Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-25 15:36:00
Müəllimlərdən azad olunan torpaqlarımızla bağlı maraqlı təkliflər – Nəyi brendləşdirməliyik?

 

 

44 günlük Vətən müharibəsi bizi illərdir həstərində olduğumuz tarixi torpaqlarımıza qovuşdurdu. 

 

Bəs gələcək nəsillərə haqq savaşımız, Qarabağın ölkə iqtisadiyyatında, mədəniyyətində əhəmiyyəti necə çatdırılmalıdır?

 

“Hərbçilər topoqrafiya  fənnini onu  tədris edən müəllimdən daha  yaxşı  bilməlidir”

 

Müsahibimiz coğrafiya müəllimi Tural Topçuyev təklif edir ki,  Vətən Müharibəsinin necə aparıldığı, ardıcıllığı coğrafiya dərslərinə salına bilər:

 

“Coğrafiyanın relyefdən bəhs edən topoqrafiya bölməsini fənni tədris edən müəllimlərdən daha çox hərbiçilər yaxşı bilməlidir.  Bu bölmə ərazinin dağlıq, yaxud düzənlik olmasından bəhs edir. II Qarabağ Müharibəsində  topoqrafiyanı bilməyən şəxslərin etdiyi səhvləri hər kəs daha yaxşı görə bildi.   Vətən müharibəsinin necə aparıldığı, ardıcıllığı coğrafiya dərslərinə salına bilər. Məsələn,  müharibə Hərami düzü istiqamətində başladı, ardıcıllıqla İncə düzü, Gəyan düzü, Zəngilandan sola doğru vulkanık yayla istiqamətində  hücumlar,  şimal cəbhəsində vulkanik yayla istiqamətində hücumlar və  Qarabağ dağları ətrafında döyüş və ən sonda Şuşa şəhərinin bu dağlarda yerləşməsi.

 

Fikrimcə, Vətən  müharibəsi relyef olaraq, dərsliklərdə verilməlidir ki, hər bir şagird Şuşa, Ağdam, Kəlbəcər,  Zəngilan, Qubadlı, Laçın və digər bölgələrimizin ardıcıl olaraq strateji mövqeyini və həmin mövqelərdə aparılmış müharibələri bilsin”.

 

Fənn müəlliminin fikrincə, inzibati baxımdan yox, məzh relyef olaraq bu ərazilər dərsliklərdə ətraflı şəkildə verilməlidir:

 

“Düşünürəm ki, kəndlərin ardıcılığı inzibatı baxımdan dərsliklərə salınacaq, amma mən bunla razı deyiləm.  Çünki inzibati məsələləri insan özü müəyyənləşdirir. Məsələn, Azərbaycan Konstitusiya qanunları ilə Ağdərənin rayon statusu ləğv edilib. Amma Ermənistan  kapitulyasiya aktına müharibədən, hətta Azərbaycanın müstəqillik illərindən əvvəlki ərazi bölgüsü ilə,  yəni Ağdərənin rayon statusu ilə   qol çəkdi.  Bu gün əslində biz Kəlbəcər rayonunun tam işğaldan azad olunduğunu deyirik, lakin Azərbaycanın siyasi xəritəsində Ağdərə rayonun Kəlbəcərə daxil edilmiş kəndləri hələ də boşaldılmayıb. İnzibati baxımdan ora hazırda Kəlbəcərə daxildir, ancaq müstəqillik illərimizdən əvvəl həmin kəndlər Ağdərə rayonun ərazisi hesab olunurdu deyə Rusiya həmin ərazilərin boşaldılmasında maraqlı olmadı.  Yəni demək istəyirəm ki, inzibati məsələlər dövlətin idarəçilik stratergiyasidır.  Amma relyef məsələləri Allahın yaratdığıdır. Reylef məsələlərinə daha çox diqqət edilməlidir”

 

“ Kəlbəcərdəki İstisunun istehsalını təmin edib Azərbaycan brendi kimi xarici ölkələrə ixrac etmək olar”

 

Fənn müəllimi Dilbər  Həsənovanın sözlərinə görə coğrafiya dərsliklərinə müharibənin tarixi ilə bərabər, qələbəmiz nəticəsində yiyələndiyimiz təbii sərvətlər və onlardan istifadə qaydaları dərsliklərə salınmalıdır:

 

