların valideynlərinin xoşuna gələcək.

 

Gələcək planlardan danışarkən, Leznik & Co. Şirkəti və LANDAU School öz coğrafiyasını genişləndirməsi barədə də məlumat verməliyəm.  Hazırda biz Qazaxıstanla sıx əlaqələr qurmuşuq. Bu ölkənin şagirdlərinə distant formada riyaziyyat və ingilis dilini tədris edirik. Biz sözügedən istiqamətdə öz faəliyyətimizi daha da genişləndirir və beynəlxalq miqyasda təhsil layihələri həyata keçiririk ki, dünyanın müxtəlif ölkələrindən olan şagirdlərə də keyfiyyətli təhsil imkanı yaradaq.

 

Hazırda bizim Türkiyə, BƏƏ, Böyük Britaniya, Almaniya, Niderland, Kanada və ABŞ-dan olan şagirdlərimiz var. Onlar bizim onlayn dərslərimizdə iştirak edirlər. 

 

Bu yaxınlarda, LANDAU School Birləşmiş Krallıqda özünün ilk və kövrək addımlarını atdı. Burada LANDAU Online Summer School kursları keçirildi. Britaniyalı şağirdlər bizə müraciət edərək LANDAU School kurslarına yazıldılar. Bunu təkcə LANDAU Education Group layihəsinin deyil, bütövlükdə Azərbaycanın böyük uğuru hesab edirəm.

 

Əminəm ki, tezliklə bizim ölkəni bütün dünyada məhz keyfiyyətli təhsilin olduğu bir ölkə kimi tanıyacaqlar. Düzdür, bu bir neçə həftənin və ya ayın işi deyil. Lakin bu istiqamətdə müvafiq işlərin aparılması, öz-özlüyündə artıq böyük uğur sayılmalıdır. Bu işlərin uğurlu olması vacibdir. 
Uğurlardan söz düşmüşkən, Azərbaycanın Ermənistan üzərində böyük hərbi-siyasi qələbəsi haqqında da bir neçə söz demək istərdim.

 

Mən çox şadam ki, bizim milli ordumuz müdrik Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əzəli torpaqlarımızı erməni işğalından azad etdi. 30 ilə yaxın idi ki, düşmən bizim ölkədaxili problemlərimizdən istifadə edərək, ərazimizin bir hissəsini işğal altında saxlayırdı. Ermənistanın etnik təmizləmə həyata keçirdiyi və uydurma nağıllar yaratdığı bir vaxtda, Azərbaycan güclü ordu qura bildi və regionda yeni reallıqlar formalaşdırdı. Məhz bu, eləcə də diplomatik cəbhədə əldə olunan nailiyyətlər sayəsində Ermənistan üzərində gözəl və sarsıdıcı qələbə təmin olundu.

 

Yaşasın Azərbaycan! Yaşasın xalqımız və prezidentimiz! Qarabağ Azərbaycandır!