“Müharibənin tarixi məlum məsələdir ki, tarix dərslərinə salınacaq. Coğrafiya dərslərinə isə işğaldan azad olunmuş ərazilərin coğrafi mövqeyi, təbiəti, faydalı qazantılar işgaldan azad olunan ilk məntəqələr, onların yerləşdiyi inzibati rayonlar və ya fiziki coğrafi rayonlar və onlara aid olan xüsusiyyətlər dərsliklərə salınmalıdır. Məsələn, müharibədə ilk azad olunan məntəqələr yüksəkliklər oldu, həmin yüksəkliklərin hündürlüyü, straterji mövqeyi, hansı ərazilərə nəzarət etməsi və s. əks olunmalıdır.  Həmçinin işğaldan azad olunan rayonlarımızın təbiəti, ərazisinin reylefi, turistik zona olması ilə bağlı məsələlər də verilə bilər. Çünki hazırda neft sektorundan sonra ən çox önəm daşıyan qeyri-neft sektorunun inkişafıdır.  Bu da bilavasitə coğrafiya ilə əlaqəlidir. Ərazidə hansı qeyri-neft sektorunun inkişaf etdirilməsi, məsələn, çoxlu sayda kurrort- turizim sahələrinin inkişafı, buraya yerli xə xarici turistlərin cəlb edilməsi əhəmiyyətlidir.

 

Kəlbəcərdəki  İstisuyun tərkibi   məşhur  “Karlovı Varı” suyundan daha çox minerallarla zəngindir.  İstisuyun istehsalını təmin edib, Azərbaycan brendi kimi xarici ölkələrə ixrac etmək olar.  Laçındakı Minkənd bulağının ətrafında həm turistik zona yaradıla bilər, həm də əhalinin təlabatını ödəməklə yanaşı xarici ölkələrə də ixrac etmək olar.   Laçın, Kəlbəcər rayonunda arıçılıq təsərrüfatını da inkişaf etdirmək olar.   Burda olan sönmüş vulkanlar əraziyə yerli və xarici  turistləri də cəlb edə bilər”. 

“Qarabağda atçılıq da inkişaf etdirilə bilər. Tarixən Qarabağ atları bütün dünyada tanınmışdı. Hətta ingilislərin məşhur polo oyunlarında  bu atlardan istifadə edilib.  Eyni zamanda  Şuşada mədəniyyətin inkişafı və bunun dünyada tanıdılması da coğrafiya dərsliklərinə salına bilər”-deyə fənn müəllimi D.Həsənova sözlərinə əlavə edib.

 

 

“ Azərbaycanın Uralı”  hesab edilən Qarabağın ölkə iqtisadiyyatında rolu dərsliklərə salınmalıdır”.

 

Bu fikirləri isə  coğrafiya müəllimi Ehtiram Safquliyev deyib.  O qeyd edib ki, bu ərazilərin coğrafiyamızda yeri,  ölkə iqtisadiyyatında rolu,  əhalimizin güzəranına təsiri və s. məqamlar dərsliklərə salına bilər:

 

“Kiçik Qafqaz, Qarabağ bölgəsi “Azərbaycanın Uralı” adlandırılır.  Rusiya ərazisində yerləşən Ural dağları zəngin faydalı qazıntılara, ehtiyatlara  malikdir. Məhz Kiçik Qafqaz, Qarabağ zonası zəngin   faydalı qazıntılara malik olduğuna görə bu zona Azərbaycanın Uralı adlandırılır.  Kəlbəcərdə  qızıl, civə yataqları, Zəngilan, Laçında  qızıl yataqları müharibə ilə ölkəmizə qayıtdı. Tərtər, Kəlbəcər ərazisində polimetal ehtiyatlar, bütün Qarabağ ərazisində olan gil ehtiyatlarından istifadəmiz mümkün oldu.  Bütün Kiçik Qafqaz ərazisi yeraltı sular, mineral bulaqlarla zəngindir. Su ehtiyatlarından həm əhalinin müalicəsi, həm də turistik zonanın yaradılması üçün istifadə edə bilərik.  

 

“Kəlbəcər  İsveçrəni xatırladan  rayondur”

 

 Gözəllikləri ilə tayı bərabəri olmayan Kəlbəcər rayonunu biz müharibədəki üstünlüyümüzlə qaytardıq və ora gələcəkdə həm yerli, həm xarici turistlər  üçün gəzinti yeri olacaq.

 

Qarabağ ərazisi bol məhsul götürmək üçün əlverişli torpaq örtüyünə malikdir.  Bu da bizim iqtisadiyyatımıza müsbət təsir göstərəcək.  Bu torpaqlar əkinçilik üçün, dağlıq əraziləri isə yaylaq maldarlığı üçün çox əhəmiyyətlidir.   

 

Qarabağda su anbarları, bolsulu çaylar, göllər yerləşir. Suların düşməndən azad edilməsi həm o zonanın, Aran zonasının, həm də Qafqaz ətəyi ərazilərin və əhalinin  su təminatını ödəyəcək. Biz artıq bu sulardan istifadə edə bilirik.

 

Rayonlarımızın bir çoxunda yeyinti sənayə, yüngül sənaye, elektrotexnika müəssisələri, tikinti materiallarının istehsal sahələri vardır ki, biz onları yenidən inkişaf etdirəcəyik. Bu əhalinin işlə təmin olunmasında, məşğulluqda mühüm rol oynayacaq.

Müasir coğrafiyaçılar Qarabağa səyahət etməklə buranın geomorfologiyasını dəqiq, diqqətli müasir texnologiyalarla araşdıra   bilərlər. Çünkü bu ərazilər müxtəlif relyef formaları ilə zəngindir”.

 

“Əhalinin işgaldan azad olunan torpaqlara qayıtması ölkə ərazisində əhalinin bərabər  paylanması, sıxlığın aradan qaldırılması üçün mühüm addım olacaq”

 

Ehtiram müəllim  bu torpaqların azad olunması  nəticəsində əldə etdiyimiz mühüm nailiyyətləri də diqqətə çatdırıb:

 

“ Vətən Müharibəsində Qarabağı işğaldan azad etməklə təkcə bu sərvətlərə yiyələnmədik, həmçinin ayrılmaz tərkib hissəmiz olan Naxçıvana quru yolunu da əldə etdik.  Bu quru yolla bir hissəmizi də özümüzə birləşdirə bildik.

 

Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlara  əhalinin yenidən geri qayıdışı baş verəcək.  Bu da ölkə ərazisində əhalinin paylanması, sıxlığın aradan qaldırılması üçün mühüm addım olacaq. Qarabağın işğalı ilə ölkəmiz dünya ölkələri arasında əhalinin sıx məskunlaşdığı yerlər siyahısındadır.  Abşeron, Sumqayıt, Qobustan kimi ərazilərdə kvadrat kilometrdə hətta min nəfərdən çox insan yaşayırdı.

 

Fikrimi ümumiləşdirərək demək istəyirəm ki, sadaladığımız məqamlarla Vətən Müharibəsi  coğrafiya dərsliklərinə salına bilər. O ərazilərin coğrafiyamızda yeri,  ölkə iqtisadiyyatında rolu ,  əhalimizin güzəranına təsiri və s. məqamlar  dərsliklərdə verilməlidir”.

 

“Vətən Müharibəsində ordumuzun  əzmi və gücü nəticəsində bu yerlər işğaldan azad olundu”

 

Müsahibimiz fənn müəllimi Posu Ali Mansırlı  qeyd edir ki, coğrafiya müəllimlərinin hamısı  Qarabağı, həm də Vətən Müharibəsini sevə-sevə və qürurla tədris edər:

 

“Qarabağ Azərbaycanın incisidir. Bu bölgə müxtəlif turizim və rekreasiya, qızıl yataqları, mineral sular və bu kimi digər qiymətli ehtiyatlarla zəngindir. Kəlbəcərdə İstisu, Laçında Minkənd kimi müalicəvi bulaqlar, Zod və Vejnəli qızıl yataqları, Şuşa və Hadrut kimi göz oxşayan təbiəti olan yerləri  misal göstərmək olar. Vətən Müharibəsində əsgərlərimiz sayəsində bu yerlər işğaldan azad olundu. Vətən Müharibəsi mövzusunda işğaldan azad olunmuş hər bir rayon haqqında sadaladığımız  mövzular dərsliklərə salına bilər  Bu mövzular haqqında həm Vətən Müharibəsində iştirak edən coğrafiya müəllimlərimiz, həm də bizlər sevə -sevə danışa bilərik”.